Qırğızıstanda alimlər su altında qalan şəhərin sirrini araşdırırlar
Dünən, 17:38

Rusiyalı arxeoloqlardan ibarət ekspedisiyaı Qırğızıstanda yerləşən İssık-Kul gölündə su altında qalan yaşayış məntəqəsinin tədqiqinə başlayıb. 10-13-cü əsrlərə aid obyekt sahildən bir kilometr məsafəd, təxminən beş metr dərinlikdə yerləşir. Yaşayış məntəqəsinin uzunluğu 5 kilometrə qədər, eni isə 1 kilometrə yaxındır.
Oxu.Az knows.kg-yə istinadən xəbər verir ki, ekspedisiya qrupuna müxtəlif sahələr üzrə mütəxəssislər daxildir: arxeoloqlar, dendroxronoloqlar, paleoseysmoloqlar. Layihə rəhbəri bildirib ki, tədqiqat üçün müasir metodlardan, o cümlədən dalğıcların iştirakı olmadan kəşfiyyat və çəkiliş aparmağa imkan verən sualtı dronlardan istifadə olunur.
"Sualtı dronlar batmış yaşayış məntəqəsinin vəziyyəti haqqında ətraflı məlumat almağa, sualtı obyektlərin plan və xəritələrini tərtib etməyə imkan verir. Bu, ənənəvi dalğıc əməliyyatları ilə müqayisədə daha qənaətli və təhlükəsiz üsuldur", - Rusiya Elmlər Akademiyasının Arxeologiya İnstitutunun nümayəndəsi bildirib.
Alimlər diqqətlərini əsasən, qədim yaşayış məskəninin məhv olma səbəblərini müəyyən etməyə yönəldiblər. Mütəxəssislər onun yoxa çıxmasının seysmik hadisə ilə əlaqəli olduğunu ehtimal edirlər. Paleoseysmoloqlar zəlzələlərin izlərini və onların regionun landşaftına təsirini öyrənirlər.