İstanbul terrorunun detalları — 400 kq bomba, 2 metrlik çuxur
13-12-2016, 11:06
İstanbulda baş vermiş terror aktının təfərrüatları bəlli olur.
Ölkə.Az "Habertürk"ə istinadən hadisənin necə planlaşdırıldığının və hədəfin əslində hara olduğunun detallarını açıqlayır.
Hadisəni törədən terrorçular avtomobili dekabrın 6-da satın alıblar. Avtomobili Tufan B. adlı şəxs alaraq kod adı Murad olan terrorçuya verib.
Polis təhlükəsizlik kameralarına baxış keçirərkən bu avtomobilin dəfələrlə Beşiktaşdakı polis idarəsinin qarşısından keçdiyinə və kəşfiyyat apardığına şahid olub.
Məlum olub ki, avtomobildə 2 nəfər olub - 1 qadın, 1 kişi.
Avtomobil partladılmazdan öncə polislər tərəfindən şübhəli təəssüratı bağışlayaraq saxlanılıb. Amma buna qədər terrorçulardan biri maşından düşərək qaça bilib. Onun məqsədinin polislərin daha çox toplaşdığı yerə çataraq özünü partlatmaq olduğu deyilir.
Amma kod adı Murad olan terrorçu polislər tərəfindən mühasirəyə alındığından özünü partladıb. Nəticədə təkcə burada 6 polis şəhid olub.
İlkin ehtimallara görə, qadın terrorçu avtomobilin içərisində özünü partladıb.
Hazırda hadisə ilə bağlı avtomaşının sahibi Tufan B. olmaqla 13 nəfər saxlanılıb.
İstanbul Polis İdarəsindən verilən məlumata görə, təkcə avtomobildə 400 kiloqram bomba olub. Partlayışdn sonra yerdə 2 metr dərinliyində çuxur açılıb.
Qeyd edək ki, İstanbulda "Beşiktaş" - "Bursaspor" oyunundan sonra stadionun qarşısında törədilən partlayışdan sonra 36-sı polis olmaqla 44 nəfər ölüb.
Terror aktına görə məsuliyyəti öz üzərinə PKK götürüb.
teref.az