"Reina"dakı "Santa-Klaus": "Bir yaralını içəri salıb qapını bağladıq"
8-01-2017, 19:29
Yeni il gecəsi İstanbulun məşhur "Reina" gecə klubunda baş vermiş qətliamla bağlı daha bir şahid danışıb.
Yeni il gecəsi klubda Santa-Klaus geyimindəki yeganə şəxs olduğunu deyən 33 yaşlı Səlçuk Ş. hadisəni "Habertürk"ə nəql edib.
39 nəfərin öldürüldüyü restoran-barda Santa-Klaus geyimində müştərilərə xidmət etdiyini deyən şahid bildirib ki, hər il Yeni il gecəsi bu geyimdə turistlərə içki paylayır:
"Saat 1.15 radələrində "tak-tak!" deyə silah səsləri eşidildi. Şampan, ya da fişəng partladılır sandım. Ətrafa baxdım, insanlar üstümə doğru axışırdılar. Pilləkənlə restoranın yay meydanına endim. Burada Hollandiyadan gəlmiş dostum və rəfiqələri vardı. Bir dəqiqədən artıq müddətdə silah səsləri kəsilmədi. Sonra qız dostumu tapmaq üçün yuxarı qalxdım. O və digər dostları gizlənmişdilər. Biz qaçmağa başladıq və bəzi insanlar da bizim ardımızca gəldilər. Kimsə haraya gedəcəyini bilmirdi. Mətbəx tərəfdəki otağa girib gizləndik. 15-20 nəfər idik. Əri öldürülmüş livanlı qadın ağlayırdı. Qapının önündən keçən bir yaralını da içəri salıb qapını bağladıq. Əlimizə nə keçirdisə qapının qarşısına yığırdıq. Həm də yaralının qanaxmasını dayandırmağa çalışırdıq".
Təxminən yarım saat otaqda qaldıqlarını deyən Səlçuk Ş əlavə edib: "Hamı telefonla bizə zəng edirdi. Biz də gizləndiyimiz yeri polisə izah etməyə çalışırdıq. Sonra xüsusi təyinatlılar gəlib bizi çıxardılar".
"Reina"da Santa-Klaus geyimli tək şəxsin özü olduğunu deyən 33 yaşlı ofisiant terrorçunu görmədiyini bildirib: "Əgər onu görsəydim, indi yaşamırdım. Santa-Klaus geyimində məni görsəydi, yəqin ki, bütün güllələri mənə tərəf atardı. Hadisədən sonra Santa-Klaus geyimli bir nəfərdən bəhs edildiyini, onun atəş açdığının iddia edildiyini gördüm və çox təəccübləndim. Kamera görüntülərində hər şey var. Həmin gecə polisə də ifadə verdim. İçəridə neçə terrorçunun olduğunu isə dəqiq bilmirəm"./lent