Türkiyədə son günlər müşahidə olunan qarlı-şaxtalı hava şəraiti ən çox "Türk Hava Yolları" (THY) aviaşirkətinə ziyan vurub. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. Turizm.fins.az-a “Türk Hava Yolları”nın Bakı ofisindən verilən məlumata görə hələki onlarda şirkətə dəymiş zərər barədə heç bir məlumat yoxdur. Haberlər.com saytı xəbər verir ki, THY-nin son 4 gündə İstanbul aeroportlarından 1000-dən çox uçuşu ləğv etməsi səbəbindən 15 min sərnişin hotellərə yerləşdirilib. 4 günlük zərərin dəyəri təqribən 3 milyon dollar təşkil edir. Son olaraq gecə saat 00:00-a qədər bütün reyslərin ləğv edildiyini açıqlayan THY-nin bir çox təyyarələri başqa hava limanlarına enmək məcburiyyətində qalıb. Ümumilikdə "Türk Hava Yolları"nın yanvarın 4-dən 989 aviareysi ləğv edilib. Ötən gün isə bu göstərici 1 400-ü keçib. Bu gün də 121 reysin ləğv edildiyi bildirilir.