AKP təkbaşına hökumət qurmağın yolunu tapdı - İlginc təfərrüat
23-06-2015, 16:46
Türkiyədə 7 iyunda keçirilən parlament seçkilərindən sonra partiyalardan heç biri tək başına hökumət qura bilmədiyi üçün ölkənin müqəddəratı hələ də sual altındadır.
Avropa.info xəbər verir ki, Türkiyə mətbuatında yayılan iddialara bu dəfə yeni birisi də əlavə olunub.
“Habertürk” qəzetinin irəli sürdüyü iddiaya görə AKP-nin tək başına hökuməti qura bilməsi üçün HDP-nin 40 millət vəkili etimad səsverməsində iştirak etməyəcək.
Qəzetin verdiyi məlumata görə Türkiyə parlamentindəki partiyalar üçün hökumət qurma yolunda koalisiya xaricində da ssenarilər var.
Məlumatda AKP-nin tək başına hökumət qurmasının konstitusiyaya görə də mümkün olduğu fikri müdafiə olunur.
Xəbərdə bildirilir ki, tək başına hökumət qurmaq üçün 276 millət vəkilinin səsini almaq şərti parlamentin tam tərkibi, yəni 550 millət vəkili ilə səsvermə keçirməsi zamanı olur.
Amma səsvermə günü parlament tam tərkibi ilə iclas keçirməsə bu zaman səsvermədə iştirak edən millət vəkillərinin sayı əsas götürülür. Yəni əgər səsvermədə 550 deyil 500 millət vəkili iştirak etmiş olsa o zaman parlamentdə 258 millət vəkili ilə təmsil olunan AKP tək başına hökumət qurmağa müvəffəq olacaq.
Qəzetin əsas iddiası isə səsvermə günü HDP-nin 40 millət vəkilinin səsvermədə iştirak etməməklə AKP-yə dəstək olacağıdır.
Bu fikir seçkilərdən dərhal sonra AKP Mərsin millət vəkili Muhsin Kızılkaya tərəfindən irəli sürülmüşdü.