Bərzanidən tarixi çıxış: “PKK səhv etdi”

27-07-2015, 16:11           

Biz Türkiyənin siyasətini müəyyən etmirik və PKK-ya görə də məsuliyyət daşımırıq. Axar.az xəbər verir ki, bu sözlər İraq Kürd Regional Rəhbərliyinin lideri Məsud Bərzaninin yazılı bəyanatında yer alıb. O, PKK-nın son günlərdə Türkiyədə törətdiyi terror hücumlarına münasibət bildirib: “Türkiyədə kürd probleminin həllində AKP çox önəmli işlər gördü. AKP iqtidarından əvvəl Türkiyədə kürd və Kürdistan adı qadağan idi. Uzun müzakirələrdən sonra AKP-nin və cənab Rəcəb Tayyib Ərdoğanın Türkiyədə kürdlərlə bağlı əvvəlki partiyalardan fərqli düşüncəyə sahib olduqlarını gördük. Həmçinin Abdullah Öcalanın da sülh danışıqlarında tərəflərdən biri olmasına nail olduq. Bu, böyük irəliləyiş idi. Çünki AKP-dən əvvəlki hökumətlərin Öcalanla necə davrandıqlarının şahidi olmuşduq. Sülh prosesinin ilk mərhələsi uğurla davam etdi. Lakin təəssüf ki, sonrakı mərhələlərdə bir çox maneə ortaya çıxdı. Biz bu gün yenə sülh prosesinin başlaması üçün çağırış edirik. Kürdlərin hüquqlarının və təhlükəsizliklərinin qorunması ən böyük istəyimizdir. Biz Türkiyənin siyasətini müəyyən etmirik və PKK-ya görə də məsuliyyət daşımırıq. Biz yalnız dialoq üçün kömək edə bilərik. Bu sözlərimi tarixə düşməsi üçün deyirəm; Türkiyə hökuməti sülh üçün müsbət addımlar atdı, lakin bəzi tərəflər bu imkandan istifadə edə bilmədi. Mən PKK-ya səbirli olması üçün dəfələrlə məktub göndərdim. Çünki sülh uzun bir prosesdir. PKK liderləri ilə də görüşdüm. Onlara iki polisin öldürülməsi ilə Türkiyənin yox olmayacağını dedim. Bu gün ən böyük imkan yaranıb. Sülh və dialoq ilə yola davam edin. Çünki bununla əldə edəcəyiniz qazanca silahla nail olmayacaqsınız”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.