Məğrur Komandan, qətiyyətli Lider
Bu gün, 12:48
Bu gün dünyada gedən çətin geosiyasi proseslər, həmçinin qlobal pandemiya ilə mübarizə fonunda Azərbaycan həm daxili siyasi və iqtisadi sabitliyini təmin edir, həm də tam müstəqil xarici siyasət kursuna sadiq qalaraq beynəlxalq əlaqələrini daha da gücləndirir.
Qarabağda tarixi ədalətin bərpa edilməsi ilə diplomatiya müstəvisində qazandığı parlaq qələbə isə Azərbaycanın beynəlxalq nüfuzunu, siyasi çəkisini daha da artırdı.
Prezident İlham Əliyevin rəhbərliyi altında qazanılan bu qələbəni şərtləndirən məqamlar isə təkcə güclü ordu, qabaqcıl iqtisadiyyat deyil, həm də nüfuzlu, qüdrətli və beynəlxalq arenada söz sahibi olan Azərbaycanın yaradılması idi. Uzun illərdir Azərbaycan dövlətinin İlham Əliyevin liderliyi ilə yürütdüyü uğurlu xarici siyasətin əsas istiqamətlərindən birini də məhz bu təşkil edirdi. Məhz milli maraqlara əsaslanan xarici siyasət kursu ölkəmizi strateji önəmi etiraf olunan dövlətə çevirdi.
Hazırda regionda söz sahibi Azərbaycandır. İkinci Qarabağ müharibəsindəki şanlı Zəfərdən sonra ölkədə bütün addımlar postmüharibə dövrünün reallıqlarına uyğun atılır. 2023-cü il sentyabrın 19-da bir günlük lokal antiterror tədbirlərindən sonra isə əzəli düşmən ağ bayraq qaldıraraq təslim oldu. Oktyabrın 15-də Xankəndidə, Xocalıda, Ağdərədə, Əskəranda və Xocavənddə Azərbaycanın Dövlət Bayrağını ucaldı. Əzəli düşmən üzərindəki Şanlı Qələbədə əsas nöqtə isə noyabrın 8-də Xankəndi şəhərində keçirilən hərbi parad oldu. Ölkəmiz ərazi bütövlüyünü tam bərpa etdi.
Bu gün Prezident İlham Əliyevin postmüharibə dövrünün reallıqlarına uyğun müəyyənləşdirdiyi yeni inkişaf strategiyası yüksəlişin yol xəritəsidir. Güclü dövləti müstəqil siyasətin mühüm şərti sayan İlham Əliyev xalqın ən böyük milli sərvəti olan müstəqilliyin möhkəmləndirilməsi üçün bu gün də əzmkarlıqla çalışır. Azərbaycan xalqı isə qəlbən inandığı və siyasətini bəyəndiyi liderinin rəhbərliyi altında daha böyük uğurlar qazanacağına, ən müxtəlif sahələrdə ciddi nailiyyətlərə imza atacağına ürəkdən inanır.
Çünki xalq İlham Əliyevin yürütdüyü diplomatiyanın uğurlarına şahidlik edir. Hər kəs baş verən proseslərə nəzər yetirsə, aydın şəkildə görə bilər ki, İlham Əliyev müasir siyasi və iqtisadi proseslərə dərindən bələddir, qloballaşma və inteqrasiya nəticəsində baş verə biləcək bütün dəyişiklikləri qabaqcadan görür və Azərbaycanı bunları qarşılamaq üçün hazırlaya bilir. Qətiyyətli, cəsarətli dövlət xadimi kimi beynəlxalq münasibətlərdə sürətlə baş verən dəyişikliklərdən xalqın xeyrinə məharətlə istifadə etməyi bacarır.
Son illər ərzində Azərbaycan Prezidentinin iştirak etdiyi beynəlxalq toplantıya və dost, tərəfdaş ölkələrin liderləri ilə keçirdiyi görüşlərə nəzər yetirsək, bütün bu deyilənlərin şahidinə çevrilə bilərik.
Qlobal miqyaslı təşəbbüsləri, uğurlu siyasi-diplomatik gedişləri ilə nüfuzu gündən-günə daha da yüksələn Prezident İlham Əliyev həyata keçirdiyi tam müstəqil siyasətlə Azərbaycanın siyasi çəkisini artırır və ölkəmizi daha böyük zəfərlərə doğru aparır.
Təranə Tağıyeva – BDU, Beynəlxalq munasibətlər və iqtisadiyyat fakultəsinin dosenti, Tarix üzrə fəlsəfə doktoru