“Bu addımlar çoxdan atılmalı idi” – Arzu Nağıyev
27-07-2015, 22:17
Hafta.az-ın verdiyi xəbərə görə, türk şahinləri İŞİD və PKK yuvalarını paralel olaraq bombalamağa davam edir. Türkiyənin Diyarbəkir vilayətindən qalxan F-16 qırıcıları səhərin erkən vaxtlarında iki dəfə İŞİD mövqelərini bombalayıblar. İlk olaraq iki gün öncə Bakı vaxtilə 05:12–də “qara qartal” F-12–lər havaya qalxıb. İkinci hücum isə Bakı vaxtilə 06:24–də həyata keçirilib.
Bombardmanlardan sonra Kilisdə üç güclü partlayışın baş verdiyi xəbərləri yayılıb. Türk şahinlərinin terrorçulara qarşı keçirdiyi “Şəhid Yalçın” əməliyyatı isə cəmi bir saat 12 dəqiqə çəkib. Suriya sərhəddi terrorçuların qan çanağını xatırladır. Belə ki, Suruç və ətraf ərazilərdə terrorçuların xeyli yuvalarının təxmin edildiyi deyilir. Ümumilikdə isə əməliyyatlar nəticəsində 35 terrorçunun öldürüldüyü bildirilir. Türkiyə Silahlı Qüvvələri isə bu məlumatı hələlik təsdiq etməyib.
Hadisələri şərh edən politoloq Arzu Nağıyev Hafta.az-a açıqlamasında bildirib ki, Türkiyə hökuməti bu addımları çoxdan atmalı idi:
“Türkiyə son əməliyyatlara PKK-nın keçirdiyi terror aktları ilə bağlı hava hücumlarına başlayıb. Eyni zamanda, İraq ərazisində olan İŞİD və PKK-ya məxsus bazaları da məhv edir. Bu addımlar çoxdan atılmalı idi. Çünki Suriya probleminin öz sərhədlərinə yaxınlaşmasından,qaçqın problemlərindən nəticə çıxarılması gərək idi”.
Arzu Nağıyev deyir ki, bu əməliyyatların tək Azərbaycan üçün deyil, ümumiyyətlə, regionu əhatələyən önəmi də olduqca böyükdür. Politoloq ehtiyac yaranacağı təqdirdə Azərbaycanın terrordan əziyyət çəkən bir ölkə kimi Türkiyəyə hərbi yardım etmə məsələsinə də aydınlıq gətirib:
“Bilirsiniz, diplomatiyada qardaş-bacı olmur, ümumi maraqlar olur. Bu gün Türkiyə üçün olan təhdidlər əlbəttə ki, Azərbaycana da sirayət edə bilər. Buna görə də hər bir təhdidə, terrora və təxribata qarşı ikitərəfli razılaşmalar çərçivəsində müəyyən addımlar atmaq olar. Bunula yanaşı unutmaq lazım deyil ki, Türkiyə NATO-nun üzvüdür və hər bir hərbi müdaxilə və əməliyyatlar razılşadırılmalıdır. Terrrorizmlə mübarizə sahəsində əldə olunan razılıq isə hər vaxt qüvvəsindədir. Belə dəstək üçün müraciət edilərsə,əlbəttə hərətəfli kömək ediləcəkdir”.