“Mən həbs olunandan sonra sarsıntıya, gərginliyə dözməyən arvadım vəfat etdi, bacımı iflic vurdu...”

Bu gün, 10:54           
“Mən həbs olunandan sonra sarsıntıya, gərginliyə dözməyən arvadım vəfat etdi, bacımı iflic vurdu...”
“İstintaq prosesində işgəncələrə dözməyərək Bağırov Qəmbər Bağır oğluna böhtan atmışam. Demişəm ki, Qəmbər Bağırov Mir Cəfər Bağırova böhtan atır, deyir ki, o, Azərbaycanı hədə-qorxu, həbslər və güllələnmə ilə idarə edir...”

“Hökmranlar Allahdan qorxmur... Bəs onlar adi adamlardan, görəsən, daha nə ilə fərqlənir? Bu adamları hökm sahibi eləyən nədir görəsən: ağılmı, iradəmi, təsadüfmü, qanunauyğunluqmu?.. Bəlkə bu adamlar xalqların taleyinə- gah Allahın, gah da Şeytanın əli ilə Yuxarıdan- Göydən yazılır və buna görə dünyada adil və ali hökmdarlar olur, zalım və rəzil hökmranlar da...

İndi - gözümüzün qabağında tarixin boz sifəti bir daha dəyişərkən- dünyanı zaman-zaman öz hökmünə, öz iradəsinə tabe eləyənlərin fiziki və əxlaqi varlığı necə də aydın görünür!.. Və bu, suyu süzülən, qanı axan aydınlıqda Mir Cəfər Bağırovun tutqun, boz sifəti tarixin qəbiristanlığında elə bil ölü-ölü, soyuq-soyuq bizə baxır...”

Bu sətirlər 1993-cü ildə “Yazıçı” nəşriyyatında cəmi 60 min tirajla çap edilmiş və təbii ki, ölkəmizin geniş oxucu kütləsinin çox hissəsinə çatmamış “Mir Cəfər Bağırovun məhkəməsi” adlı kitabdandır...

Kitab sovet dövründə Azərbaycanın ən qəddar rəhbəri kimi tanınmış Mir Cəfər Bağırovun məhkəməsinin çoxcildli stenoqrafik materiallarından DTX-nın(o vaxt Milli Təhlükəsizlik Nazirliyi) arxivində saxlanılan cəmi iki cildlik material əsasında hazırlanıb.

Kitabda XX əsrin 20-30-40-cı illərində baş vermiş və bütün keçmiş SSRİ xalqları kimi, Azərbaycan xalqının da bugünkü taleyindən dəhşətli izləri silinməmiş, ən kəskin dövrü 1937-ci ili əhatə etdiyindən ümumən “37-ci il” repressiyaları adlanan müdhiş olayların ölkəmizdəki baş fiqurantı, Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri (1932–1933), Azərbaycan SSR Xalq Komissarları Soveti yanında Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri (1926–1927, 1929–1930), Azərbaycan SSR Fövqəladə Komissiyasının sədri (1921–1926) və nəhayət, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi (1933–1953) vəzifələrində çalışmış Mir Cəfər Bağırovun sənədlər əsasında təsvir edilən əməllərindən, həmin əməllər əsasında ortalığa çıxan ziddiyyətli şəxsiyyətindən bəhs edir.

Beləliklə, dəyərli Moderator.az oxucularını sözügedən kitabın ən maraqlı epizodlarıyla tanış edirik:

"İstintaq materiallarından...

(Əvvəli burada:)

Şahid Nəsirov Qulam Abbas oğlu

1940-ci ildə mən əkinçilik üzrə xalq komissarının müavini işləyirdim. Sonra orduya çağırıldım və diviziya partiya komitəsinin katibi oldum. Yatalaq xəstəliyinə tutulduğumdan sağalandan sonra qospitalın komissarı təyin olundum və Bakıda qaldım…

1942-ci ilin 31 yanvarında “NKVD” orqanları tərəfindən həbs edildim və daxili həbsxanada nəzarət altına alındım. Mənim işim üzrə istintaqı xalq komissarı Yaqubovun və onun müavini Yemelyanovun rəhbərliyi ilə Əliyev, Məmmədov və Xoren Qriqoryan aparırdı.

İstintaq prosesində məni sistematik olaraq döyürdülər, özümə və başqalarına böhtan atdırmağa nail olmaq istəyirdilər. Hər üç müstəntiq məni kötəkləyirdi. Şəxsən Yaqubov özü məni 4-5 dəfə, Yemelyanov 8-10 dəfə dindirmişdi. Mən Yaqubovdan xahiş etdim ki, məni döyməsinlər, axı mən dözməyib özüm və başqaları barədə olmayan bir şey deyə bilərəm, böhtan ata bilmərəm. Ancaq onlara da elə bu lazım imiş, mən bunu sonra başa düşdüm…

Yemelyanov məndən sistematik şəkildə tələb edirdi ki, mən əkinçilik üzrə xalq komissarlğında gizli əks-inqilabi təşkilat olması, birinci müavin Yegizarovun həmin təşkilatın üzvü olması barədə ifadə verim. Yemelyanov mənə belə deyirdi: “Sizin komissarlıqda düşmən təşkilat var. Həmin təşkilat barədə danış. Sənin və Yegizarovun düşmənçilik fəaliyyətiniz artıq bizə məlumdur”.

Müstəntiq Məmmədov isə deyirdi: “Böyük Leninin qədrinə and olsun, Stalinə and olsun, sizin təşkilatınızı darmadağın edəcəyik”…

Sistematik işgəncələrə tab gətirməyərək, mən özüm, Yegizarov və başqaları haqda yalan, böhtan dolu ifadə verməyə məcbur oldum. Əslində isə, nə mən, nə Yegizarov, nə də verdiyim ifadədə adı çəkilən şəxslər heç bir əks-inqilabi fəaliyyətlə məşğul olmurdular...

Mənim cinayət işim xüsusi komissiyaya göndərildi. Oradan da yenidən araşdırılmaq üçün geri qaytarıldı. Orda mən 1943-cü ildə verdiyim ilkin ifadədən imtina etdim və onu işgəncələr nəticəsində verdiyimi söylədim. Bundan sonra məni prokuror Seliverstov dindirdi. O mənə bildirdi ki, “Sən səfehsən, nə üçün hər şeyi boynuna almırsan”.

Danışığından məlum oldu ki, məni mühakimə etmək üçün onada təzyiq göstərilib. İfadələrimdən imtina etdikdən sonra Yemelyanov mənə bildirdi: “Mən sizi qəsdən mühakimə edəcəyəm”…

İş geri qayıdandan sonra Yaqubov məni yanına çağırıb söz verdi ki, 7-9 gündən sonra azad olunacaqsan, çünki sənin məsələn prokurorluqdan Azərbaycan KP MK-ya keçirilib. Lakin bundan sonra mən tam bir il də həsbdə qaldım və mənim məsələm ikinci dəfə xüsusi yığıncağa göndərildi və həmin yığıncaq mənim azad olunmağım barədə qərar çıxardı…

Mən sonralar öyrəndim ki, mən bir il həbsdə ona görə qalmışam ki, Bağırov mənim azad olunmağıma razılıq vermirmiş. İmtina etdiyim ilkin ifadələrdən və mənimlə düşmən münasibətdə olan Şabanbəyovun ifadələrindən başqa mənim əleyhimə heç bir dəlil-sübut olmamasına baxmayaraq, mən əks-inqilabi fəaliyyətdə günahlandırıldım və indiyədək də həmin günah üstümdən götürülməyib...

Mən həbsxanada olarkən ilkin istintaq zamanı Cəmil Mirzəyevin Azərbaycan KP MK-nın birinci katibi, yəni Bağırov haqqında iyrənc böhtanlar, hədyan danışdığını bildirəndə mən Mirzəyevin mənə söylədiyi aşağıdakı faktlar nəzərdə tuturdum: Bir dəfə Mirzəyev mənə danışdı ki, Bağırov MK-nın xüsusi bölməsinin müdiri Novikova ilə yaşayır. Daha sonra bildirdi ki, Bağırov o vaxtlar Azərbaycan dövlət nəzarəti üzrə xalq komissarı olan Zəhra Əlizadə ilə intim münasibətdə imiş. Mirzəyev axırda mənə dedi ki, məni Bağırovun Zəhra Əlizadə ilə intim münasibətdə olduğunu danışdığım üçün həbs etmişlər...

Mən həbs olunandan sonra sarsıntıya, gərginliyə dözməyən arvadım vəfat etdi, bacımı iflic vurdu. Özüm işgəncələrə məruz qaldım, partiyadan xaric olundum, hələ də bərpa olunmamışam. İstintaq prosesində işgəncələrə dözməyərək Bağırov Qəmbər Bağır oğluna böhtan atmışam. Demişəm ki, Qəmbər Bağırov Mir Cəfər Bağırova böhtan atır, deyir ki, o, Azərbaycanı hədə-qorxu, həbslər və güllələnmə ilə idarə edir. Nəticədə mayor rütbəsində hərbi xidmətçi olan Qəmbər yatalaq xəstəliyindən xəstə yatan zaman həbs olundu...

Hal-hazırda Qəmbər Bağırov hansı rayondasa avto-traktor məktəbinin direktorudur...

Sual:

Mirzəyevin M.C.Bağırov barədə nə dediyini bizə ətraflı danışın...

Cavab:

Mirzəyev mənə danışmışdı ki, 1923, ya da 1924-cü ildə o, gəmi ilə Lənkərana gedərkən Bağırovun dəstəsində imiş. Novikova da həmin dəstənin tərkibində gəmidə imiş. Mirzəyev Novikovaya yaxınlıq etmək istəyib, bu da Bağırovun qəzəbinə səbəb olub, çünki Novikova onun oynaşı imiş. Bax, elə bu söhbət birinci katibə qarşı atılmış böhtan və iftira kimi qəbul edilmişdi...

(Davamı var)

Təqdim etdi:
Sultan Laçın












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.