Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir - "Kaspi"nin ŞƏRHİ

Bu gün, 11:28           
Erməni hərbi cinayətkarların sayı 15 nəfərlə bitmir - "Kaspi"nin ŞƏRHİ
Başa çatan həftə Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmış, bölücülük və mülki əhalinin amansız qətli ilə müşayiət olunmuş terror əməllərində suçlanan hərbi xuntanın üzvlərinin cinayət işi məhkəməyə göndərilidi. Toplanmış mötəbər sübutlar əsasında 15 nəfər Ermənistan silahlı qüvvələri və qanunsuz silahlı birləşmələri tərəfindən törədilən ümumilikdə 2 548 epizod üzrə cinayətdə ittiham olunur. Baş Prokurorluğun İstintaq idarəsində xalqımıza qarşı törədilən təcavüz aktı, işğal, soyqırımı, sülh və müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər, terrorçuluq və terrorçuluğun maliyyələşdirilməsi, eləcə də digər çox sayda qanunazidd əməlin törədilməsi faktları ilə bağlı cinayət işinin istintaqı aparılıb. Beləliklə, əlləri xalqımızın qanına batmış canilərin ədalət mühakiməsi qarşısına çıxıb cavab verməsinin vaxtı yetişib…

TEREF “Kaspi” qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Ədalətdən yaxa qurtarmaq mümkün deyil

Münaqişənin ilk günündən xalqımıza qarşı cinayət əməllərinə rəhbərlik etmiş bu şəxslər üzərində ədalət məhkəməsinin qurulması Azərbaycanın qazandığı daha bir zəfər – mənəvi qələbədir. Çünki onillər boyu şəhid və itkin düşmüş vətəndaşlarımızın ailələri bu anın gözləntisi ilə yaşayıblar. Qarşıdakı məhkəmə tək xalqımız üçün tarixi proses deyil, həm də ədalətin mütləq zəfər çalacağının dünyaya nümayişidir.

“Sivil” dünya terrorla “mübarizə” adı altında dünyanın dörd bir yanında terrorçu “axtarış”ına çıxıb, ancaq bir xalqa qarşı bilərəkdən sürdürülən cinayət əməllərini, minlərlə mülki insanın qətlini, dörd minədək vətəndaşımız barədə bu günün özündə də məlumatın yoxluğunu görməzdən gəlib. Başı insan haqlarını bayraq edib müstəqil yaşamaq istəyən ölkələrə və xalqlara qarşı qərəz və ikrah doğuran ayırıcı siyasətə qarışmış Qərb dünyasının yüzminlərlə azərbaycanlının illər boyu çadır şəhərciklərində dözülməz şəraitdə, əzab-əziyyətlə yaşamasını fundamental hüquqların pozulması hesab etməyə cəsarəti çatmayıb. Bu gün bu cinayətlərin önündə olmuş həmin şəxslərin çoxsaylı maddələr üzrə ittihamı və tezliklə məhkəmə qarşısına çıxmaları işğal nəticəsində doğma yurdundan didərgin düşmüş, yayın qızmar istisində, qışın dözülməz soyuğunda həmin çadır şəhərciklərində ömür sürmüş, burada vəfat etmiş, yaxud dünyaya gəlmiş hər bir azərbaycanlının mənəvi qələbəsidir.

Cinayətlərini özləri etiraf ediblər

Əslində bu şəxslərin xalqımıza qarşı törətdikləri cinayət və terror əməlləri istintaqsız və məhkəməsiz də şübhə mövzusu ola bilməz. Vətəndaşlarımızın qətli və vətənindən zorla qovulması ilə müşayiət olunmuş bu qanlı siyasət bütün dünyanın gözləri qarşısında baş verib. Bu vandallıq barədə onlarla məqalə, hesabatlar yayımlanıb, foto və videodəlillər mövcuddur. Cinayət əməllərini törədənlərə rəhbərlik etmiş hərbi cinayətkarların özləri də bütün bunları etiraf ediblər. Ermənistanın ikinci prezidenti, Azərbaycan ərazisində bölücülüklə məşğul olmuş, terror və cani qruplaşmalarına rəhbərlik etmiş Robert Koçaryanın “insan haqları axtarışı”nda olan Avropa Şurasının Parlament Assambleyasındakı çıxışında törədilənlərə görə fəxarət hissi yaşadığını bəyan etməsini Qərbdəkilər unuda bilər, ancaq biz yaxşı xatırlayırıq.

Xalqımızın qanına susamış Ermənistanın daha bir sabiq prezidenti, azərbaycanlıların soyqırımının fəal iştirakçısı olmuş, separatçılıq yolunda Koçaryanla bərabər addımlamış Serj Sarqsyan verdiyi müsahibələrindən birində Xocalıda soyqırımı törətməkdə əsas məqsədlərinin bizim gözümüzü qorxutmaq, əzmimizi qırmaq olduğunu etiraf etməkdən çəkinmir. Bu müsahibə britaniyalı araşdırmaçı Tomas de Vaalın “Qarabağ – qara bağ” kitabında dərc edilib. Azərbaycanın çörəyini yemiş və hansısa səbəbdən azərbaycanlılara qarşı cinayətkar kompleksləri olan bu şəxs cəzalandırılmayacağına o qədər əmin olub ki, nəinki belə bir müsahibə verib, hətta sonra səhvini belə qəbul etməyib, dediklərinin kitabdan çıxarılmasını istəməyib.

Dünyaca məşhur terrorçu, çoxsaylı cinayət əməllərinə rəğmən həbsdən çıxıb Qarabağa gəlmiş, xalqımıza qarşı vəhşilik və zorakı deportasiyanın simvollarından birinə çevrilmiş, Kəlbəcərin işğalına rəhbərlik etmiş beynəlxalq cani Monte Melkonyanın qardaşının xatirə kitabında çoxsaylı belə faktlara rast gəlmək olar.

Mühakimə olunacaq Arayik Arutyunyan Azərbaycan ərazisində yaradılmış qanunsuz hərbi xuntanın başına keçməmişdən əvvəl xalqımıza qarşı işğal müharibəsinin iştirakçılarından biri olub. 44 günlük müharibə günlərində Gəncə, Bərdə və digər şəhərlərimizin uzaqmənzilli raketlərlə bombalanmasına və nəticə etibarilə mülki əhalinin tələfatına əmri şəxsən özünün verdiyini rəsmən bəyan edib. Əgər cinayətlərini özləri etiraf ediblərsə, nədən narazıdırlar? Erməni diasporunu, pula satılmış senatorları, konqresmenləri, parlamentariləri, “insan hüquqları təşkilatları”nı, rüşvətə bulaşmış keçmiş vəkilləri ayağa qaldırmaqla nəyə nail olmaq istəyirlər?

Cinayətkarların sayı 15 nəfərlə bitmir

Əlbəttə, Azərbaycan xalqına və dövlətinə qarşı terror, aqressiv müharibə, genosid, əhalinin qətli, işgəncə vermə, hərbi talan, terrorçuluğun maliyyələşdirilməsi və sair maddələrlə ittiham olunan şəxslərin siyahısı ədalət mühakiməsinə çıxarılacaq bu 15 nəfərlə bitmir. Bu gün Ermənistanda daldalanan onlarla qanlı səhra komandirləri var ki, Bakıda məhkəməni gözləyənlərdən az cinayət əməli törətməyiblər. Eyni aqibəti bu və ya digər formada Koçaryanla Sarqsyan da yaşayacaq. Necə ki, illərlə gözlədiyimiz bu istintaq və keçiriləcək məhkəmənin ümidi ilə yaşamışıq, adıçəkilən şəxslərin də eyni şərəfsiz sonuca məhkum olacaqları günün uzaqda olmadığına inanmalıyıq. Erməni xalqı və hökuməti də bütün bunlardan nəticə çıxarmalı və bu şəxslərin əməllərinə qiymət verməlidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.