Türkiyəyə qarşı məkrli Afrin ittihamı - Qərb təzyiqi artırır

2-03-2018, 10:55           
Türkiyəyə qarşı məkrli Afrin ittihamı - Qərb təzyiqi artırır
Ankara isə hələlik müqavimət göstərir: “Əməliyyat davam edəcək...”
Suriyada qəbul olunmuş atəşkəs qərarının Afrin əməliyyatına aid edilməsi tələbləri güclənir. ABŞ Dövlət Departamenti, Avropa Birliyi və Fransa artıq rəsmi olaraq Türkiyədən Afrində atəşi dayandırmağı tələb edib. ABŞ Dövlət Departamentinin rəsmi sözçüsü isə bildirib ki, Türkiyənin BMT-də qəbul olunan layihəni yaxşı oxuması lazımdır. Sitat: “Suriyada qüvvəyə minən BMT TŞ-nin atəşkəs qərarı Afrinə də şamil olunmalıdır”.

Beynəlxalq Amnistiya Təşkilatı isə Türkiyə ordusu və qismən də kürd qüvvələrinin Afrin, Hələbin şimalı və Aziz bölgəsində nəzarətsiz bombardmanlar həyata keçirdiyini və bunun nəticəsində çoxlu mülki insanın öldüyünü bəyan edib. Təşkilatın yaydığı rəsmi açıqlamada bölgədə yaşayan 15 nəfərlə söhbətlər aparıldığı və buna əsasən hər iki tərəfin izləmə olmadan, koordinatsız şəkildə bölgəni top atəşinə tutduğu qeyd olunub. Eyni zamanda elektron informasiya və videogörüntüləri araşdıran ekspertlər də artilleriya bombardmanlarının dəqiq koordinasiya olmadan ərazini bombaladığı qənaətinə gəlib.

Təşkilatın Yaxın Şərq bürosunun rəhbəri Linn Maluf bildirib ki, Türkiyə ordusu və kürd qüvvələrinin atəşi altında çoxlu sayda mülki əhali ölüb, yüzlərlə insanın həyatına isə təhlükə qalır. Təşkilatın məlumatına əsasən, Afrində bu günə qədər 93 mülki insan ölüb, 51-i uşaq olmaqla, 313 nəfər yaralanıb. Oxşar şəkildə kürd qüvvələrinin də atəşləri nəticəsində mülki əhalidən ölənlərin olduğu qeyd edilir.


Qeyd edək ki, Türkiyə ordusu, eləcə də hökumət rəhbərliyi dəfələrlə bəyan edib ki, Afrin əməliyyatında mülki əhalinin zərər görməməsi üçün xüsusi diqqət göstərilir. Hətta prezident Ərdoğan bildirib ki, mülki əhalinin həyatına göstərilən həssaslıq olmasaydı, indi ordu Afrini çoxdan götürmüşdü.

Aydın məsələdir ki, istənilən müharibədə, xüsusən də bu cür mülki əhalinin də yaşadığı bölgələrdə aparılan əməliyyatlar zamanı mülki əhalidən olan ölümlərin qarşısını tam almaq mümkün deyil. Çünki döyüş əməliyyatları bilavasitə mülki əhalinin yaşadığı yerlərdə aparılır və artilleriya, bəzən döyüş mərmiləri yaşayış evlərini, bazarlarını da vurur.

Lakin görünən odur ki, son günlər Afrinlə bağlı bu tip xəbərlərin əsas məqsədi daha çox Türkiyəyə qarşı təzyiq mexanizmi formalaşdırmaq, Şərqi Qutada olduğu kimi, Afrində də mülkilərin zərər gördüyü və bu səbəbdən humanitar fəlakətin qarşısını almaq üçün orada da atəşkəsin tətbiq olunmasına çalışırlar.

Qeyd edək ki, Türkiyə XİN artıq mövqe ortaya qoyaraq BMT qərarındakı atəşkəs nöqtələrinə Afrinin aid olmadığını, Afrində terror təşkilatlarına qarşı əməliyyatların davam edəcəyini bəyan edib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Əlcəzair səfəri zamanı jurnalistlərə bildirib ki, BMT TŞ-nin Suriyada atəşkəs qərarı Afrin əməliyyatına aid deyil. Sitat: “Bizim kimsənin torpağında gözümüz yoxdur. Orada təhlükəsizliyimizi təhdid edən terror qruplarına qarşı mübarizə aparırıq”.


Türkiyə baş nazirinin müavini Bəkir Bozdağ da ABŞ Dövlət Departamenti sözçüsünün Türkiyəni nəzərdə tutaraq “Türkiyə qərarı bir daha oxumalıdır” sözünə cavab verib. Bozdağ deyib ki, qərarı amerikalıların bir daha oxumasına ehtiyac var, çünki qərar terror təşkilatlarına aid deyil: “Biz qərarı oxuduq, yaxşı oxuduq. Sayılan yerlər arasında Afrin yoxdur. İŞİD və onunla əlaqəli təşkilatlar bu atəşkəsə daxil edilmir. Bizim şərhimiz açıqdır. Əminəm ki, amerikalı sözçülər yaxşı oxumurlar. Bir daha oxumaları faydalı ola bilər. Bu qərar Türkiyənin ”Zeytun budağı" əməliyyatına təsir etməyəcək".

Bu arada Suriya hökuməti bəyan edib ki, Türkiyə ordusunun Afrini bombalaması nəticəsində 3 min illik tarixi olan “Ayn Dara” məbədi dağıdılıb. Dəməşqin açıqlamasından sonra “Frans Press” Agentliyi də bölgəyə müxbir yollayaraq məbəddən reportaj hazırlayıb. Bütün dünyaya servis edilən reportajda artilleriya atəşləri nəticəsində qədim məbədin böyük ölçüdə dağıdıldığı qeyd olunur.

Göründüyü kimi, Ankaraya hər tərəfdən təzyiqlər günü-gündən artıq. Hüquqi baxımdan Suriyada atəşkəs elan olunması ilə bağlı BMT TŞ-nin qərarı var və artıq bu qərar icra olunur. Ankara isə hələlik terror təşkilatlarının qərara aid edilmədiyini əsas gətirərək Afrin əməliyyatını dayandırmaqdan imtina edir. Lakin Ankaranın uzun müddət və ya Afrini tamamilə ələ keçirənədək əməliyyatı davam etdirməsi çətindir. Ehtimal ki, Afrini tam olmasa da, kritik sərhəd zolağını ələ keçirdikdən sonra Türkiyə ordusu beynəlxalq təzyiqləri əsas gətirərək Afrində atəşkəsə riayət etməyi düşünür. Ancaq bunun nə qədər mümkün olduğunu zaman göstərəcək. Çünki Ankaraya təzyiqlər günü-gündən artır.

Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.