Prezidentin bu qurumu ləğv etməsinin - Səbəbi

16-01-2019, 09:12           
Prezidentin bu qurumu ləğv etməsinin - Səbəbi
Ölkəmizdə politologiya elminin inkişafı, analitik mərkəzlərin yaradılması və dövlət tərəfindən dəstəklənməsi fikri vaxtaşırı olaraq ekspertlər, ziyalılar tərəfindən səslənir və bununla bağlı təkliflər irəli sürülür. Ancaq maraqlıdır ki, SAM-ın (Strateji Araşdırmalar Mərkəzi) bağlanmasını məhz bu camedən olanlar müsbət qarşıladı. Bu isə SAM-ın özünü doğrultmaması ilə bağlı təsəvvür yaradır. SAM özünü niyə doğrultmadı?

Məsələ ilə bağlı Axar.az-a danışan hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, bu gün Azərbaycanda faydalı iş əmsalı çox olmayan, amma büdcədən pul yeyən qurumlar var:

“Fəaliyyətinə xitam verilmiş SAM da Azərbaycan siyasəti və iqtisadiyyatı üçün düşünən beyin mərkəzi, görən göz olmağı bacarmadı. Halbuki onlar 5 addım irəlini görərək, dövlətçiliyimiz üçün faydalı ola biləcək işlər görməli idilər”.

Politoloq Elxan Şahinoğlunun sözlərinə görə də SAM ortaya hansısa ciddi məhsul qoymağı bacarmırdı:

“Azərbaycanda bütün yük 5-6 politoloqun üzərində idi. Bu qurum cəmiyyəti məlumatlandırmaq, analiz yazmaq, proqnoz vermək işini yerinə yetirmirdi. SAM-ın analitiklərindən birinin də efirdə, mediada ekspert kimi çıxışlarını görməmişdim. SAM-da çalışan ekspertlərin çoxu faktiki olaraq tənbəlləşmişdi. Onlara yönələn tənqidlərə isə daxili hesabatlar hazırlamalarını və dərgi çıxarmalarını əsas gətirərək haqq qazandırırdılar. Amma bir məsələ var ki, onların hazırladığı daxili hesabatları, dərgiləri cəmiyyət görmürsə, oxumursa, bunun heç bir əhəmiyyəti yoxdur”.

Politoloq vurğulayıb ki, SAM-la bağlı kifayət qədər tənqidlər var idi:

“Açıq deyirəm ki, tənqidlərin çoxunda cəmiyyətimiz haqlıdır. Başqa ölkələrdə olan mərkəzlərin təcrübələrinə nəzər yetirsək görərik ki, SAM konkret iş ortaya qoymurdu. Düşünürəm ki, Prezident SAM-ı ləğv etməklə çox doğru qərar verdi”.

Jurnalistlər isə SAM-ın fəaliyyətində çatışmayan cəhətlərdən birinin media ilə əlaqələrin düzgün qurulmaması olduğunu bildirib. “Yeni Müsavat” qəzetinin siyasət yazarı, parlament müxbiri Elşad Paşasoy SAM ilə bağlı verilmiş qərarın təqdirəlayiq olduğunu deyib:

“Bu qurumun fəaliyyəti məyusluq yaratdı. Mən bir neçə dəfə qurumun rəhbərliyindən telefon vasitəsi ilə açıqlama və müsahibələr götürmüşəm. Bu qurumla kimlərin əməkdaşlıq etməsi, təcrübəli siyasətçilərin, diplomatların quruma dəvət olunub-olunmaması ilə bağlı konkret suallarıma məyusedici cavablar almışam. Diplomatiya təcrübəsi olan şəxslərin sözügedən quruma dəvət olunması, əməkdaşlığı daha arzuolunan idi”.

E.Paşasoy vurğulayıb ki, Prezidentin onlara etimad göstərməsinin məntiqi nəticəsi olaraq SAM ekspertləri ortaya daha ciddi işlər qoya bilərdilər:

“Təbii ki, ölkə başçısı ona çatan informasiyaları dəyərləndirib belə bir qərar verdi. Hesab edirəm ki, SAM yeni bir formada, daha dinamik şəkildə, fərqli bir adla, qeyri-hökumət təşkilatı olaraq fəaliyyətini davam etdirməlidir. Bununla bağlı müəyyən addımlar atılacaq, amma ötən illərin yanlışlarından da nəticə çıxarmaq lazımdır”.

Publika.az saytının siyasət müxbiri Asif Nərimanlının sözlərinə görə, SAM-ın indiyə qədər öz profilinə uyğun fəaliyyət göstərdiyi nəzərə çarpmırdı:

“Halbuki SAM ölkədə, regionda və dünyada baş verən siyasi proseslərin təhlilini aparan, adekvat proqnozlar hazırlayan və dövlətin strateji siyasətini müəyyənləşdirən qurum olmalıdır. Qonşu ölkələrin, xüsusilə Türkiyə və Rusiyanın təcrübəsi bu profilli qurumların dövlətin xarici siyasətində oynadığı rolun miqyasını anlamağa imkan verir. Azərbaycanda isə SAM-ın daha çox adı görünürdü, nəinki fəaliyyəti. İndiyə qədər bu qurumun fəaliyyəti xarici ölkələrdə tədbirlər keçirmək, jurnal buraxmaq və s. olub. Yəni QHT-lərin gördüyü işdən başqa heç nə etmirdi”.

A.Nərimanlı Türkiyə və Rusiyada medianın əsas müraciət etdiyi ekspertlərin strateji araşdırma mərkəzlərinin əməkdaşları olduğunu bildirib:

“Azərbaycanda isə nə SAM, nə də qurumun ekspertləri gözə dəyirdi. İndiyə qədər siyasi mövzularda yazan jurnalist kimi bu qurumun hər hansı ekspertindən açıqlama almamışam, mediada həmkarlarımız da çox nadir hallarda SAM-ın ekspertlərinə müraciət edib. Halbuki SAM media ilə daha aktiv işləməli, siyasi mövzularda yazan jurnalistlər üçün əsas mənbə olmalı idi. Biz qurumun fəaliyyətində heç vaxt bunu müşahidə etmədik, təsadüfü deyil ki, mediada SAM-ın fəaliyyəti vaxtaşırı tənqid olunurdu. Nəticədə dövlət başçısı profilinə uyğun fəaliyyət göstərməyən, heç bir effekt verməyən SAM-ın ləğvi haqqında qərar verdi. Bu doğru qərardır, çünki dünyada və regionda mövcud olan siyasi şərtlər daha çevik, effektiv fəaliyyəti zəruri edir”.

Modern.az saytının müxbiri Namidə Bingöl bildirib ki, SAM Azərbaycanın “beyin mərkəzi” kimi tanınırdı:

“Təəssüf ki, ötən illər ərzində “beyin mərkəzi”nin fəaliyyət mexanizmi işlək olmadı. SAM dövlətdən maliyyələşirdi, missiyası ölkədə, eləcə də dünyada baş verən olayları dərhal analiz edən politoloq ordusunu cəmiyyətə təqdim etmək olsa da, bu illər ərzində biz bu ordunu görmədik. Nədənsə Mərkəzin ekspertləri mətbuatda aktiv şəkildə çıxış etməkdən ehtiyatlanırdılar. Belə olan təqdirdə qurumun mövcudluğu heç bir əhəmiyyət kəsb etmirdi”.

Namidə Bingöl maraqlı bir məqama da diqqət çəkib: “Cənubi Qafqaz regionu münaqişə ocağıdır. SAM regionda baş verən hadisələri araşdırıb təhlil etmək öhdəliyinə sahib idi. Amma proseslərə çevik reaksiya vermək bacarığına malik deyildi. Bir neçə dəfə baş verən siyasi proseslərlə bağlı qurumun siyasi ekspertlərindən yararlanmağa cəhd etsəm də alınmayıb. Təsəvvür edin, ölkədə maksimum 5, ya da 6 politoloq var ki, mətbuat səhifələrində ancaq onların hadisələrə reaksiyası, siyasi yanaşması gözə dəyir. Halbuki SAM siyasi ekspert məsələsində daha böyük üstünlüklərə malik idi. Media olaraq o üstünlüklərdən yararlana bilmədik”.

Jurnalist Etibar Seyidağa SAM-ın demək olar ki, media ilə əlaqələrinin yox səviyyəsində olduğunu vurğulayıb: “Uzun illərdir ölkənin tanınmış media qurumunda siyasət yazarıyam. Amma qeyd etməliyəm ki, biz onlardan açıqlama almaqda çətinlik çəkirdik. Ölkənin strateji əhəmiyyətli məsələləri ilə bağlı onların təhlilləri nəzərə çarpmırdı. Açıqca görünürdü ki, deməyə sözləri yoxdur. SAM fəaliyyətsiz vəziyyətdə idi. Onların adı mövcud olsa da, fəaliyyətləri gözə çarpmırdı. Media nümayəndələri heç bilmirdi ki, bu qurumda hansı analitiklər, ekspertlər fəaliyyət göstərir. Hərdən onların ancaq Türkiyədə, yaxud başqa ölkədə tədbir keçirmələri ilə bağlı məlumat yayılırdı. Onda da Azərbaycandan bir neçə eksperti bu tədbirə dəvət edirdilər. Yəni özümüz deyib, özümüz eşidirdik”.

Azvision.az saytının siyasət müxbiri Elvin Abduldirov SAM-dan heç vaxt açıqlama ala bilmədiyini qeyd edib: “Onların ingilis dilində çıxan bir jurnalı var idi, onu bir müddət izləmişəm. Açığı, son vaxtlar diqqət cəlb edən təhlillərini görməmişəm. SAM fəaliyyətsiz qurum kimi yadımda qalıb. Daha əvvəl onlar aktiv fəaliyyət göstərməyə çalışsalar da, son dövrlərdəki fəaliyyətləri haqda bunu demək olmaz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.