Nazir pişiklərinin adını əbədiləşdirir?!

23-04-2019, 16:02           
Nazir pişiklərinin adını əbədiləşdirir?!
"Kenquru"dakı Malış və Toşa

İllərdir mətbuat yazır, təcrübəli pedaqoqlar, mütəxəssislər, peşəkarlar həyacan təbili çalır ki, ay təhsili yönəldənlər, orta ümumtəhsil məktəbi təcrübə-sınaq aparılacaq "poliqon" deyil.

Burda hər bir söz, hər bir cümlə dəqiq və səlis yazılmalı, tarixi hadisələr, dövlət və hökmdar adları təhrif edilməməli, tərtibçilərin zövqünə uyğunlaşdırılmamalıdır. Ancaq nə fayda? Bu həyacan təbili və çağırışlar nə Təhsil Nazirliyinin, nə də DIM- rəhbərliyinin tükünü belə tərpətmir. Eşidib, görmüşük ki, elm adamları bir ixtiranı, yaxud tapıntını cəmiyyətin istifadəsinə verməzdən əvvəl, bu tapıntı tibb sahəsindədirsə, əvvəlcə siçan və siçovulun, texnika sahəsindədirsə, qapalı bir məkanda təcrübədən keçirir, gözləntilər doğrulanandan sonra istifadəyə buraxırlar. Bizdə isə təhsil sisteminə rəhbərlik iddiasından əl çəkməyənlər, yuxuda nə görürsə, səhəri gün onu məktəblərdə uşaqlara sual şəkilində ünvanlayırlar. Yazıq şagird də bilmir ki, nazirin yuxuda gördüyünə cavab versin, yoxsa kitabda yazılana. Bəlkə daha bəsdir bu millətin övladlarını təcrübə stoluna çıxarmağınız! Nə olar adamın adamı, yaxud pulu olanda, ya gedin başqa sahələrə rəhbərlik edin, ya da ki, "Ulduz" filmində deyildiyi kimi, “götürün kətmənı gedin kənd təsəttüfatı işləriylə məşğul olun, pambıq becərin, taxıl əkin”. Şükür Allaha, dövlət bu sahəyə xeyli vəsait ayırır. Axı siz tərtib etdiyiniz kitabdakı, yaxud test imtahanındakı bircə hərf səhvi yüzlərlə gəncin gələcəyini, həyatını məhv edir. Məgər bunun fərqində deyilsiniz? DİM bu günlərdə IX sinf üzrə buraxılış imtahanı keçirdi. Qeyri-rəsmi məlumatlara görə şagirdlərin 65%-dən çoxu riyaziyyatdan "0" bal toplayıb. Bilirsiniz, bu nəyin nəticəsidir? Orta məktəblərdə məsələ, misal tərtibinin bərbad olmasının. Sualımın qərəzli anlaşılmaması üçün bir misal da göstərək. Elə bir misal ki; təhsil naziri onu "Kenquru" adlı hazırlıq mərkəzində keçirilən olimpiadada şagirdlərə sual kimi təqdim edib. Sual eynən kenquruyə oxşayır. Buyurun, sual 8: Malış adlı pişik özünü başdan quyruğunadək yarım saata yalayır. Toşa isə özünü 20 dəqiqəyə yalayır. Toşa Malışı 5 dəqiqəyə yalaya bilərsə, Malış Toşanı neçə dəqiqəyə yalayar? Və 5 cavab variantı... Belə bir məsələyə bilmirsən güləsən ya ağlayasan? Nə olar adamın obyektinin adı "Kenquru" olanda, mütləq şagirdlərə verilən tapşırıqlar da kenqurifason olmalıdır? Əvvala pişik nə qədər cəld və elastik heyvan olsa da, başını və kürəyini yalaya bilmir. Uzaqbaşı pişiyi quyruğundan başınadək ya özgə pişik, ya da sahibi yalaya bilər. İkincisi, bu nə əndirəbadi addır, başınıza admı qəhətdir? Elə mərkəzin adı Azərbaycana yaddır deyə, pişik adları da ona uyğun olmalıdır? Biz hələ onu demirik ki, bu cür sadə suallar VII-VIII sinflər üçün məqbul deyil. Bunu bir balaca aktiv IV sinf şagirdi də gözüyumulu həll edər.

Təhsil eksperti Kamran Əsədov da son bir il ərzində keçirilən fənlər üzrə olimpiadalarda iştirakçılara təqdim olunan test tapşırıqlarının standartlara cavab vermədiyini deyir. Ekspert qeyd edir ki, təqdim olunan test tapşırıqları ağırlıq dərəcəsindən asılı olaraq düzgün bölünmür. "Test tapşırıqları şagirdlərin yaşına və psixologiyasına uyğun olmalıdır. Həmçinin tərtib edilən tapşırıqlar əsasən aktual olmayan mövzulardan, yaxud problemli məsələlərdən bəhs edir.

Konkret olaraq bu fakt bir daha onu göstərir ki, fənlər üzrə olimpiada üçün test tapşırıqlarını hazırlayanlar, çalışmaları seçənlər bu işə ciddi yanaşmır və səhlənkarlıq edirlər. Tərtib olunan test tapşırığı belə görünür ki, xarici dillərdən tərcümə olunub, lakin ondan sonra buna baxılmayıb. Təqdim olunan test tapşırıqları əxlaq normalarına uyğun olmalıdır. Amma bu test tapşırığında bunu görmürük. Deyəsən, fənn olimpiadasını təşkil edənlər məsələnin şərtində deyilənləri gün ərzində o qədər edirlər ki, onlara bunu yazmaq da adi gəlir. Təqdim olunan test tapşırığı testologiya prinsiplərinə də ziddir. Bundan başqa, test tapşırıqlarının şərtləri reallığı əks etdirməlidir. Qoyulan şərtdə isə yalan deyir müəllif, pişik özünü o qədər çox yalamır. Digər tərəfdən isə, milli təhsil sistemində mütləqdir ki, kitablarda, çalışma və tapşırıqlarda, hekayələrdə milli adlardan istifadə edilsin. Malış, Toşa kimi adlar qəbuledilməzdir. Yaxşı ki, müəlliflər biologiya üzrə ixtisaslaşmayıblar. Yoxsa, bu Malış Toşaya, Toşa Malışa nələr edərdi, nələr və onlar da bütün bunları götürüb kitablarla daxil edərdilər".

Xəzər Universitetinin müəllimi Qoşqar Məhərrəmov da dərsliklərdəki ciddi qüsurların olmasını qeyd edir və təhsil nazirliyinin özünün də bundan xəbəri olduğunu bildirir. "Birinci növbədə dərsliklərə nəzarət heyəti yaradılmalıdır. Dərslik üçün materiallar həmin heyətin süzgəcindən keçməlidir və ondan sonra məktəblərə göndərilməlidir. Burada hansısa duyğuların, məsələn, yetimliyin, varlılığın istismarı, vulqar kəlimələrin istifadə olunması, cinsi məsələlərin eyhamvurucu kəlmələrlə səsləndirilməsi yolverilməzdir. Kitabın müəllifi buna diqqət etməlidir. Belə kitabları, yaxud jurnalları ərsəyə gətirənlər əgər bunlara diqqət etmirsə, o zaman yuxarıda qeyd etdiyim heyət həmin vəsaitlərin istifadəsinə izn verməyəcək. Bu işlərə Keyfiyyətin Təminatı şöbəsi tərəfindən ciddi nəzarət olunmalıdır (Quality assurance). Bu şöbə hər bir sahədə faydalı işlər görür, hər bir məsələni ciddi şəkildə süzgəcdən keçirir. Kitab müəllifləri də təsadüfü adamlardan seçilməməlidir".

Şahnaz Salehqızı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.