İqtidar-müxalifət dialoqunu pozmaq istəyənlərin məqsədi

19-09-2019, 08:45           
İqtidar-müxalifət dialoqunu pozmaq istəyənlərin məqsədi
“Bir qism xarici ölkələrin maraqlarını təmin edir, digərləri özlərinin gündəmdə qalmasına çalışırlar” - politoloq
Azərbaycanda illərdir bir tendensiya müşahidə olunur: Nə zaman hakimiyyətlə müxalifət arasında dialoq, yaxınlaşma, yumşalma müşahidə olunursa, dərhal hakimiyyətin və ya müxalifətin daxilindən bəzi qruplar siyasi mühiti gərginləşdirən, qarşıdurma mühiti yaradan addımları atmağa başlayırlar. Müxalifətdəkilər mitinq qərarı verir, hakimiyyət daxilindən kimlərsə açıq və ya gizli gərginlik yaradan bəyanatlar səsləndirir, praktiki addımlar atırlar.

Bəs həmin qruplara siyasi meydanda gərginlik, qarşıdurma mühitinin qalması, iqtidar-müxalifət münasibətlərinin normal məcraya yönəlməməsi, gərgin qalması nə üçün lazımdır?

Politoloq Məhəmməd Əsədullazdə “Yeni Müsavat”a bildirdi ki, Azərbaycanda müxalifətlə iqtidar arasında dialoqun qarşısını alanlar və münbit bir şəraitdə bunun qarşısını almağa cəhd edənlər əsasən iki məqsəd güdür: “Bir qism xarici ölkələrin maraqlarını təmin edir, digərləri özlərinin gündəmdə qalmasına çalışırlar. Təəssüf ki, radikal müxalifət dairələrində hakimiyyətlə bütün körpüləri yandıranlar da var. Bu, ümumi dövlətçiliyə zərbədir. Ölkəmizə qarşı xarici dairələrin əks-kampaniyaları həyata keçirilir. Belə bir məqamda müxalifətlə hakimiyyətin ortaq birliyinə ehtiyac yaranır. Hakimiyyət daxilində elə bir qruplar da var ki, onlar müxalifətlə dialoqun əleyhinədir və çalışırlar ki, ölkəmiz digər ölkələrin təsir dairəsinə düşsün. Hətta radikal düşərgədə də bu cür qüvvələr var. İqtidar müxalifətlə dialoqa getməyi planlayır. Bu istiqamətdə kluarlarda danışıqlar da gedir. Bunu bilən radikal müxalifət qüvvələri isə yenə həmişəki mövqelərini davam etdirirlər. Mitinq qərarının verilməsi məhz bu ənənəvi taktikanın davamıdır. Barışmaz mövqe tutulması bilavasitə cəmiyyətin siyasi deqredasiyasına xidmət edir”.

Politoloq vurğuladı ki, iqtidar-müxalifət dialoqu mütləqdir və ölkəyə xarici təhlükənin qarşısını almaq üçün vacibdir: “Təəssüf ki, Milli Şuranın mitinq qərarı iqtidarda təmsil olunan bəzi şəxslərin də istəyi ilə həyata keçirilir və bu, son vaxtlar yaranmaqda olan dialoq mühitinə qarşı avantüradır. Onlar cəmiyyətin bütövləşməsinə və yekdil olmasına qarşıdırlar. Çünki xarici havadarları belə istəyir. Məqsəd budur ki, Azərbaycan cəmiyyətində parçalanma və siyasi düşmənçilik davam etsin. Təəssüf ki, siyasi düşmənçilik pik nöqtədədir və burada radikal müxalifətlə-Milli Şura ilə iqtidarda bəzi şəxslər paralel işləyirlər. Bu gün Azərbaycan siyasi cameəsində problemlər bundan qaynaqlanır. Əgər belə davam edəcəksə, bu, dövlətçiliyimizi təhdid edəcək. Seçkilər yaxınlaşır. Ölkədə inqilab və xaosun olması üçün xaricdən sifariş verilən kampaniyalar daha da genişlənəcək. İqtidarla müxalifətin düşmənçiliyi davam edərsə, bu, ən azından iqtidara zərbə vura bilər. İqtidar da öz içərilərindən təmizləmələr aparmalı, müxalifət də barışmaz qruplardan təmizlənməlidir. Yoxsa davamlı dialoq baş tutmayacaq. Çox acınacaqlı durum yaranıb. Milli Şura və iqtidarda bəzi qruplar maraqlıdırlar ki, qarşıdurma yaransın. Bunu çox həvəsli şəkildə davam etdirirlər. Belə bir prosesin qarşısını almaq üçün iqtidar islahatlara getməlidir. Avropa İttifaqı ilə saziş imzalamalıdır. Hətta islahatlara və çərçivə sazişinə getməmək üçün Milli Şura və ”5-ci kolon" əlindən gələni edir. Hesab edirəm ki, müxalifətlə dialoq mütləq davamlı olmalı, islahatlar keçirilməli və cəmiyyətdə güclü milli birliyə nail olunmalıdır. Belə olmasa vəziyyət mürəkkəbləşəcək və həmin qüvvələr bundan sui-istifadə edəcəklər. Onlara qarşıdurma mühiti həm də öz siyasi mövcudluqlarını qorumaq üçün lazımdır".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.