Araşdırmaçının "plaqiat üsyanı" və ya Milli Elmlər Akademiyasının şöbə müdürü Xaliq Əhmədzadə başqasının əməyinə necə yiyələnib— FAKT

7-03-2016, 12:38           

Son illərdə bir neçə məşhur kitabı ərsəyə gətirən araşdırmaçı Adıgözəl Məmmədov saytına Elmlər Akademiyasının şöbə müdirinin onun “Siyasilərin psixoloji portretləri” və “Baş tutmamış çevriliş” kitablarımın fotosürətini çıxararaq 2009-cu ildə yeni adla “Diktatorların bilinməyən sirləri” kimi öz adına çıxardığını açıqlayıb.

A. Məmmədov “Psixoloji portretologiya və siyasi analizlər” mərkəzinin rəhbəridir. “Türk-Slavyan birliyi” hərəkatını rəhbəri olan Adıgözəl Məmmədov qeyd edir ki, Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun böyük elmi işçisi və həmin institutun şöbə müdiri Xaliq Əhmədzadə onun kitabını nöqtə-vergülünə dəymədən öz “kitab”ına köçürüb:

“Xaliq Əhmədzadə mənim müəllifi olduğum “Siyasilərin psixoloji portretləri” və “Baş tutmamış çevriliş” kitablarımın fotosürətini çıxararaq 2009-cu ildə yeni adla “Diktatorların bilinməyən sirləri” kimi öz adına çap etdirib.

Təsəvvür edin ki, “Diktatorların bilinməyən sirləri” kimi təqdim olunan kitabın 183 səhifəsi mənim kitablarımın fotosürətidir. Öz-özlüyümdə fikirləşdim ki, bu plagiatı ifşa etmək üçün Müəllif Hüquqları Agentliyinə müraciət edim".

Adıgözəl Məmmədov bildirir ki, kitablarımın Xaliq Əhmədzadənin plagiat nəşr etməsi haqqında Müəllif Hüquqları Agentliyinin rəhbəri Kamran İmanova müraciətindən sonra o dövrdə agentliyin əsərlərin qeydiyyatı və hüquqi şöbəsinin müdiri Xudayat Həsənlinin iştirakı ilə prosedur qaydalarına uyğun olaraq qarşı tərəflə görüşü təşkil olundu...

“Bu görüş zamanı mən qarşı tərəfə müəyyən aydınlaşdırıcı suallar versəm də, onlara cavab almadım. Xaliq Əhmədzadədən soruşdum ki, kitabınız “R.N.” nəşriyyatının adı ilə nəşr olunub və bu nəşriyyat harada qeydiyyatdadır? Cavab belə oldu ki, Azərbaycanda belə bir nəşriyyat yoxdur və iddia etdi ki, bu “R.N.” nəşriyyatı Türkiyədə qeydiyyatdan keçib. Söylədim ki, belə bir nəşriyyatın mövcudluğunu təsdiq edən rekvizitləri təqdim edə və nəşriyyatın hüquqi ünvanını deyə bilərsinizmi? Lakin qarşı tərəf susdu… Nə cavab versin ki, çünki belə bir nəşriyyat mövcud deyil .

İkinci sualım bu oldu ki, siz kitabı “yazarkən” hansı arxivlərdən istifadə etmisiniz ? Cavab belə oldu: “Rusiya Federal Təhlükəsizlik Agentliyinin gizli arxivlərindən və mən bunu kitabımda da göstərmişəm”.

Ona növbəti sualımı verdim ki, axı bu necə olur sizin “kitabınızda” istifadə olunan bütün arxiv materialları mənim kitabımda gedən arxiv sənədlərinin fondu, çıxarışı, işi və nömrəsi ilə eynidir və bu sənədlər keçmiş “Siyasi Partiyalar və İctimai Hərakatlar” arxivinin fondlarında saxlanılır. Yenə də bu sualım cavabsız qaldı...
Xaliq Əhmədzadəyə bildirdim ki, hər bir arxivdən hər hansı sənədin surətini götürdükdə, həmin sənədin üzərində onun hansı fonda aid olduğunu göstərən ştamp olur və sözü gedən kitabımda istifadə olunan arxiv sənədlərinin ştamplı nümunələrini ona göstərdim və ona sual verdim ki, sizində “kitabınızda” istifadə etdiyiniz arxiv sənədlərinin belə bir ştamplı nümunəsi varmı? Lakin qarşı tərəf susdu...

Nəzərinə çatdırdım ki, mənim bir çox mətbuat orqanlarında geniş müsahibələrim çıxır və necə olur ki, 2003-cü ilin sentyabır və oktyabır aylarında “Üç nöqtə” qəzetində gedən müsahibələrim sənin “kitabında” sənin fikirlərin kimi əks olunur. Yeri gəlmişkən, bu qəzetlər M.F.Axundov kitabxanasının fondlarında saxlanılır. Yenə də bu sualım cavabsız qaldı.
Onun yadına saldım ki, istənilən kitab nəşr ediləndən sonra kitabxanaların fonduna daxil olunur. Məsələn, mənim kitablarım M.F. Axundov kitabxanasının fonduna 2000-ci və 2003-cü illərdə sizin “kitabınız”, isə 2009 –cu ildə daxil olub, bunu nə ilə izah edə bilərsiniz? Təəssüf ki, bu sualm da cavabsı qaldı...

Mənə öz xatirələrini danışan və bu xatirələrini “Baş tutmamış çevriliş” kitabımda əks etdirdiyim Mürvət müəllim haqqında Xaliq Əhmədzadən soruşdum ki, siz Mürvət müəllimi tanıyırsız? Əvvəlcə cavab verdi ki, bəli, lakin bu cavabdan sonra ona yeni bir sual verdim ki, bu insanla harda görüşmüsüz və o adam harda yaşayır? Təbii ki, bu sual da cavabsız qaldı...

Ondan soruşdum ki, sizin “kitabın”rəyçiləri tanınmış insanlardır. Yəni, Xarici İşlər Naziri Elmar Məmmədyarov, Millət vəkilləri Hadı Rəcəbli, Musa Urud. Onların bu kitabdan xəbərləri varmı və əgər xəbərləri varsa siz bunu nə ilə təsdiq edə bilərsiz? Mənə cavab verdi ki, millət vəkilimiz Hadı Rəcəbli möhürlə təsdiq edilmiş rəyini verib, lakin digərləri haqqında yenə də susdu...

Xəbər aldım ki, siz mənim Müəllif Hüquqları Agentliyinə müraciətimdən sonra bu agentliyiə gələrək bildirmisiz ki, mənim “kitabım” heç də 2009 -cu ildə deyil , 2002-ci ildə nəşr edilmişdir. Amma kitaba elə ilk baxışım zamanı bu ağ yalan tezliklə də faş oldu. Necə olur ki, sizin iddia etdiyiniz kimi 2002-ci ildə (naməlum nəşriyyat tərəfindən olsa da) nəşr edilmiş “kitabınızın”son səhifəsində siz 2005–ci ildə Azərbaycan Respublikasındakı parlament seçkilərindəki iştirakınızdan və secicilərlə görüşünüzdən bəhs edirsiz? Əslində hər şey aydındır ona görə ki, siz yalnız kitabın titul vərəqin dəyişərək oraya 2002 –ci il yazmısız. Digər “dəyişiklər” etməyi unutmusuz.
Xaliq Əhmədzadənin nəzərinə çatdırdım ki, siz bu addımınızla həm saxtakarlıq edir, həm də Müəllif Hüquqları Agentliyinin fəaliyyətinə kölgə salırsız və unudursuz ki, sözü gedən kitablarımın müəlliflik şəhadatnamələrini məhz Müəllif Hüquqları Agentliyi mənə təqdim etmişdir və bu şəhadatnamələr verilərkən yetərincə bu məsələlər araşdırılmışdır və təqdim etdiyiniz “kitab” mövcud olmamışdır. Qarşı tərəf yenə susdu ...

Ona sual etdim ki, hər dəfə plagiat kitabınızın titul vərəqində fərqli illər göstərməklə nəyə nail olmaq istəyirsiz və başa düşürsünüzmü ki , bütün bu saxtakarlığı siz dövlət idarəsinə qarşı edirsiz? Deməli, belə çıxır ki, mən də Allah eləməmiş hər hansı bir müəllifin kitabının titul vərəqin dəyişim və daha əski tarix qoyum və iddia edim ki, bu kitabı mən daha əvvəl yazmışam və soruşanda olmasın ki, ay vətəndaş bunu hansı nəşriyyat edib və sənə İSBN- i kim verib və hansı ildə. Yəni heç bir nəşriyyat ünvanı olmadan bir yığın kağızı üzləyib agentliyə təqdim edim və bu kağız yığınınıda ciddiyə alsınlar. Qarşı tərəf yenə susdu ...

Bir daha sual etdim ki, mənim kitabda tibbi –neyropsixolji terminlərdən geniş istifadə olunub, siz də bunu öz “kitabınıza” olduğu kimi qoymusunuz və iddia edirsiz ki, bu fikirlər sizə məxsusdur. Onda siz insan temperamentlərinin tiplərini izah edə bilərsinizmi ? Qarşı tərəf yenə susdu ...

Ona deyəndə ki, mənim kitabımın ilk nəşri 2000 - ci ildə olub və bu kitabın bir neçə nüsxəsi həmin ildə də M.F.Axundov kitabxanasına verilib, buna nə cavab verəcəksiz sualına o bu dəfə özünü itirmiş vəziyyətdə reaksiya verərək – “ Mən yaxın günlərdə məhz bu sualınıza cavab verəcəm” deyərək otağı tərk etdi.

Bir neçə gündən sonra mənə məlumat verdilər ki, bu dəfə Xaliq Əhmədzadə plagiat “kitabının” titul vərəqin bu dəfə dəyişərək 1999-cu il yazdırıb və arxiv sənədlərini isə ölmüş bir adamdan aldığını dedi. Sual verdim ki, kimdir bu adam? İnşaat professoru olan rəhmətə getmiş Qeybullayev adlı bir adamın adını çəkdi. Hətta hətta belə bir adam arxivdə işdəmiş olsaydı onun müraciət məktubu və adı arxiv jurnalında olardı. Əlbəttə, bu onun növbəti uydurması və özünü təmizə çıxarması üçün yeni “gedişi” idi. Çünki, yaxşı atalar sözümüz var “yalançı son məqamda ölüləri şahid kimi göstərər”.

Adıgözəl Məmmədov sonda bununla bağlı akademiyanın rəhbərliyinə müraciət edib:

“Elmlər Akademiyamızın hörmətli rəhbərliyi, indi özünüz baxın ki, alim adını daşıyan və sizin əməkdaşınız olan bir şəxs hansı əməllərlə və saxtakarlığla özünü təmizə çıxarmağa çalışır. İnanın, bu gün bu tip alim adını daşıyan insanlar bizlərin arasında yetərincədir. Ona görə də bir çox mütəfəkirlərimizi çıxmaq şərti ilə elmimizin bu günkü düşdüyü vəziyyətin səbəblərindən də biri və əsası plagiat monoqrafiyalar, köçürmələr və plagiat elmi işlərdir!”

Onu da qeyd etmək istəyirik ki, Müəllif hüquqları agentliyi Adığözəl Məmmədova verdiyi rəsmi cavabda həqiqətəndə Xaliq Əhmədzadənin plagiatla məşğul olduğunu təsdiq edib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.