"Göydən cərimə yağacaq" - Tıxac azalacaq?

2-02-2023, 16:32           
"Göydən cərimə yağacaq" - Tıxac azalacaq?
Bakı Nəqliyyat Agentliyi dayanma və ya durma qaydalarının pozulmasına görə cərimə edə bilməyəcək.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” 2022-ci il 16 dekabr tarixli Qanunun qüvvəyə minməsi ilə əlaqədar “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda da dəyişiklik edilib.

“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında 4.52-ci bənddən “həmin Məcəllənin 346.1-ci və ya 346.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya Bakı Nəqliyyat Agentliyi, habelə” sözləri çıxarılıb.

Bu maddələr - 346.1. dayanma və ya durma qaydalarını pozmağa görə - iyirmi manat məbləğində cəriməni, 346.2. isə ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə qırx manat məbləğində cəriməni nəzərdə tutur.

Dəyişikliyə əsasən, Bakı Nəqliyyat Agentliyindən bundan sonra göstərilən maddələr üzrə cərimə etmək səlahiyyəti alınıb.

Maraqlıdır, bu tıxacın aradan qaldırılmasına, ya cəriməyə hesablanmış addımdır?

TEREF.AZ-ın məlumatına görə, Cebhe.info-ya açıqlamasında nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı deyib ki, ümumiyyətlə, cərimə yazmaq hansısa problemin həlli demək deyil:

"Yol hərəkətinin təhlükəsizliyini elə təşkil etmək lazımdır ki, problemlər olmasın. Biz dayanma-durma, parklanma ilə bağlı insanlar üçün heç bir şərait yaratmırıq, ancaq cərimələməyə çalışırıq. Hazırda Bakı şəhərində dayanma-durma, parklanma ilə bağlı vəziyyət yaxşı deyil, xaos yaşanır. Harada parklanma yeri yaratmaq olar, parklanma ilə bağlı cəzaları bəlkə fərqli saatlarda tətbiq edək barədə də düşünən yoxdur.

Axşam saat 8-dən sonra Neftçilər prospekti boyu parklanmaya görə cərimə yazmaq nə qədər ədalətlidir? Mən bunu ədalətsiz hesab edirəm. Çünki axşam 8-dən sonra orada heç kim bir-birinə mane olmur. İnsanlar da parka gəlmək, gəzmək istəyir. Sən də bir ucdan cəzalandır, daha nə oldu? Bəlkə şərait yaratmısan ki, cərimələyirsən? Şərait yoxdur. Əvvəl şərait yaratmaq lazımdır, sonra tələb eləmək. Biz istəyirik ki, aidiyyəti qurumlar, BNA, DYP birinci şərait yaratsın.

Son illərdə hansısa bir qurum desin ki, filan küçədə parklanma yeri yaratdıq? Yoxdur, olmayıb, heç eləyə də bilmirlər. Ona görə də həmin küçələrdə tutub hamıya cərimə yazmaq ədalətsizlikdir. Heç olmasa, mərkəzləşdirilmiş sistem qurmaq lazımdır, parklanma yeri olmalıdır.

DYP təhlükəsizlik kameraları vasitəsilə vətəndaşlara cərimə yazarkən vaxt məsələsini də mütləq şəkildə nəzərə almlıdır. Adam var, maşını 4-5 dəqiqəlik saxlayırsa və maneə yaratmırsa, buna cərimə yazmağın mənası yoxdur".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.