Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi

25-11-2022, 18:09           
Laçın azad edilməklə dövlət sərhədlərimizin tam bərpası təmin edildi
2020-ci il dekabrın 1-də xalqımız daha bir möhtəşəm qələbə günü yaşadı. Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonu 28 illik işğaldan azad olundu və bütün laçınlıların uzun illərdir çəkdiyi yurd-yuva həsrətinə son qoyuldu. Bu böyük qələbəyə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan ordusunun rəşadəti sayəsində nail olundu.
Laçının işğaldan azad edilməsi Azərbaycan tarixində xüsusi əhəmiyyət kəsb edən bir gün kimi yadda qalacaq. Çünki Laçının azad olunması ilə Azərbaycanın beynəlxalq səviyyədə tanınan dövlət sərhədlərinin tam bərpası təmin edilmiş oldu, erməni işğalına son qoyuldu, cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun döyüş meydanında göstərdiyi rəşadət özünün yekun nəticəsini verdi. Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci ilnoyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Azərbaycan üçün strateji baxımdan əhəmiyyət kəsb edən Laçın rayonu Ağdam və Kəlbəcər rayonları kimi bir güllə də atılmadan Azəbaycana verildi.
1992-ci il mayın 18-də Laçını işğal etdikdən sonra ermənilər orada qeyri-qanuni məskunlaşma aparmşdılar, Laçında daim yaşayacaqları barədə xülyalar qurmuşdular. Nəhayət 27 sentyabrdan başlayan müharibə cəmi 44 gün ərzində Ermənistanın acı məğlubiyyəti ilə nəticələndi. Əli hər yerdən üzülən, çarəsiz və aciz durumda qalan Ermənistan acı məğlubiyyəti qəbul etmək və kapitulyasiya ilə razılaşmaq məcburiyyətində qaldı, Prezident İlham Əliyevin şərtlərini qəbul etməyə vadar oldu.
Bu uğur Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bütün müstəvilərdə apardığı düşünülmüş siyasətin nəticəsidir. İstər ölkə daxilində aparılan siyasət, iqtisadi gücümüzün və müstəqilliyimizin təmin edilməsi, istər diplomatik müstəvidə ölkə Prezidentinin apardığı çoxşaxəli fəaliyyət və əldə edilən uğurlar bugünkü böyük qələbəmizi təmin etdi.
Bu gün biz, Laçınlılar səbirsizliklə döqma yurd-yuvamıza qayıdışı gözləyirik. Rayon ərazində aparılan tikinti-bərpa işlərinin güdişatı onu göstərir ki, artıq gələn ilin sonuna qədər Laçınlıların birinci qrupu öz doğma rayonumuza qayıda biləcəyik. Artıq ikinci ildir ki, bizim çobanlar ilə qoyun sürülərimiz Laçına gəlirlər. Rayonda yüzlərlə arıçı öz təsərrüfatını qurub və bol məhsul götürürlər.


Köçəri Rüstəmov – Laçın sakini, şəhid ailəsinin üzvü,
müharibə veteranı
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.