Xəyalət-qırıcılar yenə İran raketlərini və hərbi anbarlarını vurdu

21-08-2019, 15:22           
Xəyalət-qırıcılar yenə İran raketlərini və hərbi anbarlarını vurdu
Xarici KİV-lər İsrail Hərbi Hava Qüvvələrinin F-35 “Adir” qırıcılarının İraqa növbəti gizli hava reydi həyata keçirdiyini və Bağdad yaxınlığındakı “Əl-Bəhr” hərbi bazasına idarəolunan bombalarla zərbələr endirdiyini bildirir.

Həmin bazada İrana aid raketlər və silah anbarları yerləşirdi. Onlar iranyönümlü şiə yaraqlı qruplaşmalarına dəstək üçün göndərilib.

“Al-Arabia” telekanalı və “Reuters” həmin bazanın İraq Hərbi Hava Qüvvələrinə məxsus olduğunu, Bağdaddan 70 kilometr məsafədə-Səlahiddin bölgəsində yerləşdiyini bildirir. Zərbə nəticəsində bazadakı bir neçə sursat anbarı partlayıb, iranyönümlü qruplaşmanın döyüşçüləri arasında ölənlər və yaralananlar var.

İsrail KİV-lərində dərc edilmiş materiallarda isə bildirilir ki, bazadakı anbarlarda İrana bağlı silahlı qruplaşmaların raketləri yerləşirdi. Söhbət ilk növbədə “Əl-Həşd əş-Şabi” qruplaşmasından gedir. Həmin qruplaşma İraqdakı şiə müqəddəs məkanlarını sünnülərdən və İŞİD yaraqlılarından qorumaq üçün formalaşdırılıb. Lakin İŞİD İraqda məğlub olduqdan sonra İran bu qruplaşmadan İraqda hərbi mövqelərini möhkəmləndirmək və İsrailə qarşı platsdarm kimi istifadə etməyə başlayıb.

İraq KİV-ləri isə hərbçilərə istinadən bildirir ki, hərbi bazaya ancaq bir dövlət hücum edə bilərdi-İsrail. Mənbələr əlavə edirlər ki, İsrail zərbə pilotsuz təyyarələrindən və F-35 qırıcılarından istifadə edib.

Bundan əvvəl İsrail F-35 qırıcılarının Rusiyanın S-400 komplekslərini də “yanıltdığı” açıqlanmışdı.

Səudiyyənin “Al-Sharq Al-Awsat” qəzetinin yazdığına görə Rusiya və ABŞ İsrailə İraqdakı İran bazalarını vurmağa “icazə verib”. Qəzet qərb diplomatik mənbələrinə istinadən bildirir ki, həmin dövlətlər arasında İsrailin İraqdakı iranyönümlü şiə yaraqlılarına qarşı fəaliyyəti barədə “müəyyən qarşılıqlı anlaşma” əldə olunub. Onlar razılaşıblar ki, əgər İsrailin hərəkətləri İran təhlükəsindən qorunmağa xidmət edirsə buna mane olmasınlar.

İraq hərbi komandanlığı isə təsdiq edir ki, baş nazir Adil Abdul-Mehdi bəzi hərbi obyektlərin, o cümlədən anbarların və zavodların şəhərlərdən kənara çıxarılması haqda göstəriş verib. Bunun İsrail aviasiyasının İraqa son aylar artıq bir neçə dəfədir həyata keçirdiyi reydlərlə əlaqəli olduğu təsdiqlənir.(Virtualaz.org )












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.