Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır

16-07-2020, 00:12           
Rusiya yeni donanma yaradır: bir anda altı gəminin tikintisi başlayır
İyulun 16-da tikintisi başlayacaq gəmilərin imkanlarını təhlil etsək, Rusiya Hərbi Dəniz Donanmasının güclü və ahəngdar inkişafının əlamətlərini görmək olar.

Aleksandr Xrolenko, hərbi şərhçi. Rusiya Federasiyası 2018-2027-ci illərin Dövlət Silahlanma Proqramını ardıcıl olaraq həyata keçirir. Onun prioritetlərindən biri də dəniz donanmasının gəmilərinin əhəmiyyətli dərəcədə yenilənməsidir.

"FlotProm" nəşrinin Rusiya Federasiyasının gəmiqayırma sənayesində mənbələri bildirib ki, iyulun 16-da ölkənin üç tərsanəsində Rusiya donanması üçün altı gəminin və sualtı qayığın tikintisinə başlamaq planlaşdırılır. Tikintinin inanılmaz dinamikası plan üzrə gedir və böyük büdcəyə əsaslanır.

Hərbi Dəniz Donanması hər bir ölkənin silahlı qüvvələrinin ən bahalı komponentlərindən biridir. 2018-2027-ci illərdə Rusiyanın Dövlət Silahlanma Proqramının həyata keçirilməsinə 20 trilyon rubl (təxminən 281 milyard dollar) yönəldilib. Bu vəsaitlərin əhəmiyyətli bir hissəsi gəmilərin, sualtı qayıqların və hərbi donanma bazalarının tikintisinə gedəcək. Dövlət Silahlanma Proqramına silahların və hərbi texnikanın tədarükünün sinxronlaşdırılması və infrastrukturun inkişafı daxildir.

2020-ci ildə rusiyalı hərbi dənizçilər 28 il ərzində ilk dəfə altı ədəd sualtı qayıq əldə edəcəklər.

Dövlət Silahlanma Proqramının yerinə yetirilməsi zamanı Rusiyanın Hərbi Dəniz Donanmasında müasir silahların payı 63 faizi keçib və bu, dünyanın ən inkişaf etmiş ölkələrindən xeyli yüksəkdir (50 faizə qədər). Rusiyanın məqsədi müasir silahların payını 70 faizə çatdırmaqdır və Rusiya donanması 2027-ci ilə qədər 180-dən çox yeni layihəli gəmi alacaq.

"Yasen-M" (çox məqsədli) və "Borey-B" (strateji) sinfinin sualtı atom kreyserlərinin, yüksək dəqiqlikli raket silahına malik gəmilərin və Ka-52K "Katran" ən yeni dəniz vertolyotları ilə təchiz edilmiş iki helikopter daşıyıcısının tikintisi nəzərdə tutulur.

Peterburqun raket freqatları

Dövlət Silahlanma Proqramının prioritetlərinə 20385 və 20386 layihəsinə aid korvetlərin, 22350 və 22350M layihəsinə aid freqatların tikintisi daxildir. Sankt-Peterburqun Şimal Tərsanəsində iyulun 16-da 22350 layihəsinə aid iki freqatın tikintisi eyni vaxtda başlayacaq. Bu freqatları rus admiralları İvan Yumaşovun və Emil Spiridonovun şərəfinə adlandıracaqlar.

Bu müasir freqatlar suüstü gəmilərin və sualtı qayıqların axtarışı və məhv edilməsi, gəmilərin hava, raket və sualtı qayıq hücumundan müdafiəsi, dəniz desantları ilə birgə fəaliyyət, mülki gəmilərin və istehsal obyektlərinin qorunması üçün nəzərdə tutulub.

22350 layihəsinin freqatı düşmən gəmilərini və sahil hədəflərini vurmağa qadir 16 ədəd "Oniks", "Kalibr-NK" və ya "Tsirkon" qanadlı raketləri ilə silahlana bilər.

Freqatın sualtı müdafiə sistemi hava hücumundan atmosfer müdafiə sistemini xatırladır və dünyada analoqu yoxdur. Gəminin korpusu görünməzliyi artıran texnologiyanın tətbiqi ilə yaradılıb və düşmən radarları sadəcə onu aşkar edə bilməz. Görünməz gəmi 500 milyon dollara başa gəlir. Bu raket gəmiləri donanmanın imkanlarının artmasını təmin edəcək. Xatırladım ki, 22350 layihəsindən olan "Donanma Admiralı Kasatonov" freqatı Şimali və Baltik donanmasında sınaqları layiqincə başa çatdırıb və tezliklə Rusiya donanmasının döyüş heyətinə daxil olacaq.

Severodvinskin sualtı qayıqları

Rusiya dünya okeanının istənilən nöqtəsində milli maraqlarını müdafiə edə biləcək yeni sualtı donanma yaradır. "Yasen" seriyasından olan yeddi sualtı qayıq bu işdə ona böyük kömək edəcək.

885M "Yasen-M" layihəsindən iki sualtı atom kreyserinin tikintisi iyulun 16-da Severodvinsk şəhərində başlayacaq. Müasir çoxməqsədli sualtı qayıqlar qanadlı "Kalibr" raketləri, "Oniks" hipersəs raketləri, "Tsirkon" hipersəs raketləri və 533 mm-lik torpedalarla silahlanacaq. Onlar "Vladivostok" və "Voronej" adlarını alacaq.

885M layihəsinin ilk çoxməqsədli sualtı qayığı "Novosibirsk" 2019-cu ilin sonunda suya buraxılıb və ekipajı tezliklə döyüş xidmətinə çıxacaq.

Modernləşdirilmiş "Yasen" sinfindən olan bu sualtı qayığının əsas məqsədi potensial rəqibinin strateji təyinatlı sualtı kreyserlərinin və ya aviadaşıyıcı qruplarının izlənilməsidir.

885M layihəsinə aid bu sualtı atom kreyseri unikal imkanlara malikdir, yüksək texnologiyalı sistemlər və silah kompleksləri ilə təchiz edilib.

"Mistral" gəmilərinin analoqları

İyulun 16-da 23900 layihəsindən iki universal desant gəmisinin (Fransanın "Mistral" gəmilərinin analoqları) tikintisi başlayacaq. Əvvəllər Rusiyada belə gəmilər tikilməsə də, bu universal desant gəmilərinin 2026-cı ilə qədər Hərbi Dəniz Donanmasına planlı şəkildə daxil olacağına şübhə yoxdur.

Layihənin dəyəri təxminən 100 milyard rubldur (təxminən 1,4 milyard dollar).

Rusiyanın Suriyadakı hərbi əməliyyatı dəniz donanmasının uzaq ərazilərdə operativ iştirakını təmin edə biləcək böyük desant gəmilərinə ehtiyac olduğunu təsdiqləyib. Yeni gəmilərin dəqiq xüsusiyyətləri hələlik məlum deyil.

Bundan əvvəl bildirilib ki, universal desant gəmisi 16-20 helikopteri, desant və hücum katerlərini, 75 zirehli texnikanı, 1000-ə yaxın dəniz piyadasını, əhəmiyyətli arsenalı və qoşunların operativ qərargahını daşıya biləcək. Artilleriya, zenit raket kompleksləri, sualtı müdafiə vasitələri, radioelektron mübarizə və naviqasiya sistemləri, inteqrasiya olunmuş döyüş idarəetmə sistemi də qeyd olunmalıdır.

Bu gəminin əsas məqsədi qoşunların daşınması və dəstək helikopterlərinin iştirakı ilə qoşunların və texnikanın təchiz olunmamış sahilə desant çıxarılmasıdır.

İyulun 16-da tikintisi başlayacaq gəmilərin imkanlarını təhlil etsək, Rusiya Hərbi Dəniz Donanmasının güclü və ahəngdar inkişafının əlamətlərini görmək olar. Bu Hərbi Dəniz Donanması suüstü və sualtı şəraitdə və sahil döyüşlərində təcavüzkara qarşı effektiv şəkildə mübarizə aparmaq üçün yaradılır.sputnik.az/шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.