ABŞ mətbuatı manatın ağır durumundan yazdı

5-08-2016, 23:28           

ABŞ-n nüfuzlu Bloomberg agentliyi ölkəmiz barədə məqalə yayımlayıb. Məqalədə Azərbaycanın düşdüyü çətin iqtisadi vəziyyət və hökumətin yanlış pul siyasətindən bəhs edilir.

Azərbaycanın rəhbər orqanları bir tərəfdən bankların dollar ehtiyacını təmin etməyə çalışarkən, digər tərəfdən gələcək spekulyasiyaların qarşısını almaq üçün dövriyyədən milli pul vahidi – manatı yığır. Hətta baxmayaraq ki, ölkənin Dövlət Neft Fondu Mərkəzi Bank tərəfindən həftədə 2 dəfə təşkil olunan auksionlarda dollar təminatını gerçəkləşdirir, Mərkəzi Bank ilk dəfə iyun ayında manatı dövriyyədən yığmaq məqsədilə ölkə borcverənlərindən depozit cəlbinə başladı.

“Dövlət Neft Fondu və ya Mərkəzi Bank dollar ehtriyacını tam təmin edə bilmir, buna görə də tənzimləyici orqan əlavə manatları yığmaqla bankların dollar alışını dayandırmaq istəyir,” – İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin sədri Samir Əliyev deyib. “Biznesə borc vermək əvəzinə banklar manatı Mərkəzi Bankda depozit kimi saxlayır.”


Keçən ilin iki devalvasiyası və Mərkəzi bankın ehtiyatlarının üçdə ikisinin əriməsinə səbəb olan monetar müdaxilələr xarici valyutaya olan tələbatın artmasına əngəl ola bilmədi. Yenidən azalmağa başlayan neft qiymətləri post-Sovet ölkələri arasında ən böyük üçüncü neft istehsalçısının valyutası üzərində gərginliyi daha da artıracaq. Son 9 həftənin 7-də manat dollar qarşısında dəyər itirib.

“Mərkəzi Bank bazar qiymətlərinin stabilliyini təmin etmək məqsədilə lazımi addımları atır, bizim əsas məqsədimiz budur,” – Mərkəzi Bankın mətbuat xidmətinin rəhbəri Namiq Əliyev deyib.“Depozit auksionları sursatxanamızdakı ən vacib alətlərdən biridir.”

Cümə axşamı azəri valyutası dollar qarşısında kəskin düşüş yaşadı, Bakı vaxtilə 17:57-də 2.6 faiz dəyər itirdi. Bu, cari rüb ərzində ən böyük üçüncü düşüş idi. Keçən il manat bütün dünya valyutaları arasında ən çox dəyər itirən pul vahidi olub. Dollar qarşısında öz dəyərinin yarısını itirib.

Tənzimləyici orqan sonuncu Bazar ertəsi auksionuna yanlız 20 milyon manat (12 milyon dollar) çıxarmışdı. Tələbat isə 50 milyon manat idi. Borcverənlər 2 ay əvvəl başlamış auksionların 6-da Mərkəzi Banka 202 milyon manat depozit yerləşdirib. Deyilənə görə məqsəd pul təminatında kəskin artımın qarşısını almaq və inflyasiyanı “məqbul” səviyyədə saxlamaqdır.

Bu ilin birinci yarısında inflyasiya 10.5 faizə qalxıb, 2015-ci ildə 3.5 faiz idi. Son iki onillikdə iqtisadiyyat tikinti sektorunun zəifləməsi ilə ilk dəfə resessiya dövrünə qədəm qoyub. Ümumi Daxili Məhsul birinci altı ayda 3.4 faiz azalıb, keçən il 5.7 faiz artım var idi.

“İndiyə qədər Azərbaycanın performansı gözlənildiyindən “faktiki olaraq daha pis” olub,” – S&P Qlobal Reytinq mərkəzi keçən həftə ölkənin reytinqini stabildən neqativə salarkən deyib. Reytinq şirkəti 2016-cı il üçün ÜDM proqnozunu 3 faiz azalma ilə verib və bildirib ki, gələn il təxminən elə eyni həcmdə geri dönüş gözlənilir.

Hidrokarbon sənayesi ÜDM-in 40 faizini təşkil edir, ölkə ixracının isə təxminən 95%-ini, – S&P dəyərləndirib. “Dövlətin monetor orqanları və Sofaz (Dövlət Neft Fondu) ölkəyə xarici valyuta qazandıran əsas qurumlardır,” – Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Sofaz hökumətin neft gəlirlərinin böyük qismini əldə edir və büdcə və infrastruktur layihələrini maliyyələşdirmək üçün onu manata çevirir. Qurum həftədə 2 dəfə hərraclarda təxminən 50 milyon dollar təklif edir, bu isə yanlız bankların bir hissəsinə çatır.

Ekspert Samir Əliyev deyir ki, 49.1 milyon dollar satılan çərşənbə axşamı auksionunda tələb təklifdən 10 dəfə çox idi. Manat üzərindəki gərginliyi azaltmaq səyləri əksinə iqtisadiyyatın zəifləməsinə səbəb olur, – o deyib. Dövlət Neft Fondu cümə axşamı auksionunda daha 49.4 milyon dollar satıb.

“Hökumət üzü divara qarşı dayanıb, çünki dollarla saxlanan əmanətlərin payı indi təxminən 80%-dir və bu, Mərkəzi Bankın yerli monetar vəziyyətə təsir imkanlarını məhdudlaşdırır,” – S&P bildirib. “Ölkənin valyuta rejimini tənzimləmək və monetar müdaxilələr etməkdən savayı Mərkəzi Bankın iqtisadi inkişafa təsir imkanları demək olar yoxdur.”azadliq.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.