Tanınmış politoloq Rusiyanın Bakıya AES təklifi barədə: - “Tiksinlər..."

14-10-2019, 12:48           
Tanınmış politoloq Rusiyanın Bakıya AES təklifi barədə: - “Tiksinlər..."
Energetika naziri Pərviz Şahbazov bu günlərdə jurnalistlərlə söhbətində deyib ki, Rusiyanın Azərbaycana Atom Elektrik Stansiyası tikməklə bağlı təklifi nəzərdən keçirilir. O, Rusiyanın Azərbaycanda Atom Elektrik Stansiyasının yaradılmasına dəstək verilməsi barədə təklifi olduğunu təsdiqləyib: “Təbii ki, Rusiya atom enerjisi sahəsində uzunmüddətli təcrübəyə malik ölkələrdən biridir. Rəsmi Moskvanın dünya üzrə bir çox belə layihələri var. Bizimlə əməkdaşlıq üçün də belə təklif səsləndirilib. Hazırda Azərbaycan bu təklifi nəzərdən keçirir. Amma hələlik bu mövzu ilə bağlı konkret bir söz deyə bilmərəm”,-deyə nazir söyləyib.

Qeyd edək ki, Rusiya və Azərbaycan prezidentlərinin ötən həftə gerçəkləşən görüşlərinin yekunlarına əsasən, Rusiya Azərbaycana Atom Elektrik Stansiyası (AES) tikməyi təklif edib. Rusiya prezidenti Vladimir Putin hətta bu məsələdə Azərbaycana dəstək göstərilə biləcəyini istisna etməyib.

“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycanda AES-in tikilməsi faydalı ola bilər: “Rusiya əgər belə bir təklif irəli sürürsə, deməli, onlarda məlumat var ki, Azərbaycan buna maraq göstərir. Təsadüfü deyil ki, ”Valday" görüşündən də bu məsələ gündəmə gəldi. Biz özümüz qərara gəlməliyik ki, Atom Elektrik Stansiyası bizə lazımdır, yoxsa yox. Məlumdur ki, iqtisadiyyatımız günbəgün artır. Bu iqtisadiyyata isə güclü enerji mənbələri lazımdır. Bunlardan biri də AES ola bilər. Biz görürük ki, qardaş Türkiyə və onun iqtisadiyyatı necə inkişaf edir. Sonda onlar da qərar verdilər ki, AES lazımdır və Rusiya ilə razılaşdılar. Əgər biz bu qərara gəlsək, suala müsbət cavab versək, əlbəttə ki, müraciət edəcəyimiz ünvanlardan biri də Rusiya ola bilər. Çünki Rusiyanın təcrübəsi var və eyni zamanda onların şərtləri də bizim üçün müvafiqdir. Ona görə də ilk növbədə biz özümüz müəyyənləşdirməliyik ki, AES bizə nə qədər lazımdır. Çünki bəziləri deyirlər ki, bunun təhlükəsi var və misal kimi indiyə qədər dünyada baş verən böyük qəzaları göstərirlər. Hələ də bu qəzaların nəticələri aradan qaldırılmayıb və bu məsələ də bəzi insanlar tərəfindən danışılır, AES-in lazımsız olduğu bildirilir. Ancaq bir çox şəxslər də var ki, onlar bunun əksini söyləyirlər və hesab edirlər ki, indiki dövrdə Azərbaycanda AES-in tikilməsi faydalı olar. Bunun ekoloji cəhətdən faydalarından da danışılır və bildirilir ki, kiçik investisiyalarla böyük imkanlar əldə edə bilərik. Həm də bir məsələ də var ki, Ermənistanda da AES mövcuddur. Mən də ikincilərin tərəfdarıyam. Hesab edirəm ki, bizə AES lazımdır və bu, gələcəkdə qurula bilər. Ancaq qurulan zaman da bütün məsələlər nəzərə alınmalıdır. Söhbət iqtisadi, siyasi, ekoloji tərəflərindən də gedir. AES-in qurulması Azərbaycanın bölgədə oynadığı rol üçün əhəmiyyətli olacaqsa, düşünürəm ki, bəli, biz buna getməliyik. Qardaş dövlətimiz bu işə girişibsə və bunu Rusiya ilə edirsə, nə üçün biz də etməyək?"

Politoloq söyləyib ki, AES-in qurulması Türkiyə ilə münasibətlərə heç bir mənfi təsir edə bilməz: “Əksinə, burada müsbət məqamlar var. Belə ki, hazırda Türkiyə öz mütəxəssislərini bu işi öyrənmələri üçün Rusiyaya göndərib. Artıq Rusiyada türklərin böyük mütəxəssis ordusu yaranacaq. AES-i də böyük ölçüdə onlar idarə edəcəklər. Biz də bu işdə təcrübə qazanacağıq. Ermənistan məsələsinə gəlincə isə bəllidir ki, oradakı AES köhnədir və ətraf dövlətlər üçün böyük təhlükəlidir. Bizim tikməyə çalışdığımız AES heç də ”Metsamor"a bənzəməyəcək. Bizim tikəcək olduğumuz AES tamamilə müasir olacaq. Bunun üçün bütün imkanlara malikik. Adi bir şeyi deyim ki, biz elektrik stansiyalarını yaponların dəstəyi ilə tikib, yenidən qurmuşuq. Təhlükəsizlik məsələsinə gəlincə orada, Almaniya, Fransada da AES mövcuddur. Əgər təhlükəlidirsə, onlar bunu nə üçün yaradıblar. Bəziləri neft-qaz faktorunu önə çəkib, deyə bilər ki, Avropada qaz yoxdur. Məsələ burasındadır ki, bizdə də neft və qaz daimi deyil. Ölkə prezidentimiz də deyib ki, neft əbədi deyil. Müəyyən müddət sonra neft və qaz azala bilər. O zaman nə edəcəyik? AES-in tikilməsi gələcəyə yatırım, yeni iş yerlərinin açılması, bölgədə oynadığımız rolun daha da artırılmasıdır. Ona görə də bu məsələnin gündəmdə saxlanılmasının tərəfdarıyam. Bəli, qonşu dövlətlər ard-arda AES-lərdən sonra atom bombası ilə bağlı da müəyyən addımlar atırlar. Türkiyə düşünür ki, nə üçün digər dövlətlərdə AES olduğu halda, bizdə olmasın? Bu cür düşünməkdə də haqlıdır. Azərbaycan da gələcəkdə bu barədə düşünə bilər. Bizim bu cür düşüncələrimiz belə işğalçı dövləti qorxudacaq. Ona görə də bütün hallarda Azərbaycanda AES-in tikilməsinin müsbət halla nəticələnəcəyini düşünürəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.