Azərbaycan kinosunu məhv edən korrupsiya və monopoliya — Azərbaycan Republikası Mədəniyyət Nazirinin birinci müavini Anar Kərimova MÜRACİƏT

5-08-2020, 12:41           
Azərbaycan kinosunu məhv edən korrupsiya və monopoliya —
ir zamanlar “Dədə Qorqud”un, “Babək”in ərsəyə gəldiyi “Bir cənub şəhərində” indi “Hozu”luq edənlər “Məhəllə”lərə düşüb “Stalinin başı”nı axtarır, ya da “Bir xalanın sirri”ni çözməyə çalışırlar

Hamımızın yaddaşında iz salan kinofilimlərimiz və artıq aforizmə çevrilmiş sözlər var. Bir zamanlar müqtədir sənətkarların rol aldığı filimlərimizə bu gün də hamı sevə-sevə baxır. İstər tarixi ,istərsə də digər mövzularda olsun-onlarla unudulmaz kinofilimlərimiz var. Sovet ideologiyasının sərt basqıları altında milli ruhu saxlamaqla belə şedevrlər ərsəyə gətirmək böyük vətənpərvərliyin və sənətkarlığın nümunəsidir. Senzuranın amansız təzyiqlərinə baxmayaraq tariximizin şərəfli səhifələrinə işıq tutan,hamının sevimlisinə çevrilən yüzlərlə sənət əsəri yaradılıb. Düşünmək olardı ki, müstəqillik qazanandan sonra bu sahədə daha böyük uğurlar qazanılacaq. Amma bir zamanlar “Dədə Qorqud”un, “Babək”in ərsəyə gəldiyi “Bir cənub şəhərində” indi “Hozu”luq edənlər “Məhəllə”lərə düşüb “Stalinin başı”nı axtarır, ya da “Bir xalanın sirri”ni çözməyə çalışırlar. Torpaqları işğalda olan, hər il dalbadal soyqırım günləri keçirən bir ölkə işğal,matəm günlərində “Qisas və qanun” hind filmini,ya da “Sağ qalmış” , “Perl Harbor” filmlərini bütün telekanallarda nümayiş etdirməklə işini bitmiş hesab edir. Utandırıcıdır, adam xəcalət çəkir ! Deyəsən bizim milli kinomuz “Axırıncı aşırım”ındadır, artıq “Ulduz”larımız “Uzaq sahillər”də qalıblar. Kinomuzun altına “Bomba” qoyublar,sənət “arşın mal alan”çıların əlində qalıb.

Bəlağətsiz demək olar ki, bu gün kinomatoqrafiyamız özünün faciəli dönəmini yaşayır. Uzun illərdir ki, milyonlarla vəsait qoyuluşuna baxmayaraq ölkədə kino istehsalı lətifə,lağ-lağı həddinə enib. Ermənilər Qarabağ mövzusunda çəkdikləri filmləri beynəlxalq festivallara təqdim etdikləri bir zamnda bizimkilər düşük,ikrah hissi doğuran bayağı filmlər çəkirlər. “Azərbaycanfilm” kinostudiyası çəkiliş meydançasından mədəni korrupsiyanın meydanına çevrilib. Son illərdə milyonlarla manat sərf edilərək ekranlaşdırılan zəif bəddii təsir gücünə malik olan bir neçə filmi çıxmaq şərti ilə ortada heç bir tutarlı sənət əsəri yoxdur. Maraqlıdır milyonları siləndə “Azərbaycanfilm” kinostudiyası mövcud olur,amma ortaya bir düz-əməlli film çıxarmaq lazım olanda yoxa çıxır. Dövlət hesabına çəkilən filmlər korrupsiya layihələrindən başqa bir şey deyil, çünki ən adi tamaşaçı da onların sənət əsəri olmadığını dərk edir.

Bu gün incəsənətdə, xüsusilə də, kinoda monopoliya yaratmaq gələcək üçün böyük təhlükədir. Bu özlüyündə bütün sistemi məhv eləmək deməkdir. Heç kimə sirr deyil ki, bu gün kinostudiyada monopoliya hökm sürür. Kinostudiyanın rəhbərliyi, öz yaxınlarını, qohumlarını - kinoya aid olmayan insanları kino istehsalı prosesinə cəlb eləyib. Bu da kinonun inkişafına xeyli maneələr yarada biləcək amildi. Əvvəllər nazirliyin

balansında "Salnamə”, "Yaddaş”, "Azanfilm”, "Mozalan” kimi studiyalar vardı. Bu studiyalar nazirlikdən maliyyələşirdi və özləri filmlər istehsal eləyirdi. Sonradan kinostudiyanın rəhbərliyi bütün bu istehsalat proseslərinin hamısının qarşısını alıb və o studiyaların hamısına özü nəzarət eləməyə başlayıb. Bəzilərinin rəhbərləri dəyişib və nəticə olaraq onların hamısına kinostudiyanın rəhbərliyi nəzarət edir. Ən böyük problemlərdən biri də odur ki, kinostudiyanın rəhbərliyi rejissorları istedadlarına görə yox, daha çox itaətkarlıqlarına görə seçir və film çəkmələrinə imkan verir. Əgər hansısa bir məqamda onlarla razılaşmasan, bu, problemə gətirib çıxardır. Elə ssenarilərin seçimində şəffaflığın olmaması da həmin monopoliyanın nəticəsidir.

Dövlətimizin pullarının havaya sovrulmasının qarşısı alınmalıdır. Kinostudiyaya milyonlarla pullar ayrılır və hamısı boşa xərclənir. Əslində kinostudiya texniki baza kimi fəaliyyət göstərməlidir. Ora ayrılan pullar özəl prodakşnlara, kino istehsalı ilə məşğul olan studiyalara verilməlidir. Bunun müxtəlif yolları var - ssenari müsabiqələri keçirilə bilər, qalib gələn layihəni təqdim edən prodakşna onu reallaşdırmaqdan ötrü maliyyə ayrıla bilər. Amma, korrupsiya və monopoliyanın hökmranlığı şəraitində bu mümkün deyil. İlk növbədə milli kinomuz korrupsiyanın və monopoliyanın əsarətindən xilas olunmalıdır.

Bu gün kinomuz bəyi oğurlanmış toya oxşayır. Rəhmətlik Səməndər Rzayev demişkən, «bu kino ki,var çox qəliz məsələdir». Həm qəlizdir, həm də ki, vacib. Təəssüf ki, bu sahəyə onun vacibliyini başa düşənlər yox, daha çox onu qəlizləşdirməyə meyilli olanlar rəhbərlik edirlər. Məlumatlarda bildirilir ki, kinostudiyanın həyətində kartofçuluq, əkinçilik, kinodan daha çox aqrar sahə inkişaf edir.

“Hardasan,hardasan,ay Məşədi Kazım,gəl gör sənin cənnətini nə günə qoyublar!”

P.S. Dərc etdiyimiz yazını ilk olaraq münasibət öyrənmək üçün C.Cabbarlı adına Azərbaycan Film Kinostudiyasına ünvanlamışdıq. Kinostudiyanın hüquq şöbəsi isə redaksiyamıza məqalənin ayrı-ayrı bəndləri üzrə təkzibedici cavab məktubu göndərib. Qarşı tərəfin fikirlərinə hörmətlə yanaşdığımızı bildirir,lakin bəzi müddəalara yenidən münasibətimizi açıqlayırıq.

Məktub müəllifləri bizim telekanallarımızda işğal,matəm günlərində dəxilsiz xarici filmlərin yayımlandığı iradımıza “Nəzərinizə çatdırırıq ki, filmlərimizin televiziya kanallarında nümayişi birmənalı olaraq nə Mədəniyyət Nazirliyinin, nə də “Azərbaycanfilm” kinostudiyasının səlahiyyətində olan məsələ deyil. Hər bir televiziya kanalının rəhbərliyi və proqram direktorluğu müstəqil olaraq öz yayım cədvəlinin tərtib edilməsində, eləcə də milli filmlərimizin televiziya ekranlarında göstərilməsində sərbəstdir.” münasibətini bildirib. Bunun belə olduğunu biz də bilirik. Amma, bu binəva telekanallar hansı filmləri nümayiş etdirsinlər. “Dolu”, “Yarımçıq xatirələr” filmlərinə gün ərzində tamaşaçı 5-6 dəfə baxmaq məcburiyyətindədirlər.

Etiraf edin ki, ötən illər ərzində bu sahədə olan boşluğu doldurmaq üçün əməli iş görülməyib.

Məktub müəllifləri məqalənin az qala hər sətrinə gen-bol münasibət bildirdikləri halda “. Uzun illərdir ki, milyonlarla vəsait qoyuluşuna baxmayaraq ölkədə kino istehsalı lətifə,lağ-lağı həddinə enib. Ermənilər Qarabağ mövzusunda çəkdikləri filmləri beynəlxalq festivallara təqdim etdikləri bir zamnda bizimkilər düşük,ikrah hissi doğuran bayağı filmlər çəkirlər” hissəsini görməzdən gəliblər. Adi bir faktı diqqətinizə çatdıraq ki, erməni rejissor Nora Martirosyanın “Külək sakitləşərsə” filmi “Kann-2020” festivalının rəsmi proqramına daxil edilib. Film Ermənistan,Belçika və Fransanın ortaq istehsalıdır. Film Qarabağ mövzusunda çəkilib və ermənilərin guya öz torpaqlarını azad etdiyini işıqlandırır. Belə erməni filmləri onlarladır və adlarını çəkib qanınızı qaraltmaq istəmirik. Bəs bizim filmlərimiz hansılardır? Təriflədiyiniz “Yarımçıq xatirələr”mi? Rus ordusuna sevginin fontan vurduğu filmlə beynəlxalq müsabiqələrə gedəcəksinizmi?

Məktubda bütün problemlərin baiskarı olaraq pandemiya göstərilir. Kinostudiya rəhbərliyi bildirir ki, əməkdaşlarının sağlamlığını qorumaq naminə bütün çəkilişlər dayandırılıb. Yoxsa dünya kinoteatrları ancaq bizim filmləri nümayiş etdirərdi. Maraqlıdır,bəs ötən illəri hansı pandemiyanın ayağına yazaq? “İndi siz deyin- Onu bağışlamaq olarmı?”

P.P.S. Bizə göndərilən məktubda əlaqə nömrəsi göstərilib. Göstərilən nömrə ilə danışmaq istədikdə məlum oldu ki, bu kinostudiyanın gözətçi otağının nömrəsidir. Hələ də kinostudiyanın hüquq şöbəsi ilə gözətçi otağının hansı bağlılığının olduğunu tapa bilmirik.

“Moşu,görəsən eqalogiya budu?”

Nicat Mahmudov
Rubrika.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.