Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur

25-09-2020, 16:38           
Koronavirus testi ölkəyə neçəyə gətirilir? - TƏBİB sualları cavabsız qoyur
Bu gün koronavirusla yanaşı addımlayan daha bir problem onun test qiymətləridir.

COVID-19 üçün qoyulan test qiymətləri hər ölkədə fərqlidir, bir çoxunda isə bu pulsuz aparılır. Hazırda ölkəmizdə ümumilikdə 25-ə yaxın laboratoriyada COVID-19 virusunun aşkarlanması məqsədilə test müayinələri aparılır. Bunlardan 3-ü Bakıda yerləşən özəl klinikalardır.

Sözügedən klinikalar İnci laboratoriyası, Referans klinikası və "Memorial Klinik"dır. Bu klinikalar xarici ölkələrə uçuş zamanı test verilməsi üçün müəyyən edilsə də, istənilən şəxs müayinə üçün həmin müəssisələrə müraciət edə bilər. Özəl klinikalarda burun və ağız boşluğundan götürülən yaxma vasitəsilə aparılan (PCR) testin qiyməti 100-140 manat, qan vasitəsilə aparılan testin qiyməti isə 40-50 manat arasında dəyişir.

Ancaq qan yox, yaxma testi əsas hesab olunur və xaricə uçuş zamanı məhz PCR testi qəbul edilir.

Maraqlıdır, bu qədər baha olan testlər ölkəyə hansı qiymətə gətirilir?

Bu barədə Cebhe.info-ya açıqlamasında “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin” (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva bildirib ki, özəl klinikalarda hər hansı laborator analizlərin qiymət tənzimlənməsi TƏBİB-ə aid məsələ deyil:

"Əvvəldən də deyilib ki, dövlət hesabına aparılan testlər ödənişsizdir. Özündə koronavirus əlaməti olan insanlar "103" və ya "113"-ə zəng etməklə test verə bilərlər. O insanlar ki, özləri istəyə görə test vermək istəyir, onlar artıq özəl klinikalara müraciət edirlər. Müxtəlif firmaların müxtəlif testləri var. Və müxtəlif klinikalarda eyni analiz fərqli qiymətədir. Bu tənzimləmə klinikanın özü tərəfindən aparılır".

"Bəs dövlət müəssisələrinə gətirilən testlər hansı qiymətədir?" - sualına cavabında R.Əliyeva deyib:

Dövlət tərəfindən gətirilən testlər Almaniyanın "Qiaqen" firmasınındır. Qiyməti bilmirəm, hazırda məzuniyyətdəyəm".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.