Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib

14-05-2019, 17:35           
Hakerlər "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirib
"WhatsApp" kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib

Hakerlərin "WhatsApp" üzərindən telefonlara casus proqramları yerləşdirdiyi ortaya çıxıb. Teref.az "BBC"yə istinadla xəbər verir ki, "WhatsApp" məsələ ilə bağlı açıqlama verib və kiber hücumun seçilmiş bir qrup istifadəçini hədəf aldığını bildirib.

Şirkət bu hücumun arxasında inkişaf etmiş bir kiber oyunçunun olduğunu açıqlayıb.

"Financial Times" qəzetinin xəbərinə əsasən, kiber hücum İsrailin təhlükəsizlik şirkəti olan "NSO Group"a məxsus bir proqram ilə həyata keçirilib.

Bununla bağlı "WhatsApp" 1.5 milyard istifadəçidən bu tətbiqi yeniləməyi istəyib.

Kiber hücumun bu ayın əvvəlində ilk dəfə aşkar edildiyi bildirilib. Kiber təcavüzkarlar "WhatsApp"ın səsli çağırış imkanından istifadə edib və müxtəlif şəxslərə zəng ediblər. Şəxs zəngə cavab verməsə belə, casus proqramı telefona yerləşdirilib. Sonra bu zənglər telefona gələn zənglər siyahısından silinib.

İsrail şirkəti hadisə ilə əlaqədar açıqlama verib: "NSO texnologiyasından dövlət təşkilatlarının istifadəsi, yalnız cinayət və terrorla mübarizə üçün icazə verilir. NSO özü bu texnologiyandan istifadə etmir. Çox ciddi lisenziyalaşdırma proseslərindən sonra təhlükəsizlik və kəşfiyyat qurumlarının istifadəsinə verilib".

"WhatsApp" şirkəti kiber hücumda kimlərin hədəf alındığını müəyyən etmək üçün zamana ehtiyac olduğunu açıqlayıb.

Qeyd edək ki, "WhatsApp"ın 1.5 milyard istifadəçisi var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.