UEFA-nın ayırdığı pul hara xərclənib? – Klublardan Elxan Məmmədova cavab

14-03-2019, 18:30           
UEFA-nın ayırdığı pul hara xərclənib? – Klublardan Elxan Məmmədova cavab
AFFA-nın baş katibi Elxan Məmmədov hələ mart ayının əvvəlində qurumun Hesabat Konfransı və İcraiyyə Komitəsinin iclasından sonra keçirdiyi mətbuat konfransında klubların uşaq futbolunun inkişafı üçün ayrılan vəsaitdən legioner futbolçuların transferləri üçün istifadə etməsindən narazılığını bildirmişdi.

Bunun xoşagəlməz hal olduğunu söyləyən E.Məmmədov hətta klublara xəbərdarlıq da etmişdi: “Bütün klublarla mütəmadi danışırıq. Mənə də maraqlıdı ki, o pullar hara xərclənib. Qış fasiləsində pullar əcnəbi futbolçuların transferlərinə xərcləndi. Bu da xoşagəlməz haldır. Uşaq futboluna xərclənən vəsait şəffaf şəkildə açıqlanmalıdı. Klubların əksəriyyəti konsepsiyanı verdi. O demək deyil ki, ayrılan pulun hamısı bu il xərclənməlidi. Bu, az məbləğ deyil. Bu pul 2 ili də əhatə edə bilər. İcraiyyə Komitəsində bununla bağlı ötən dəfə də müzakirə olmuşdu. Görsək ki, həmin məbləğ uşaq futboluna ayrılmayıbsa, növbəti mövsüm üçün uşaq futboluna ayrılan pul klublara verilməyəcək”.

Srağagün Klublar Komitəsinin yığıncağında bir daha bu məsələni gündəmə gətirən baş katib növbəti dəfə həmin pulun (hər klub üçün 507 min avrodan çox) başqa istiqamətdə xərclənməsindən narahatlığını ifadə edib. Biz də baş katibin fikirlərinə münasibət öyrənmək məqsədilə, vəsait ayrılan 6 kluba müraciət etdik.

Qeyd edək ki, bu pul klublarda uşaq futbolunun inkişafı üçün UEFA tərəfindən AFFA-ya ayrılıb. Bu addım “Qarabağ”ın 2017/18 mövsümündə Çempionlar Liqasının qrupunda iştirakına görə atılıb. Ağdam klubuna uşaq futbolu ilə bağlı yardım birbaşa klubun özünə ödənilib. Bundan başqa, “Sabah” klubu 2018/19 mövsümündən Premyer Liqaya qatıldığından onlara mükafatdan pay düşməyib.

Ona görə də mövzu ilə əlaqədar suallarımızı pulu alan klubların nümayəndələri cavablandırıb.

Zaur Əzizov (“Qəbələ”nin baş meneceri): “Klublar Komitəsinin son iclasının ilk hissəsində iştirak etdim. Elxan Məmmədovun fikirləri ilə tanışam. Baş katibin dediyi məsələnin bizə bir aidiyyatı olmadığından nəsə münasibət bildirmək düzgün olmaz. Dəqiqdir ki, bizim klub nəzərdə tutulmayıb. Ən azından qışda etdiyimiz transferlərə baxanda bunu görmək olar. İki futbolçu satıb, sadəcə, bir azad statuslu oyunçu aldıq. Yəni, sırf transferlər üçün hər hansı əlavə vəsaitə ehtiyac yox idi. UEFA-dan uşaq futbolu üçün ayrılan vəsait isə aşağı yaş qrupları üzrə komandalarımızın beynəlxalq turnirlərdəki iştirakına, infrastruktura xərclənəcək. Bu, 2019-cu ildə komandalarımızın səfərlərindən də bilinəcək ki, istiqamət hara götürülüb. Həmin vasəitdən akademiyanın şəraitinin bir qədər də yaxşılaşdırılması üçün istifadə olunacaq. Onsuz da klub bu məsələyə kifayət qədər diqqət ayırır. Ayrılan məbləğ də yuxarıda dediyim məsələlərə xərclənəcək”.

Elman Himayətoğlu (“Zirə”nin baş meneceri): “Klubumuzun cari mövsüm üçün büdcəsi ötən ilin may ayından bəllidir və mövsüm ərzində həmin təsdiqlənmiş büdcə üzrə hərəkət etmişik. Mövsümlərarası fasilədə istədiyimiz bəzi transferləri həyata keçirə bilməmişdik. Məşqçi dəyişikliyi olduğundan heyətdə dəyişikliklərin olması da təbiidir. Bəzi futbolçularla yollarımızı ayırdıq. Eyni zamanda yayda transferlər üçün ayrılan büdcədən də qalıq var idi. Ona görə də məşqçimizin istəyinə uyğun olaraq, klubun imkanları daxilində yeni futbolçularla anlaşdıq. Bütün hallarda tranferlərə ayrılan büdcəni aşmamışıq. Ümumiyyətlə, həm transferlər, həm də akademiya daxil olmaqla klubun digər xərcləri əvvəlcədən təsdiqlənmiş büdcədə nəzərdə tutulmuş maliyyə ilə ödənir. Düşünürəm ki, istənilən peşəkar klubda, hər hansı bir qurumda maliyyə hərəkətləri bu cür aparılır. O ki qaldı UEFA-nın uşaq futbolunun inkişafı üçün ayırdığı maliyyə yardımına, həmin məbləği növbəti mövsümdən etibarən planlı şəkildə akademiyanın inkişafı üçün ayrılan büdcəyə əlavə etməyi planlaşdırırıq. Çünki büdcə mövsümdən əvvəl müəyyənləşir və sona qədər həmin büdcəyə uyğun iş aparılır”.

Rüstəm Allahverdiyev (“Neftçi”nin mətbuat xidmətinin rəhbəri): “Bizə AFFA-dan pul ayrılan kimi məktub da gəlmişdi ki, bu vəsait hansı istiqamətdə istifadə olunacaq. Biz də ən qısa müddətdə konsepsiyanı hazırlayıb, federasiyaya təqdim etmişdik. Hətta deyərdim ki, bunu ən tez biz etmişdik. Onsuz da əvvəlcədən plan var idi, ona uyğun bəzi əlavələri də edib, AFFA-ya göndərdik. Bizim bu məsələ ilə bağlı heç bir problemimiz yoxdur. Ayrılan məbləğ də uşaq futbolunun inkişafı istiqamətində xərclənəcək”.

Törə Əhmədova (“Səbail”in mətbuat xidmətinin rəhbəri): “Biz ayrılan həmin məbləği maksimum dərəcədə uşaq futbolunun inkişafı üçün istifadə edəcəyik. Məsələn, U-15 komandamızı artıq Turkiyəyə, Danimarka klubları ilə yoldaşlıq oyunlarına göndərmişik. Həmçinin sırf uşaq futboluna aid başqa ideyalar da var ki, vəsaitdən həmin məsələlər üçün istifadə olunacaq. Bundan başqa, idman ləvazimatları, inventarlar da sifariş vermişik ki, uşaqlar normal şəraitdə məşq etsinlər. Bir sözlə, bu məbləğ akademiyaya xərclənir. Digər tərəfdən, elə bir öhdəlik də qoyulmayıb ki, həmin məbləği mövsümün sonuna kimi istifadə edək. Ayrılan pul ancaq akademiyanın şəraitinin yaxşılaşdırılmasına sərf olunur. Həm də bilirsiniz ki, akademiyaya əcnəbi idman direktoru dəvət edirik. Hazırda bu istiqamətdə danışıqlar gedir. Bunun üçün də həmin vəsaitdən istifadə olunacaq. Mövsümün sonunda isə xərclənən pul barədə maliyyə hesabatı veriləcək. Nəyə nə qədər xərclənib, hətta nə qədər qalıq qalıcaqsa, onu da göstərəcəyik”.

Səbuhi Məmmədov (“Keşlə”nin mətbuat xidmətinin rəhbəri): “Mən bununla bağlı rəhbərlikdən soruşmuşam. Mənə dedilər ki, ayrılan pullar təyinatı üzrə xərclənir. Yəni, həmin məbləğdən uşaqların formalarına, vitaminlərə, onların səfərlərinə, səfərdə qidalanmlarına, idman inventarlarının alınmasına, zədə aldıqları təqdirdə müalicəsinə istifadə olunur. Bununla bağlı, yəni, ayrılan pulların nəyə xərclənəcəyi barədə bütün klublar AFFA-ya konsepsiya verib. Bir də onu deyim ki, ayrılan pul birdən-birə xərclənmir, bir mövsüm üçün nəzərdə tutulmur”.

Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Sumqayıt” klubu həmin vəsaitin böyük hissəsini sırf uşaq futbolunun inkişafı üçün xərcləyir. Bildiyiniz kimi, biz ilk Azərbaycan klubuyuq ki, təqribən 2 ay öncə 7 məşqçimizi təcrübə keçmək məqsədilə Türkiyənin “Altınordu” klubuna göndərdik. Gələcəkdə bunun kimi layihələr həddindən artıq çox olacaq. Məşqçilərin bilik səviyyəsinin artırılması, akademiyanın inkişaf etdirilməsi, hətta tezliklə akademiyaya əcnəbi mütəxəssisin cəlb olunması, müəyyən inventarların alınması üçün həmin məbləğdən istifadə olunacaq. Burada futbolçuların beynəlxalq turnirlərə yollanması məsələsi də var”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.