Xalanın evini iki bacıoğlu ardıcıllıqla oğurladılar

5-10-2015, 16:12           
Xalanın evini iki bacıoğlu ardıcıllıqla oğurladılar
Ötən həftə Yasamal rayonunda yaşayan xalası Sərfinaz İsmayılovanın evindən 10 200 manat oğurlayan bacısı oğlu Məhəmmədəli Zərbəliyevin ardınca bu dəfə daha bir bacı oğlu bu yola əl atıb.

APA TV-nin xəbərinə görə, polis əməkdaşları 1981-ci il təvəllüdlü Cəlilabad rayon sakini, Qobu qəsəbəsində yaşayan Ramin Əzimovu saxlayıb. Xalasının evindəki pulun yerini bilən Ramin pulu götürmək üçün əlverişli vaxt axtarıb.

"Evdə idim, onlar da evdə idilər. Dedilər ki, gedib gələcəyik. Şifonerdən, çantadan götürdüm. Bilirdim ki oradadır. Götürdüm pulu, xərclədim şəhərdə".

Xala pulların oğurlandığından xəbər tutana kimi Ramin Əzimov 6 gün ərzində 2800 manatı sağa-sola xərcləyib. Oğurlanan məbləğin daha çox olduğu bildirilsə də, saxlanılan şəxs bu ittihamla razılaşmadığını, xalası ondan acıqlı olduğuna görə belə bir izahat yazdığını bildirib.

Əməlindən peşman olan şəxsin dediyinə görə, dəymiş maddi ziyan xalasına ödəniləcək. Belə olduğu təqdirdə, Əzimov azı 5 il müddətinə təcridxana həyatından xilas ola bilər. Bu isə məhkəmənin səlahiyyətində olan məsələdir. İstintaq hazırda Ramin Əzimovun digər cinayətlərdə iştirak edib-etmədiyini araşdırır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.