Markes nəyi etiraf etmişdi?

16-07-2018, 07:34           
Markes nəyi etiraf etmişdi?
Kulis filologiya üzrə fəlsəfə doktoru, tənqidçi İradə Musayevanın “Corc, Qabriel və ya publisistikanı udan ədəbiyyatlar…” məqaləsini təqdim edir.



Birinci hissəni burdan oxuya bilərsiz.



“-Axı mən nə edim?- Uinston hıçqıra-hıçqıra deyirdi.



-Gözümün önündə olanı necə görməyə

bilərəm? İki üstə gəl iki dörd eləyir.



-Bəzən dörd eləyir, Uinston. Bəzən beş eləyir. Bəzən üçə bərabər olur. Bəzən isə neçə tələb olunursa, o qədər də eləyir”...



(C.Oruell)



Siyasi, psixoloji, fəlsəfi və s. roman tipləri - bölgüsü ilə bağlı ideyanın tərəfdarı olmasam da, (çünki dərin fəlsəfi ideyalarla yüklənmiş geniş məzmunlu mətnlərdə, yəni romanlarda, əlbəttə, bunların hamısı – siyasət də, psixlogizm də, sosial ştrixlər, fəlsəfə və s. - olmalıdır) qeyd etməliyəm ki, bu romanlarda siyasi gerçəklik faktlarının və eyni zamanda hər kəs üçün dogma, tanış olan siyasi –ictimai mənzərələrin ümumiləşmiş, tipikləşdirilmiş obrazı yaradılıb. Ən əsası, Diktator olan bir şəxsin yox, diktatorluğun və diktaturanın, totalitar rejim hökmdarının yox, totalitarlığın və totalitarizmin siması, xarakteri, mahiyyəti və fəci fəsadları, gülünc, ikrahdoğurucu karikaturası romanlaşdırılır. Corc Oruelin də, Q.Markesin də romanlarının ideyasında hədəf fərdlər, şəxsiyyətlər, nəsillər, tayfalar, qurumlar deyil, insanlıq əleyhinə formalaşdırılmış, modelləşdirilmiş, strukturlaşdırılmış iblisanə nəzəriyyələrdir. O nəzəriyyələr ki, əməl edilməyən, işlək olmayan, cəmiyyət üçün “dar ağacı”, hakimiyyət üçün isə sadəcə ittiham, cəza silahı olan “qanun”, “məcəllə”, “əsasnamə”lərə əsaslanır… O nəzəriyyələr ki; iqtidarı və onun müxalifətini; üsyanı, inqilabı və onu yatızdıran polisi, zoru; əxlaqsızlığı və onu ittiham edən əxlaq müəllimlərini; mədəniyyəti və onun nizamını istənilən vaxt alt-üst edə bilən mədəniyyətsizlikləri; qəhrəmanlığı, vətənpərvərliyi və onun mənasız, köpük kimi boş mahiyyətsizliyini sübut etməyə çalışan “sərbəst”, “azad”,”modern” insan çeşidlərini; müharibəni və sülhü; acı, məzlumu və ona “yardım”, çörək, paltar, dərman uzadan əli; məhkumu və hakimi – hamısını özü yaradır, qəlibləşdirir, nifrət və məhəbbət şüarlarını eyni portfeldə saxlayır. Keçmişin tarixini özü pozur, özü yazır, gələcəyin olacaqlarını özü müəyyənləşdirir, indiyə özü hökm oxuyur… (“Bütün sənədlər ya məhv edilib, ya da saxtalaşdırılıb. Bütün kitablar yenidən yazılıb, şəkillər yenidən çəkilib, hər bir heykələ, küçəyə, abidəyə yeni ad verilib, bütün tarixlər dəyişdirilib. Və bu proses dəqiqəbədəqiqə, günbəgün davam edir. Tarixin hərəkəti dayandırılıb. Partiyanın haqlı sayıldığı bitib-tükənmək bilməyən bu gündən başqa heç bir zaman məfhumu mövcud deyil”.) (“1984”)



İstədiyi zamanda istədiyi mənəviyyat sahələrinin (məsələn, ədəbiyyatın) lazımsızlığı mesajını verir və üstündən xətt çəkə bilir, meyarları və dəyərləri dəyişdirir, alt-üst edir: cahili, nadanı başa itələyir, aqili, kamili ayağa sürüşdürür… Məmləkətləri və dünyanı çalxalayan belə “anti” ideya “birləşdiriciləri” əslində vahid platforma əsasında işləyir və özlərinin hazırladığı “İblisanə idarəetmə proqramı”nın C.Oruelin dediyi kimi, bircə ideya mənbəyi var: “…və haradasa naməlum yerdə bütün bu işlərə rəhbərlik edən beyin mərkəzi tam məxfi şəkildə fəaliyyət göstərirdi”…



Necə ki, nəzatərçiləri Uinstonun üstünə salan da, sonda öldürülməsinin qarşısını alan da O`Brayen idi. Uinstonun ağrıdan nə zaman qışqırmalı olduğuna o qərar verirdi. İstintaqa nə zaman ara verilməsi, nə zaman yeməsi və yatması, qoluna nə zaman iynə vurulması – hamısı O`Brayenin hökmünə bağlı idi. Qarşıya sual qoyan da, cavabları təklif edən o idi. İşgəncə verən də, müdafiə eləyən də, cəllad kəsilən də, dost olan da o idi! Bir dəfə isə,-Uinston həmin sözləri dərmanın təsiri altında qaldığı, həqiqətən yatdığı, yoxsa oyaq olduğu vaxt eşitdiyini xatırlaya bilmirdi,- bir səs yavaşcadan qulağına pıçıldamışdı: “Harahat olmayın, Uinston. Burada mənim himayəmdəsiniz. Yeddi il sizə göz qoymuşam. İndi sınaq anı gəlib çatıb. Mən sizi xilas edəcəyəm. Mən sizi mükəmməl insana çevirəcəyəm”. Eşitdiyi səsin sahibinin O` Brayen olduğuna qəti əmin deyildi. Lakin eyni səs yeddi il əvvəl başqa bir yuxuda ona “Biz heç zaman qaranlıq olmayan yerdə görüşəcəyik!”-demişdi”. (“1984”)



Çox ağrılıdır… “xilas olma” və “mükəmməl insana çevrilmə” yolunda Uinstonun başı nələr çəkmir. Onun içindəki o inadkar insancığazın, belə demək mümkünsə, anasını ağlar qoyurlar… Demək olar ki, Uinstonu və onun sevgilisi Culiyanı fiziki və mənəvi olaraq “söküb” təzədən öz istədikləri kimi “yığırlar”...



Q.Markes “Patriarxın payızı”nı “Yüz ilin tənhalığı”ndan əvvəl yazmağa başlayır, amma nədənsə tamamlaya bilmirdi. Bizim romançılardan fərqli olaraq, axtardığı, real cizgilərini tam formalaşdıra bildiyi diktator obrazını tapmadığı üçün qələmini saxlayır və axtarışını davam etdirir... Və günlərin birində o möcüzə baş verir. Markes deyir: “…Kuba inqilabı nəhəng bir işə – Batistanın generalı Soso Blankanın edam edilməsinə imza atdı. Blankanın işinə, bütün dünya ölkələri jurnalistlərinin iştirakı ilə açıq məhkəmədə baxılırdı. Bu, həyatımda gördüyüm ən müdhiş mənzərələrdən idi. Onun törətdiyi bütün qanlı cinayətlər, şübhəsiz ki, sübuta yetirildi və müttəhim ölümə məhkum edildi. Sarsıntılar içində kirimişcə oturub dinləyirdim. Ölüm hökmü oxunanda, mən Blanko ilə üz-üzə dayanmışdım: onun sifətində bircə əzələ də tərpənmədi, yalnız dizləri azacıq titrədi. Bu, mənim üçün kəşf kimi bir şey oldu və düşündüm ki, çoxdan axtardığım, həsrətində olduğum diktator məhz odur. Lakin sonralar çox götür-qoy elədim, diktatorlar haqqında bütün yazılanları – məktubları, bioqrafiyaları, reportajları oxudum. Yazmağa başlayanda isə həmin faktlardan istifadə eləməməyə çalışırdım. İstəyirdim ki, mənim qəhrəmanım mövcud diktatorlardan heç birinin əkiz tayı olmasın”. (“Patriarxın payızı”) Kolumbiya yazıçısı Markes də jurnalist və siyasətçi olub. Onun üçün səsi eşidilən, nəfəsi gələn, hərəkətdə olan zaman və mühit reallığının portretini, bizim toxuna biləcəyimiz canlı, tanış, dogma insan obrazlarını yaratmaq Sizif əməyi kimi bir iş idi. Markes jurnalist olanda da, bədii yaradıcılıqla məşğul olduğu zamanda da öz həqiqətinin qulu olub. Məqalənin əvvəlində də qeyd etdiyimiz kimi, cəmiyyət , demək olar ki, yazara və publisistə eyni problemli mövzuları təklif edir. Müəllif şəxsiyyəti isə dəyişməməlidir….



Jurnalist kimi yazdığı məqaləyə görə Markes Diktator Qustavo Roxas Pinilyonun qəzəbinə tuş gəlir və ölkəni tərk etməli olur. “Mənim macəralarım haqqında həqiqətlər” adlı oçerkər seriyasındakı yazılardan birində (1950) Kolumbiyanın hərbi gəmisində xilas olunmuş ekipaj üzvlərindən bəhs edir. Qaçaqmalçılıqla məşğul olan həmin gəmidəki dənizçini hökumət qəhrəman kimi təqdim edir və onu əfsanələşdirir. Markesin jurnalist araşdırması, cəsarəti bu yalanı ifşa edir və xalq həqiqəti bilir… Bu misalı təsadüfən çəkmədim. Markes cəmiyyətə yüzlərlə belə sağlam, həqiqi informasiya bəxş edən publisist olub və bu materiallar onun roman yaradıcılığında reallığın simasını formalaşdıran faktlara çevrilib. Jurnalistika onun real dünyayla əlaqələrini möhkəmləndirib. Müəllif özü də müsahibələrində qeyd edirdi ki, o, romançı kimi daha azaddır nəinki jurnalist… lakin maraqlıdır ki, Markes də Corc Oruell kimi romandan publisistikaya, publisistikadan da romana keçəndə üslubları, hər üsluba xas Ifadə özünəməxsusluqlarını qarışdırmırdı. Markes ən böyük arzusunu açıqlayanda demişdi ki, həmişə möhtəşəm jurnalist işi ərsəyə gətirmək istəmişəm…



Bütün yaradıcılığı boyu Markes də Corc Oruell də həyatın, axıb gedən və heç kəsə hesabat verməyən məsuliyyətsiz zamanın damarını, nəbzini tutmağa çalışıb. Həm jurnalist, həm də romançı kimi… Barmaqlarını zamanın biləyində saxlayıb, Corc Oruell kədərlə: “Tarixin hərəkəti dayandırılıb”. Markes isə: “Zaman maşını xarab olub” –deyirdi. Hər iki yazıçının dioqnozu eyni idi…Lakin bu xəstə bəşəriyyətin əlacsız, sağalmaz yaralarına baxıb “eh…” deyib keçmədilər, ümidsiz yanaşmadılar bu zavallı məhvolmuşlara… Əksinə, özlərinin son nəfəslərinədək bu insanların başı üzərində dayanıb həqiqəti onların qulaqlarına pıçıldadılar və bundan usanmadılar…



Hər ikisi yalnız nədən yazmağı, yalnız necə yazmağı yox, “nədən necə yazmağı” özlərinə dərd edirdilər. Və bu böyük sənət axtarışının fəlsəfi sualı onların yaradıcılığında, xüsusən haqqında bəhs etdiyimiz romanlarında cavabını tapıb. Markes səmimiyyətlə etiraf edir ki, o Amerika ədəbiyyatında “İtmiş nəsil” nümayəndələrinin əsərlərini oxuyandan sonra anladı ki, onun yalnız təxəyyülə əsaslanan hekayələrinin həyatla o qədər də əlaqəsi yoxdur.



C.Oruellə müqayisədə adama elə gəlir ki, onun (Markesin) mətn hadisələri, obrazları, təsvirləri, ideyaları və seçdiyi mövzular nisbətən yüngül xarakterli, tez anlaşılan, çox da dərin analitik təhlillər tələb etməyəndir. Fəqət, sadə bir həyat hadisəsinin “canından” kitab-kitab problem çıxaran da odur. “ Sonra bununla bağlı mühüm hadisə baş verdi. 9 aprel 1948-ci ildə siyasi lider Qaitan Boqotazoda vurulanda, Boqotada adamlar dəli kimi küçələrə axın etmişdilər. Xəbəri eşidəndə yataqxanada nahar etməyə hazırlaşırdım. Çıxıb hadisə yerinə qaçdım, amma Qaitanı taksi ilə xəstəxanaya aparmışdılar. Mən yataqxanaya qayıdanda camaat çoxdan küçəyə tökülmüşdü, nümayişlər var idi, mağazaları yağmalayırdılar, binaları yandırırdılar. Mən də onlara qoşuldum. Həmin gün günortadan sonra və axşam yaşadığım ölkənin reallığı ilə üzləşdim, qısa hekayələrimin bu reallıqla nə qədər az bağlı olduğunu anladım. Daha sonra uşaqlığımın keçdiyi Baranqilaya zorla göndəriləndə fərqinə vardım ki, mənim yaşadığım, tanıdığım və yazmaq istədiyim həyat budur.



O gəzintidən qayıdandan sonra “Yarpaq fırtınası” romanını yazdım. Həmin Arakataka gəzintisində anladım ki, yaşadıqlarımın ədəbi dəyəri var imiş və bunu ancaq o zaman qiymətləndirə bildim. “Yarpaq fırtınası”nı yazdığım andan etibarən yazıçı olmaq istədiyimi, heç kimin qarşımda dura bilməyəcəyini, yalnız dünyanın ən yaxşı yazıçısı olmaq üçün çalışmalı olduğunu anladım”.



Markes yazarkən hər vəchlə təxəyyülünü arxa plana keçirməyə çalışıb. Onun Pablo Nerudadan tez-tez örnək gətirdiyi bir misra var: -Tanrım, mahnı oxuyanda kömək elə ki, özümdən uydurmayım… O hər sətirində həyatla, reallıqla əlaqə yaradırdı. Mifik, obstrakt görünən hadisə və obrazları haqqında tənqidçilərin təxəyyüllə bağlı yozumlarını heç cür qəbul etmirdi.



Romanlarınızda jurnalistikanın təsirini necə dəyərləndirirsiniz? –sualına Markes - Bəzən qarşılıqlı təsir olur. Roman yazmağın jurnalist fəaliyyətimə köməyi dəydi, yazdıqlarıma ədəbi rəng qatdı. Jurnalistika da romanlarım üçün çox faydalı oldu, həqiqətdən uzaqlaşmamağıma kömək etdi – deyə cavab vermişdi.



Müəllif özünü onda günahlandırırdı ki, ölkəsində baş verən siyasi hadisələrlə, ictimai təlatümlərlə üz-üzə, göz-gözə dayanmaqdansa “nastalgiyanın arxasında gizlənirdi”…



Onun jurnalistika və ədəbiyyat müqayisəsində digər maraqlı cəhət onda idi ki, o jurnalistikanı tərəfli, yəni konkret meyarları və cəbhəsi olan, ədəbiyyatı isə tərəfsiz – hamı, hər kəs və bütün hadisələr, yaxşı ya pis - hər şey haqqında bitərəf kimi danışan sənət növü hesab edirdi. Və Markes bunu obrazlı şəkildə belə ifadə etmişdi: “Bu dilin çıxış nöqtəsi nənəmin nağıl danışmaq üslubu oldu. Sürrealist və xəyali şeylər danışardı, amma bunu hədsiz təbii edərdi. Nəhayət, istifadə etməli olduğum dili tapandan sonra, on səkkiz ay ərzində hər gün oturub işlədim… Ən əsası üzündəki ifadə idi. Nağılları danışanda üzündəki ifadə heç dəyişməzdi və hamı buna təəccüblənərdi. Əvvəlki cəhdlərimdə “Yüz ilin tənhalığı”nı inanmadan nəql etməyi sınadım. Daha sonra anladım ki, nəql etdiyim əhvalata inanmalıyam, nənəm kimi dəyişilməz “donuq ifadə” ilə yazmalıyam)



Eyni zamanda qeyd edirdi ki, jurnalistika fəndlərini ədəbiyyata rahatlıqla tətbiq etmək mümkündür…



Həm Oruelin, həm də Markesin romanında diktator, zalım hökmdar obrazı sistemin portreti kimi əks olunur. Başqa cür mümkün deyil, bəlkə onların hər ikisi uşaqlıqda saf, gəncliyində ürəyiyumuşaq və s. müsbət keyfiyyətlərə malik insanlar olublar. Amma hakimiyyətin qanunları var. Uinston kimi “sökülüb təzədən yığılmalısan”. Bizim klassik ədəbiyyatda hökmdar problemi, xüsusilə, N.Gəncəvini bütün yaradıcılığı boyu düşündürüb. Elə hey ədalətli hökmdar və daha doğrusu, ədalətlə idarəetmə mexanizmi haqqında düşünüb Nizami… Həmişə fikirləşmişik ki, niyə bu dahi, filosof şair min bir əziyyətlə bütün poemalarında qəhrəmanlarını (məsələn, Xosrovu, Bəhram Guru, İsgəndəri) yetkin, mükəmməl və ədalətli, nizamla, ilahi qanunlarla idarə edən lider kimi təkmilləşdirir (hər poemasında özünəməxsus üslubla onları əvvəl yolunu azmış, harınlamış, şöhrət və eyş-işrətə ram olub xalqı və məmləkəti, taxt-tacı unutmuş hökmdar kimi tanıdıb, sonra qadın məhəbbəti, filosof, alim, müəllim “dərsləri”, müdrik, ibrətamiz öyüd-nəsihətlər, sarsıntılar, itkilər bahasına layiqli hakimiyyət sahibinə çevirir), lakin yenidən taxta qaytaranda – o zaman ki, nağıllardakı kimi, xalqın taleyinin xoşbəxt sonluqlu finalını oxumağa hazırlaşırıq – bədbəxt bir hadisə baş verir: Xosrovu oğlu öldürür, Bəhram Gur mağarada yoxa çıxır, İsgəndər də başqa bir əcəllə dünyasını dəyişir. Bu ideyadan M.F.Axundov da “Aldanmış kəvakib” povestində istifadə edib. Yusif Sərrac ədalətli, ideal şah kimi idarəetməyə hazırdır, lakin əyanlarla xalq birləşib qiyam eləyir, xaos yaranır və Yusif Sərrac yoxa çıxır… Bu klassik məntiq bizə sual verdirir: taxt-tac, hakimiyyət niyə ədalətlə belə tərs mütənasibdir? Cavabını isə haqqında söhbət açdığımız “1984” və “Patriarxın payızı” romanlarından öyrənə bilirik. Hakimiyyət hərisliyi diktatorluğa aparıb çıxarır. Elə bir dərəcəyə ki, orada dayanan nəinki cəmiyyət və təbiət hadisələrinə, hətta kainatın ilahi qanunlarına, zamana, materiyaya, keçmişə belə təsir göstərmək iddiasındadırlar.



Qəribədir, deməli, zamanın da qələmi, taleyi, tarixi onların əlindədir. Hər şey onlardan başlayır. Az qala bəşəriyyət öz mövcudluq tarixini onların tərtib etdiyi kitabdan öyrənəcəkmiş. Hətta materiyaya ağalıq etdiklərini belə sübut etməyə çalışırlar.



Total düşüncədə hakimiyyət-insanın cismi və ən əsası – şüuru, düşüncəsi üzərində ağalıq deməkdir. Tələbə vaxtı oxuduğum bir cümlənin müəllifini dəqiq yadımda saxlamasam da fikir yadımdadır: “Hakimiyyət təkcə sənin vəzifəyə, hakimiyyətə gəlib sərbəst olmağında deyil, ətrafındakıların azadlığını əllərindən almağındadır”...



Partiyaya, “böyük qardaşa”, hakimiyyətə nifrət edən Uinston və Culiya yeganə haqq, ədalət, ümid və xilas yolu hesab etdikləri digər bir “güc”ə - rəhbərinin O`Brayen olduğunu zənn etdikləri əks təşkilata sığınır, daha doğrusu, bu birliyə daxil olub diktaturaya və haqsızlığa qarşı vuruşmaq istəyirlər. İdeal və müqəddəs lider hesab etdikləri O`Brayen onları “imtahan edib” guya dəstəyə qəbul edir: “O`Brayen kreslosunu bir qədər yana çevirib Uinstonla üzbəüz oturdu. Onun həm də Culiyanın adından danışdığını güman etdiyindən qızı, demək olar ki, görməməzliyə vurmuşdu. Bir anlığa göz qapaqlarını bərk-bərk sıxdı. Suallarını asta və ifadəsiz səslə verirdi. Sanki soruşulanlar hamısı onun nəzərində ənənəvi ritual, cavabların çoxunu əvvəlcədən bildiyi imtahan idi.



– Həyatınızı qurban verməyə hazırsınızmı?



– Bəli.



– Adam öldürməyə hazırsınızmı?



– Bəli.



– Yüzlərlə günahsız insanın həyatı bahasına başa gələn təxribatlar

törətməyə hazırsınızmı?



– Bəli.



– Vətəni satmağa, xarici qüvvələrə xidmət etməyə hazırsınızmı?



– Bəli.



– Yalan deməyə, saxtakarlıq etməyə, böhtan atmağa, uşaqların beynini zəhərləməyə, narkotik vasitələrlər yaymağa, fahişəliyə təşviq etməyə, zöhrəvi xəstəliklərlə yoluxdurmağa - bir sözlə, Partiyanın qüdrətini sarsıtmağa, əhalinin əxlaq və mənəviyyatını pozmağa xidmət edən bütün bu işləri görməyə hazırsınızmı?



– Bəli.



– Məsələn, məqsədimizin həyata keçməsi naminə körpə uşağın üzünə sulfat turşusu atmaq tələb olunarsa, buna hazırsınızmı?



– Bəli.



– Görkəminizin tam dəyişdirilməsinə, həyatınızın qalan hissəsini xörəkpaylayan, yaxud liman fəhləsi kimi işləməyə hazırsınızmı?



– Bəli.



– Bizim göstərişimiz olarsa, intihar etməyə hazırsınızmı?



– Bəli.



– Bu sualı ikinizə də verirəm: bir-birinizdən ayrılmağa, bir də heç zaman görüşməməyə hazırsınızmı?



– Yox! - deyə ilk olaraq Culiya dilləndi.



Uinstona elə gəldi ki, cavab verənə qədər xeyli vaxt keçdi. Hətta bir anlığa sanki nitq qabiliyyətini də itirmişdi. Dili heç bir səs çıxarmadan ağzında hərlənirdi. Əvvəlcə bir, sonra başqa sözün ilk hecasını dilinin ucundan geri qaytarmalı olurdu. Cavab verənə qədər nə deyəcəyini özü də bilmirdi.



– Yox! - deyə nəhayət, özünü toplayıb dilləndi.



– Yaxşı oldu ki, bunu dediniz. Bizim hər şeyi bilməyimiz vacibdir.



O`Brayen üzünü Culiyaya çevirdi. Əvvəlkinə nisbətən daha isti bir tərzdə sözlərinə davam etdi.



– Siz başa düşürsünüz ki, o, hətta sağ qalacağı təqdirdə də tamamilə başqa adama çevrilə bilər? Biz ona tamam yeni görünüş vermək məcburiyyəti ilə üzləşə bilərik. Üzünü, hərəkətlərini, əllərinin formasını, saçının rəngini dəyişə bilərik. Hətta səsinin də tamam fərqli olması istisna deyil. Siz özünüz də belə dəyişikliyə məruz qala bilərsiniz. İndi bizim cərrahlar insanı tanınmaz dərəcədə dəyişdirməyi bacarırlar. Bəzən, buna zərurət yaranır. Bəzən, biz hətta aşağı, yaxud yuxarı ətrafları amputasiya etməli oluruq.



– Siz zülmətdə vuruşacağınızın fərqindəsinizmi? - deyə yenidən söhbətə qayıtdı. -Həmişə zülmət və mübhəmlik içində qalacaqsınız. Hansı məqsədə xidmət etdiyini bilmədiyiniz əmrlər alacaq və heç bir müzakirə açmadan onlara tabe olacaqsınız”.(“1984”)



Sonradan bu aldadılmış gənclərin başına olmazın müsibətlərini gətirən də həmin müxalifəti özündən olan iqtidarın nümayəndəsi, ideya, beyin rəhbəri O`Brayen olur...



“1984” romanının süjetindəki hadisə şaxələnməsi geniş deyil. Məzmunu danışmaq istəsək, çox qısa olar. Fəqət, fəlsəfi-ideoloji baxımdan çoxplanlılıq, hər dioloqun, hər monoloqun, hər təsvir detalının öz hekayələri var. Və hər şey siyasətdə əriyir, yoxa çıxır. Hər şey siyasiləşib. Hər şeyin siyasiləşdiyi zaman və məkan isə rejim və diktatura qanunları ilə idarə olunur. Uinston və Culiya mübarizələrində hər itkiyə razılaşır, hər zülmə tablaşırlar, yalnız bir-birlərini satmayacaqlarına əmindirlər. “Avropada sonuncu insanın” – Uinstonun içindəki İlahi xisləti şeytani işgəncələrlə -bədəninin bütün əzalarını tək-tək, hissə-hissə elektrikin, məngənənin, təpiyin, dəyənəyin, çəkicin altında əzib yavaş-yavaş çıxarırlar. Ən çox inad elədiyi “iki üstəgəl iki dörd edər” və heç vaxt sevgilisini satmayacağı qətiyyətinin qisasını isə sona saxlayırlar. O`Brayen onların bu məğlubiyyətini müəllifi olduğu ssenarinin sonuna –finalına qədər uzadır. İnsanlığın qətli proqramında son akkordlar vurulur. Xüsusi həzz və ləzzətlə saf insanlara mənsub olan sədaqət və sevgi, məhəbbət hissinin öldürülməsi, onların bir-birini satması dərəcəsinə çatdırılması prosesi ilə əsər tamamlanır. Sonuncu insanlıq hissi, duyğu və zəkası qaranlığa qərq olur...



Amma totalitarlığın qanunlarında sədaqətin qiymət aldığı başqa məqamlar da var. Məsələn, Markesin diktatorunun oxşarını zəhərli oxla öldürürlər, prezident (əsərdə hər kəs ona “mənim generalım” deyə müraciət edir) öz “ölümünü” və bu ölümə olan münasibəti kənardan seyr edir. Bu “oxşar” tapıntısı Markesin çox uğurlu bədii priyomu idi. Diktator heç kimin ona cəsarət edib deyə bilməyəcəyi həqiqətləri oxşarından - Patrisio Araqonesdən eşidir. (klassik ənənədə təlxəklərin, dəlilərin, balaca uşaqların və s. bu tipli “təhlükəsiz” insanların dilindən deyildiyi kimi...) Oxşarı ona deyir: “ - axı, sizə, yalnız eşitmək istədiklərinizi deyirlər, baş əyib ayaqlarınızı yalayılar, ciblərində isə top-tüfəng gəzdirillər...” əlbəttə, hakimiyyət xəstəsi qoca diktator da bunu yaxşı bilirdi və tədbirli idi. Xalq üçün başı işləməsə də, hakimiyyəti, şəxsi hökmranlıq tarixinin əbədiliyi naminə başı işləyirdi. “ O, bu qənaətdə idi ki, silahlı qüvvələr onun ən təbii və təhlükəli düşmənidi, odu ki, hər ehtimala qarşı, zabitlərin arasında tez-tez nifaq salmağa çalışır, bir dəstənin qulağına, o biri dəstənin onlara qarşı tələ hazırladığını pıçıldayır, bu minvalla ona qarşı nə vaxtsa hazırlana biləcək qiyamın qarşısını beləcə - onların taleyinə yazılanları dəyişərək, onları bir vəzifədən başqa birinə, bir yerdən o biri yerə köçürür, talelərinə yazılanları tay – dəyiş edə-edə, onu ora – bunu bura yerləşdirə-yerləşdirə, aləmi bir-birinə qatır, kazarmaların hər onundan doqquzunu boş patronlarla, dəniz qumu qatılmış saxta barıtla təchiz edir, öz əlinin altında isə - saray zirzəmilərinin birində əla təlim keçmiş arsenal saxlayırdı və bu zirzəminin açarı o biri gizli qapıların açarları ilə bir dəstədə, daim generalın ürəyinin başında cingildəyirdi”. (“Patriarxın payızı”)



Markes əsərdə prezidentin oxşarı olan bu insanın iki cür ölümünü adi macəralı əhvalatlar kimi təsvir edir. Diqqət edin: birinci bu qayğısız və şən, azad adamın - taleyinə qaniçən bir prezidentin oxşarı olmaq kimi cəza yazılan Patrisio Araqonesin mənəvi ölümü təsvir edilir: “Patrisio Araqones adlı inanılmış adamı var idi; bu adam tamamilə təsadüfən, axtarılıb-aranmadan, öz-özünə tapılmışdı; günlərin ir günü prezidentə bu məzmunda bir məlumat çatdırılmışdı: “Mənim generalım, eyni ilə prezident karetinə oxşar bir karet kəndləri gəzir, karetin içində isə avaranın biri özünü sizin adınızdan təqdim edir və deyim ki, heç də pis alınmır, mənim generalım! Adamlar yarıqaranlıq karetdən onun kədərli gözlərini görüblər – bu eyniylə sizin gözlərinizdi, mənim generalım! Onun sarımtıl dodaqlarını – sizin dodaqları, sizin əliniz kimi incə, qadın əlinə oxşar ipək əlcəkli əlini, həmin o əllə karetin pəncərəsindən, yol boyu dizi üstə dayanan xəstələrə duz atdığını və kareti müşayiət edən zabit geyimli iki atlını görüblər. Siz bir təsəvvür edin general, allahsızlığa bir bax!..” Bu məlumatdan sonra prezident o fırıldaqçını yerindəcə cəzalandırmaq barədə əmr vermək əvəzinə, onu prezidentlə səhv salmasınlar deyə, başına çuval keçirilib gizli yolla saraya gətirilməsi barədə göstəriş verdi; deyilənə görə, avaranı dərhal tutub saraya gətirmişdilər və ona təhvil verəndə, özü özünü sanki kənardan görən prezidenti qəribə bir təhqir hissi bürümüşdü; bu küçə adamıyla bu qədər oxşarlıqda nə isə təhqiramiz bir şey vardı; hərçənd ki, onu görən prezident özü-özlüyündə: “lənət şeytana, bu adam mən özüməm ki?!..” - deyə fikirləşmişdisə də, o vaxtlar o adam heç də onun özü deyildi, hətta onun amiranə səsini belə təqlid edə bilmirdi, amma hərifin ovcundakı həyat xətti tam aydın görünürüdü və onu ən çox narahat eləyən də elə bu idi; onda bu yaramazı güllələmək haqqında əmr verməkdən də prezident məhz buna görə çəkinmişdi, görünür bu avaranın ovcundakı tale xəttinin nə cür olursa-olsun, onun taleyinə təsir etməyindən qorxmuşu; Patrisio Araqonesi öz rəsmi əkizi eləmək fikri isə onun ağlına çox-çox sonralar, o, bu təhlükənin tam əsassız olduğunu anlayanda gəlmişdi; bir müddətdən sonra Patrisio Araqones onun əmriylə, ona hazırlanmış altı sui-qəsdi dinməz-söyləməz öz dərisində keçirmiş, dabanlarını taxta çəkiclə döyüb yastıladaraq, ayaqlarını onun kimi sürüyə-sürüyə gəzməyə adət eləmiş, qulaqlarını ağrıdan uğultudan və köpdən əziyyət çəkməyi, rəsmi görüşlərə gecikmək məqsədi ilə, xüsusən qış aylarında, səhər-səhər çəkməsinin, guya dolaşıq düşən bağları ilə, qızılı mahmızı ilə uzun-uzadı əlləşə-əlləşə ağzının içində: “Zəhrimara qalsın bunları, flamand dəmirçiləri ilə bir yerdə! Əllərindən bir iş gəlmir!” - deyərək vaxtı uzatmağı da öyrənmişdi. Bir zamanlar atasının yanında şüşə üfürməklə məşğul olanda, zarafatçıl və çərənçi kimi tanın bu adam, indi həmsöhbətlərinin əslində nə demək tstədiklərini, onların danışığına məhəl qoymadan, gözlərinin dərinliklərindən oxumağı bacaran, sözdə deyilməyənləri bəbəklərdə tutan qaraqabaq qaradinməzə çevrilmişdi... həyatını ali hakimiyyət sahibinin taleyinə yazılmış təhlükələrə qurban verə-verə, ikinci daş onsuz da qoyulmayacaq yerə ilk daşın qoyulması mərasimlərində, dörd bir yanı düşmənlə qaynaşan təntənəli tdbirlərdə - qırmızı lent kəsdiyi təmtəraqlı açılışlarda, doyunca toxuna bilmədiyi əlçatmaz, əfsanəvi gözəllik ilahələrinə tacqoyma mərasimlərində Patrisio Araqones öz miskin taleyi ilə barışaraq, ayrı adamın cildində iştirak etməli olurdu və bütün bunları o, tamahkarlığı ucbatından, yaxud hansısa daxili ehtiyacının, ya inamının diqtəsi ilə eləmirdi; Patrisionun sadəcə, seçmək imkanı yox idi...” (“Patriarxın payızı”)



Bu məqamda markesvari digər bir sarkazm ilə qarşılaşırıq. Prezident öz oxşarına müəyyən hədd daxilində çoxlu azadlıqlar verib. Və bu səlahiyyətlərin içərisində hətta qadınlarından – hərəmxanasından istifadə imkanları da var. “... və o vaxtdan heç kim – nə generalın özü, nə Patrisio Araqones, nə də qadınların heç biri, kimin kimdən boylu olduğunu, kimin kimin oğlu, kimin atası olduğunu heç cür təyin edə bilmədi”. (“Patriarxın payızı”)



Məişət zarafatı kimi səslənən bu cümlələrdə, əslində siyasi notlar və istehza var. Diktatura və totalitarlığın simasızlığı, əxlaqsızlığı, bic törənişləri, əsilsizliyi, cəmiyyətdə, hakimiyyətdə və idarəetmədə olan xaos, qarışıqlıq, heyvani artım mexanizmi...



Prezidentin oxşarı Patrisio Araqonesin ikinci – fiziki ölümü isə onu əsil prezident zənn edib zəhərli oxla ödürdükləri məqam oldu. Mən isə fikrimin əvvəlinə - totalitar düşüncədə sədaqət anlayışının meyarlarına diqqəti yönəltmək istəyirəm. Hamı elə zənn edir ki, prezident ölüb. Əslində isə qoca diktator sağdır və öz “ölümünə” olan münasibəti sarsıntı və heyrət içərisində seyr edir, xalqın və iqtidardakıların – nazirlər kabineti üzvlərinin və s. münasibətini izləyir. “Nəyə görə, lənət şeytana, mənim ölümümdən sonra bu dünyada heç nə dəyişmədi? Axı necə ola bilər ki, günəş elə əvvəlki kimi batır, çıxır, heç yanda büdrəmir də? Axı niyə, ay ana, niyə, bazar günü elə bazar günü qaydasıyla keçir… bürkü də, mənim sağlığımdakı kimi, yeri-göyü yandırıb-yaxır?” (“Patriarxın payızı”) Onu dəhşət bürüyür. Sağ olanda xalqla görüşü və şəhər gəzintiləri zamanı əl-ayağından öpən insanlar indi “onu” lənətləyir və ölmüş vücuduna tüpürür, üstünə həqarətlər yağdırırlar. Amma ona “sədaqətli” olan, öləndən sonra da ona ehtiram göstərən milyonların içindən 3-4 nəfəri (cənazənin önündə donuxub qalan, cəsədi hərbi salamla şərəfləndirən qoca veteranı, tabutun üzərinə əyilib, mərhumun üzüyündən öpən, qolu qara matəm sarğılı kişini, cənazəyə bircə gül qoyan utancaq litsey tələbəsini və vay-şivən qoparan balıqsatanı) General unutmur. Onların sevgisini və sədaqətini qiymətləndirir və töhfələndirir... Deməli, xalqa, vətənə, dövlətə xəyanət etmək olar, amma hökmdatra yox! Nazirlər kabinetinin üzvləri və ona sədaqət andı içmiş yaxınları isə planlar qurur, “rədd olsun 100 illik diktator”- kimi şüarlar səsləndirir. Bəs onun vaxtilə xalq məhəbbəti, xalq sevgisi kimi qəbul etdiyi, gözü ilə gördüyü hadisələr necə olsun? Deməli, “təşkil olunmuş” sevginin özü də prezidentin oxşarı qədər saxta imiş...



“Bu odur! – zənci qadın heyrətlə qışqırdı - Bu odur! Əsl kişiyə eşq olsun!” “Eşq olsun!” - deyə kişili-qadınlı, böyüklü-kiçikli hamı çığırışa-çığırışa ordan-burdan, dükanlardan, qəlyanaltıxanalardan çıxıb karetin başına yığıldılar, “Eşq olsun! Eşq olsun!” - deyə-deyə bir qisim adam qızğın atların cilovundan tutub saxlayır, bəziləri rəhbərin əlini sıxmaq üçün karetə dırmaşırdılar; coşğun insanlar onun başına qeyri-iradi axınla, ən başlıcası isə, o qədər sürətlə yığıldılar ki, o, ovcundakı tapançanın tətiyini çəkən adyutantın əlini saxlamağa güclə macal tapdı: “Adam qorxaq olmaz, leytenant, onlar məni sevir, buna mane olmayın!” Son günlərin təsirli təəsüratlarından və bu sevgi bayramından həyəcanlanan prezidenti general Rodriqo de Aqilar belə, açıq karetdə gəzmək fikrindən döndərə bilmirdi; “Qoy vətən övladları məni başdan-ayağa görsün! Heç bir təhlükə-filan da yoxdur, boş şeydir!” O, heç təsəvvürünə də gətirmirdi ki, limanda baş verən bu çılğın vətənpərvərlik bayramaı öz-özünə alınmışdısa da, qalanı onu təhlükəsiz bir vəziyyətdə vəsf etmək üçün təhlükəsizlik xidməti tərəfindən təşkil edilmişdi; payızın əvvəlində baş verən bu kütləvi sevgi etiraflarından təsirlənmiş prezident bir neçə illik rahiblik həyatından sonra paytaxtdan kənara çıxmağı qərara aldı, milli bayraq rəngində rənglənmiş köhnə qatarını işə salmaq üçün göstəriş verdi və qatar nəhəng şahlığın, kədər və məyusluq vilayətinin sərhədəlri boyu, səhləb çiçəyi və amazon balzaminlərinin kolları arasından meymunları, pələnglərin zolağında uyuyan cənnət quşlarını hürküdə-hürküdə, pişik kimi oğrun-oğrun sürünə-sürünə ölkənin içindən ötərək, prezidentin səhralıqda itib-batan doğma yerlərinə, qarlı kəndlərə göstərərək: “Ehtiyatlı olun, general, siz vətənə lazımsınız!” - deyəndə, o, qəribə özünəarxayınlıqla: “Narahat olma, polkovnik, bu adamlar məni sevir!” deyirdi; sonra o, qatardan birbaşa çay gəmisinə – piano dillərinə oxşar taxta pərləri ilə suda vals oyununun izlərinə bənzər geniş dairələr sala-sala üzən gəmiyə keçdi və gəmi, qardeniya kollarının ürəkvuran qoxusunu, ekvator salamandrlarının, çayın dayaz yerində iylənən cəmdəklərinin üfunətini yara-yara, Allahın yadından çıxmış adamların böyründən üzdü. Uzaq üfüqdə yer üzündən silinmiş nəhəng şəhərin yanğınına bənzər qürub közərirdi. Sahildə isə günün altında yanıb ağaran kasıb kəndlər görününrdü. Bu kəndlərin sakinləri milli bayraq rəngində rənglənmiş qatara baxmaq üçün sahilə çıxsalar da, prezident kayutunun illüminatorundan onları salamlayan ipək əlcəkli əldən savayı ayrı bir şey görmürdülər. O isə sahilə – ona, imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlara, suya atılaraq gəmiyə qədər üzən, prezidentin şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbət çatdırmaq istəyənlərə baxıb kövrələ-kövrələ içini çəkir: - “Bir baxın, kapitan, onlar mənim ardımca üzür! Onlar məni sevir...” - deyirdi. (“Patriarxın payızı”)



“Patriarxın payızı” romanından seçdiyim bu parçada nə qədər ictimai-siyasi yükü olan kəskin ifadə və cümlələr var: “Diktatora qarşı olan çılğın sevgi bayramı”, “onu (prezidenti) təhlükəsiz bir vəziyyətdə vəsf etmək üçün təşkil olunan təhlükəsizlik xidməti”, “kütləvi sevgi etirafı”, “milli bayraq rəngində rənglənmiş köhnə qatar”, “nəhəng şahlığın, kədər və məyusluq vilayəti”, “Allahın yadından çıxmış adamlar”, “imkansızlıq ucbatından, bayraq əvəzinə iri malanqa yarpaqları yelləyən adamlar” ... və Markes fəndi: real, həyati fakt və mənzərələrin yumorlu, satirik ifadə üslubu ilə təsviri, mətn bitəndən sonra isə beynimizdə acı-acı əks-səda verən suallar: Günün altında yanıb ağaran bu kasıb kəndin ac-yalavac, Allahın və şahının da yadından çıxmış, yelləməyə bayraqları belə olmayan insanları öz diktatorlarını nədən bu qədər sevir? Hətta özlərini suya atıb şam süfrəsi üçün diri çəpiş, yaxud quşla dolu səbəti ona çatdırmaqla özlərini xoşbəxt hesab edəcəklərini zənn edirlər... Diktator isə kövrəlir. Xalqının bu qədər sadəlöhv və saf olmasına görə, onu belə acizanə məhəbbətlə sevməsinə görə yox, özünün belə “sevildiyinə görə” riqqətə gəlir. Özünü sevgiyə layiq insan hesab etdiyi üçün mütəəssir olur...



Cəmiyyət artıq baş sındırmaqdan, düşünməkdən yorulub… İnsan kimi qalmaq və zamanını, tarixini, keçmişini, gələcəyini, sağını, solunu bilmək istəyir, amma bacarmır və sonda ruhunu, əqidəsini, arzu və ideyalarını səssizcə təslim edir. Gözləri qarşısında gerçəkliyin cəllad təpiklərinin dabanı altında necə tapdandığının şahidi olur, həqiqət təhrif olunur və yalanlar dadlı saqqızlar kimi ağızdan-ağıza ötürülür… Susmaqdan başqa əlacı olmayan fərd mənəvi mövcudluq əhəmiyyətini itirir və sadəcə maddi-fizioloji say kimi cəmiyyətin cəmliyində burulğana düşüb itir… “Susmaqlarının müqabilində ödədikləri bədəlin nə qədər dəhşətli olduğunun fərqinə varmırdılar. Nələr baş verdiyini bilmək üçün hadisələrin mahiyyətinə maraq göstərmirdilər. Anlamamaq xoşbəxtliyi onları dəli olmaqdan xilas edirdi. Onlar ağına-bozuna baxmadan hər şeyi həzm edir, udduqlarından isə bir ziyan görmürdülər. Buğda dənəsi həzm olunmadan quşun pətənəyindən çıxdığı kimi, udduqları da özündən sonra bu insanların yaddaşlarında heç bir iz qoymadan unudulurdu”. (“1984”) Anlamamaq xoşbəxtliyi, nələr baş verdiyinin fərqinə varmamaq, həqiqəti diri-diri udmaq və bənzətməyə diqqət edin: - Buğda dənəsi həzm olunmadan quşun pətənəyindən çıxdığı kimi, udduqları da özündən sonra bu insanların yaddaşlarında heç bir iz qoymadan unudulurdu...



Bizim diri, həzm etmədən udduğumuz həqiqətlər gələcək nəsillərə gedib çatmayacaq, onların tarixində və taleyində heç bir iz qoymayacaq…



Uinston və Culiyanın dioloqunda maraqlı məqamlar var. Onlar insan ruhunun və mənliyinin qatillərinə necə zərbə vuracaqları haqda nə qədər mülahizələr yürütsələr də, çıxış yolu tapmırlar və nəhayət balaca bir zərbə: “Onlar insanın daxilinə nüfuz edə bilməzlər. Əgər hiss eləsən ki, heç nəyi qoruya bilməyəcəksən, insan kimi qalmağı bacarırsan, artıq onları məğlubiyyətə uğratmış olursan”.(“1984”) Bu məqamda insanı qəhər boğur, vallah… İnsanlıq üçün sonuncu şans, dəryada saman çöpü: İnsan kimi qalmağı bacarmaq! – qəhrəmanlığı…



Amma romanın sonrakı hissələrində məlum olur ki, bu fürsət də əldən çıxdı… Sevgi Nazirliyinin divarları arasında nə baş verdiyindən heç kəsin xəbəri yoxdur. Amma təsəvvür etmək mümkündür: işgəncələr, psixikaya təsir edən dərmanlar, əsəb reaksiyalarını qeydə alan həssas cihazlar, təklik, yuxusuzluq, fasiləsiz istintaqlarla adamı üzüb əldən salmaq... Olmuşları heç cür gizlədə bilməzsən. Onlar istintaq vaxtı faktları kələf kimi cözələyib açırlar, işgəncə metodları ilə sənin öz dilindən çıxarırlar. Lakin məqsəd sadəcə sağ qalmaq deyil, insan kimi qalmaqdırsa, sonda bunun nə fərqi var? Onlar sənin hisslərini dəyişə bilməzlər. Əslində, hətta istəsən belə, özün də o hissləri dəyişmək iqtidarında deyilsən. Onlar sənin nə etdiyini, nə dediyini, nə fikirləşdiyini ən xırda məqamlarına qədər aşkara çıxara bilərlər. Lakin hərəkət və istəkləri sənin özünə də sirli, qaranlıq qalan qəlbin qapılarını heç zaman onların üzünə açmayacaq.



Hər iki romanı (“1984”, “Patriarxın payızı”) oxuyandan sonra düşünürsən: doğrudan da, dünya insanların arzu və istəkləri, sevgi və sayğıları, şüurlu fəaliyyəti ilə deyil, diktatorların zülmü, sitəmi, cahil, nadan, riyakar və rəzil “köməkçilərin” icraçılığı ilə idarə olunur… “Fikir cinayətkarı” və “fikir polisi” –deyilən qütblər yaranıb. Məhkum - “fikir cinayətkarı”dır, hakim – “fikir polisi”… Düşüncənin də cəzası, edamı, qətli varmış bu yaşadığımız çəkilməz dünyada… Bunu hamı, sıravi fərdlər də görür, bilir. Lakin bu rəzalətin həqiqi simasının obrazını, bütün mahiyyəti, xarakteri, özəl keyfiyyətləri ilə bədii inikasını dünyanın tanınan romançıları yaradır. Özü də tələsmədən, psixoloji müşahidələr, ictimai-siyasi təfəkkür, müstəntiq araşdırmaları və yazıçı analizinin sintezi əsasında…



“…arxa qapını itələdik və orda nəhayət ki, onun özünü – orden-medalsız hərbi səhra geyimində, sol tayında qızılı mahmız işıldıyan həmin uzunboğaz çəkmələrində tapdıq; o, Yer üzünün bütün canlılarından qoca vücuduyla, qurunun və suyun ən qədim heyvanlarından da ulu qədimliyi ilə, üzünü balışa basan tək, ovuclarına basıb gizlətmiş vəziyyətdə, döşəmədə üzü üstə uzanmışdı; olsun ki, həmin bu görkəmdə o, öz qəddar -kahin ömrünün neçə-neçə saysız-hesabsız, bitib-tükənməz, gecələrini yatmışdı; amma biz onu kürəyi üstə çevirib üzünə baxanda, həmin dəqiqə başa düşdük ki, onun şəxsiyyətinin təsdiq edilməsi, təkcə, saraya doluşan quzğunların, onun üzünü dimdikləyib tanınmaz hala saldığı üçün yox, həm də sağlığında heç birimiz bu üzü əməlli-başlı görmədiyimiz səbəbindən baş tutan məsələ deyil və hərçənd ki, onun, əjdaha şəkilli bayraqla təsvir olunmuş, cansız əlini sinəsinə bərk-bərk sıxdığı, qızılı çərçivəli, litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi” . (“Patriarxın payızı” )

Litoqrafik portreti hər saat, hər dəqiqə hamının gözləri qarşısındaydı və profili dəmir pulların hər iki tərəfinə döyülmüşdü, poçt markalarının, qarınağrı dərmanlarının, kəmər və sarğıların, ipək pul kisəciklərinin də üzərinə çəkilmişdi –sətirlərini oxuya-oxuya C.Oruelin diktatorunu xatırlayırıq. Hər başını qaldıran kəs lopabığ, baxışları ilə hamını izləyən rəhbərin portreti ilə üzləşir – “Böyük qardaş səni izləyir!” Oruell öz diktatoruna nifrət edir və onun simasını açmaq, xislətini ortaya qoymaq üçün saysız-hesabsız situasiya yaradır. Markes isə öz patriarxına o qədər də qəzəbli görünmür. O, iyrənir, kədərlənir və daima gülür…



(ardı var)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.