Mirzəyev qardaşlarının əməlləri: “Qardaşlar mebel-3” MMC-də it də getdi, ip də

26-06-2019, 10:16           
Mirzəyev qardaşlarının əməlləri: “Qardaşlar mebel-3” MMC-də it də getdi, ip də
“Qardaşlar Mebel-3” MMC şirkətinin sahibləri olan Mirzəyev qardaşları şirkətə yatırım adı altında bir qrup Salyan sakinindən yüz minlərlə manat vəsait toplayıb və ələ keçirib. Pullar həmin şirkətin icraçı direktorunun əli ilə toplanıb, verilən vədlər yerinə yetirilməyəndə isə icraçı direktor ondan pullarını tələb edənlərin qarşısında keçirdiyi iztirablar üzündən infarkt keçirərək ölüb.

Bu əhvalat barədə virtualaz.org-a Mirzəyev qardaşlarının dələduzluq əməllərindən zərər çəkən Salyan sakinləri danışıblar. Şikayətçilərdən bir qrupu redaksiyamıza müraciət edib və mebel biznesi ilə məşğul olan məşhur qardaşların onların vəsaitlərini necə ələ keçirdikləri barədə bəhs edərək məsələnin ictimailəşdirilməsini xahiş ediblər.



Mirzəyev qardaşları isə ona görə məşhur hesab edilirlər ki, bir müddət əvvəl bu qardaşlar arasında mətbuat üzərindən əsl müharibə gedirdi. Onlar bir-birlərini dələduzluqda və digər əməllərdə günahlandırırdılar. Qardaşlar arasında düşmənçilik isə biznes üstündə başlamışdı.

Belə ki, beş qardaş – Ramazan, Hüseyn, Əli, İbrahim və Qərib bir vaxtlar möhkəm ailə klanı təşkil edirdilər, lakin biznesdə tərəfdaşlıq ailə bağlarını dağıdan və ailəni düşmənçilik səviyyəsinə gətirib çıxaran məhək daşı olub. Ailə biznesinin əsasını bir çox illər bundan əvvəl böyük və daha təcrübəli qardaş olan Ramazan qoyub. Onun dəstəyi ilə kiçik qardaşlar Əli və Hüseyn öz şirkətlərini qurublar.

Müəyyən vaxta qədər qardaşlar əl-ələ verib işləyiblər. Ramazan və oğlu Azər Mirzəyevlər özlərinə məxsus “Məmmədogulları” şirkətində, Əli və Hüseyn Mirzəyevlər isə özlərinə məxsus “Qardaşlar Mebel-3” mebel şirkətində. Lakin sonradan onların arasında pul üstündə münaqişə yaranıb. Daha doğrusu ortancıl və kiçik qardaşlar onların “əlini çörəyə çatdıran” böyük qardaşa “atıblar”.



Mirkamil Həsənov və Faiq Qurbanbəyov

İndi isə belə məlum olur ki, həmin ortancıl və kiçik qardaşlar-“Qardaşlar mebel-3” MMC-nin payçıları olan Əli, İbrahim və Hüseyn Mirzəyevlər təkcə böyük qardaşlarına yox, bir qrup Salyan sakininə də iri məbləğdə pul “atıblar”.

Məsələn, redaksiyamıza müraciət edən şikayətçilərdən Salyan şəhəri, Nizami küçəsi, 34 ünvanında yaşayan Qurbanbəyov Faiq Həbib oğlunun nəql etdiklərindən məlum olur ki, onu “Qardaşlar mebel-3” şirkətinə sərfəli yatırım qoymağa şirkətin icraçı direktoru Mahir Cəfərov inandırıb. (Mahir Cəfərov hazırda sağ deyil,-red.)

F.Qurbanbəyov deyir ki, o Mahir Cəfərovu yaxşı tanıyırdı, etibarlı adam olduğuna inanırdı. Günlərin birində M.Cəfərov ona deyib ki, icraçı direktoru işlədiyi şirkətin payçıları olan Mirzəyev qardaşları müəssisənin genişləndirilməsi üçün pul cəlb etməyi tapşırıb.

“Dedi ki, özün də bu fabrikə vəsait yatır, tanıdığın adamlardan da vəsait cəlb elə. Əvəzində səni fabrikdə işlə təmin edib gələcəkdə şirkətin iri mebel mağazalarından birinə müdir qoyarıq. Üstəlik müəssisəyə qoyduğunuz puldan on dəfələrlə artıq gəlir əldə edəcəksiniz. Mən də buna inandım. 2015-ci ildə yaxınlarımla birlikdə cəmi 37 min manat düzəldib Mahirə verdim. Mahir həmin pulu “Qardaşlar mebel-3” MMC-nin təsisçilərindən olan Mirzəyev İbrahim Məmməd oğluna çatdıracağını dedi”,-şikayətçi bildirir.

Pulun verilməsindən xeyli vaxt keçir, amma vədlərdən xəbər-ətər çıxmır. Yəni mebel fabrikinə pul yatıran salyanlıları nə fabrikdə işə çağıran olur, nə onları müəssisəyə yaxın buraxan. Belə olanda onlar F.Qurbanbəyovdan pulları geri istəyirlər. Qurbanbəyov isə öz növbəsində icraçı direktora məsələni çatdırır.

“Mahir bizim yanımızda İbrahim Mirzəyevin telefonuna (şikayətçi Mirzəyevin telefon nömrəsini də redaksiyamıza təqdim edib,-red.) zəng vurdu, dedi müəssisəyə 37 min manat pul qoyan adamlar işlə təmin olunmadıqları üçün pullarını geri istəyirlər. Bu telefon danışığından sonra Mahir bizə bir müddət də gözləməli olduğumuzu dedi, həmin vaxt da başa çatdı. Amma nəticə olmadı”,-Salyan sakini deyir.

F.Qurbanbəyov deyir ki, belə olanda onlar hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini deyiblər. M.Cəfərov yenə İbrahim Mirzəyevə zəng vurub, bu xəbərdarlığı çatdırıb. Amma Mirzəyev buna məhəl qoymayıb.

Şikayətçinin danışdıqlarından: “Mahirin dediyinə görə, İbrahim telefonda ona demişdi ki, yanında çox yüksək mənsəbli adamlar var və pullarını geri tələb edənlərin özlərini tələyə salar. Deyib ki, hələ mən böyük qardaşım, “Kral” ləqəbli Ramazanı demirəm. Qardaşım Ramazanın sayəsində biz istədiyimiz adamı işdən qovarıq, pulunu da vermərik. Beləliklə, it də getdi, ip də...”



Mirkamil Həsənov, Faiq Qurbanbəyov

Salyan rayonunun digər sakini Həsənov Mirkamil Elxan oğlu da eyni sxemlə aldadılıb. O da həmyerlisi Mahir Cəfərova inandığı üçün “Qardaşlar mebel-3” MMC şirkətinə yatırım qoymağa razılaşıb. Çünki görürdü ki, təsisçiləri Mirzəyev qardaşları olsa da həmin şirkəti quran, mebel fabrikini tikib-yaradan əslində Mahir Cəfərovdur.

“Qardaşlar Mahirə söz vermişdilər ki, fabrikin 3-5 faizlik səhmini ona verəcəklər, fabrikə pul qoyanlar isə bir ilə qoyduqları pulun 3-4 qatını geri alacaqlar. Üstəlik orada işlə təmin olunacaqlar. O vaxt Rusiyanın Samara vilayətində işləyib böyük çətinliklə 60 min manat pul yığmışdım ki, iki oğlumun gələcəyini quram. Mahirin dürüst adam olduğuna inandığım üçün bu pulun 57 min manatını fabrikə yatırması üçün ona verdim...”,-hər şeyini itirmiş, oğlanlarından biri hazırda 3-cü dərəcəli xərçəng xəstəsi olan Mirkamil Həsənov göz yaşlarına boğularaq başına gələnləri danışır.

Deyir ki, mebel fabriki tikilib hazır olandan sonra Mirzəyev qardaşları nəinki onun qoyduğu pulu geri verməyib, üstəlik pulları geri tələb edən icraçı direktoru da müəssisədən qovub. Mahir Cəfərov ona inanıb müəssisəyə pul yatıranların borcunu qaytara bilmək üçün hər şeyini satıb, axırda da ürəyi partlayıb ölüb.

“Mirzəyev qardaşlarının onun başına açdığı oyunlara dözmədi, 2016-cı ildə ürəyi partlayıb öldü. O vaxt Mirzəyev qardaşları bizi hədələyirdi ki, 57 min manatı Mahirə verdiyim üçün mənim özümü də məsuliyyət gözləyir. İndi isə itirəcəyim heç nə yoxdur. Oğlumun müalicəsi üçün hər şeyimi, evimin əşyalarını da satmışam, yoldaşımla 6 ay parklarda yatmışıq...”,-çarəsiz şikayətçi danışır.



Onun dediyinə görə mərhum M.Cəfərov Mirzəyev qardaşlarına cəmi 2 milyon manatdan çox pul toplayıb verdiyini deyirmiş. Həmin pulların bir qismi də Mahirin özünün olub. Bu baxımdan Mirzəyev qardaşlarının əməllərindən zərər çəkənlərin sayının daha çox olduğunu deyir.

Mərhum Mahir Cəfərovun həyat yoldaşı Mahirə Cəfərova və oğlu Toğrul da Mirzəyev qardaşlarından şikayət edənlər arasındadır. Onlar deyirlər ki, Mahir Cəfərov özü “Qardaşlar mebel-3” müəssisəsinin qurulmasına 1 milyon manata yaxın vəsait sərf etmişdi. Bu vəsaitin bir hissəsini “AG Bank”dan və “Asses Bank”dan kredit kimi götürmüşdü. Fabrik tikilib ərsəyə gələndən sonra Mirzəyev qardaşları Mahiri müəssisədən uzaqlaşdırır, ona inanıb müəssisəyə pul qoyanların da pulları batır. M.Cəfərov ona inanıb müəssisəyə pul qoyanların pullarının bir qismini qaytara bilmək üçün bütün əmlakını satır, müflis olur.

“Hazırda Mirzəyev qardaşları mərhum həyat yoldaşımın və ona inanıb fabrikə pul yatıranların vəsaitləri hesabına ərsəyə gələn müəssisənin gəlirləri hesabına lüks həyat yaşayır, çoxsaylı bahalı avtomobilləri, malikanələri var . Biz isə bir tikə çörəyə möhtac qalmışıq, evimiz bankda girov olduğu üçün müsadirə edildi. Hazırda öz evimizdə kirayə qalmağa məcburuq”,-Mahirə Cəfərova deyir.

Digər zərərçəkən-Salyan şəhəri, Y.Qasımov küçəsi, ev 6-da yaşayan Abdullayev Azər Seyfulla oğlu da Mahir Cəfərovun vasitəsilə 2015-ci ildə “Qardaşlar mebel-3” MMC-yə 30 min dollardan çox (o vaxtkı məzənnə ilə 24 min manat) yatırıb. Amma pulu verəndən xeyli keçsə də onu müəssisədə işlə təmin etməyiblər, pulu da geri qaytarmayıblar.

“2016-cı ilin yanvarında Mahirin ürəyi partlayıb öldü. Pulumuzu istəmək üçün Mirzəyev qardaşlarına yaxın getməyə ehtiyat edirdik, çünki bizi nüfuzlu adamlarla və böyük qardaşı “Kral Ramazan”la qorxudurdu...”,-o danışır.

Redaksiyamıza müraciət edən Salyan sakinləri deyirlər ki, onların bildiyinə görə təkcə Mahirin əli ilə “Qardaşlar mebel-3”ə pul verənlərin sayı 15-dən çoxdur. Onların arasında Cəlilabad, Masallı sakinləri də var. “Yəqin ki, məsələ ictimailəşəndə onlar da şikayətlərini çatdıracaqlar”,-onlar deyir.

Aldadılan şəxslər indi ölkənin hüquq-mühafizə orqanlarının rəhbərlərinə, prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və digər bütün mümkün instansiyalara, o cümlədən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayətlər yazaraq Mirzəyev qardaşlarından pullarının geri alınması üçün kömək xahiş edirlər.

G.Əliyeva

Virtualaz.orgшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.