Nazirlik rəsmisinin adı bu saxtakarlıqda hallanır - İTTİHAM

19-07-2019, 09:26           
Nazirlik rəsmisinin adı bu saxtakarlıqda hallanır - İTTİHAM
Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə baş verən qanunsuzluqlarla bağlı redaksiyamıza şikayət məktubu daxil olub.

Məktəbin adının açıqlanmasını istəməyən müəllimlərindən biri saytımıza yazır ki, Pedaqoji Şuranın yekun iclasından sonra bu təhsil ocağında böyük korrupsiya faktı aşkarlanıb. İddia olunur ki, bu korrupsiya əməlinin başında Göytəpə şəhər 1 nömrəli tam orta məktəbin direktoru Zaur Ələkbərov dayanır.

Mənbə fakt olaraq qeyd edir ki, 11-ci siniflərin birində şagirdlərin siyahısının sonuna Əliyev Siruz adlı daha bir nəfərin adı qeyd olunub və bütün fənnlərdən ona “qiymət” yazılıb. Ən maraqlısı isə odur ki, kimliyi hətta fənn müəllimlərinə bəlli olmayan bu şagirdə onların xəbəri olmadan məktəb direktoru tərəfindən yüksək qiymətlər yazılıb. Dərs ilinin sonunda isə bütün bunlar əsasında həmin şəgirdə attestat da verilib.

O da qeyd olunur ki, Siruz Əliyev Göytəpə şəhər 1 nömrəli tam orta məktəbdə oxumayıb, Biləsuvar Litseyindən qovulduqdan sonra qanunsuz olaraq bu təhsil ocağında şagird kimi qeydiyyata alınıb.

“Belə bir qanunsuz əməliyyatı həyata keçirən direktor Zaur Ələkbərov hansı maraqlarını təmin edib? Bu məsələnin araşdırılması ictimaiyyət, eləcə də məktəbin kollektivi üçün maraqlı olardı. Hansı ki, Pedaqoji Şura iclasından sonra həmin şagirdin adı jurnala yazılmış, bütün fənnlərdən bal və qiymət verilmişdir” – deyə mənbə sonda vurğulayıb.

Əldə etdiyimiz məlumata görə, Biləsuvar Litseyindən qovulan Əliyev Siruz Ziyafət oğlunun valideyni övladının Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində təhsilini davam etdirməsi üçün 31.01.2019-cu il tarixində Təhsil Nazirliyinə müraciət edib. 06.07.2019-cu il tarixində təhsil nazirinin müşaviri, nazirliyin İnformasiya şöbəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Elnur Məmmədov şagirdə sözü gedən məktəbin 11-ci sinfində oxuması üçün icazə verib. Maraqlıdır ki, tədris ili bitəndən 20 gün sonra şagird bir məktəbdən digərinə necə köçürülə bilər? Və dərs ili boyu məktəbdə oxumayan şagirdə müəllimlərin xəbəri olmadan necə qiymət yazıla və atestat verilə bilər?! Dahi Mirzə Ələkbər Sabir yerində söyləmiş:

Çox ucuz qiymətə hər şey satıram,

Ay alan! Məmləkəti-Rey satıram!\

Məmləkəti-Rey satılan ölkədə atestat da, diplom da, hər şey satılar ki, bu da bizim faciəmizdir..

“Bu fakt mənim tərəfimdən aşkarlanıb”

Cəlilabad rayon Göytəpə şəhər 1 nömrəli tam orta məktəbində baş verən qanunsuzluğu təsdiq edən Hüseynov Murad Əli oğlu “Hürriyyət”ə bildirdi ki, o, həmin məktəbdə Fiziki tərbiyə müəllimi işləyir: “2019-cu tədris ili boyu belə bir şagirdi mən görməmişəm. Bu fakt mənim tərəfimdən aşkarlanıb. Artıq Təhsil Nazirliyinin Nəzarət şöbəsi bu işi nəzarətə götürüb. O şagirdə mənim və digər fənn müəllimlərinin adından qiymət yazılıb. Amma mənim xəbərim yoxdur. İlin sonunda Pedoqoji Şuranın iclasından sonra məktəbə getdim ki, jurnallara baxış keçirim, görüm nə çatışmamazlıq var və tərəfimdən aşkarlandı ki, qeyd etdiyiniz həmin şagirdin adı jurnala yazılıb. Orada illik qiymətləndirmə, bal, summativ, eyni zamanda BSQ çıxarılıb. Bu da birbaşa məktəb rəhbərliyinin vəzifə səlahiyyətlərindən sui-istifadə edib, dövlət jurnalında saxtakarlığa yol verməsidir. Bununla bağlı mən aidiyyatı qurumlara izahat vermişəm ki, elə bir şagird tanımıram. Mən ilboyu elə bir şagirdin üzünü görməmişəm, kimliyindən də xəbərim yoxdur. Eyni zamanda bunu digər müəllimlər də təsdiq edə bilər. 10-a yaxın fənn müəllimi var. Bunların hər birindən maraqlana bilərsiniz ki, belə bir şagirdi tanıyırsınızmı?”

Məktəbin digər müəllimi Sadıqov Anar Tofiq oğlu dedi ki, o, həmin sinfə dərs deyir, ancaq həmin şagird onun bölməsində deyil, başqa müəllimin bölməsindədir: “Bədən tərbiyə dərsində sinif bölündüyünə görə mənm bölməmdə deyil”.

“Mənim elə bir şagirdim olmayıb, nə də qiymət yazmamışam”

Həmin məktəbdə 11-ci siniflərə dərs keçən Məmmədov İkram İbrahim oğlu isə dedi onun elə bir şagirdi olmayıb, nə də qiymət yazmayıb: “Həmin şagirdə atestat veriblərsə, deyə bilmərəm. Çünki o rəhbərliyin işidir. Fakt o şagird barəsində mənim heç bir məlumatım yoxdur. Bu gün iki şagird gətirsələr, o da onların içində olsa, bilmərəm hansı şagirddir”.
Hurriyyet.orgшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.