Bir sərgi stendinə 600 min manat?! - “Analoqu olmayan” reklam xərci (FOTO)

6-12-2019, 00:06           
Bir sərgi stendinə 600 min manat?! - “Analoqu olmayan” reklam xərci (FOTO)
Hazırda davam edən “Bakutel 2019” sərgisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin 9 qurumu iştirak edir və öz layihələrini nümayiş etdirir. Həmin qurumların arasında Dövlət Radiotezliklər İdarəsi də var.

“AzPolitika.info” xəbər verir ki, sözügedən idarə ölkə başçısının da qatıldığı bu tədbirdə təqdim etdiyi yeniliklərdən daha çox həmin sərgidə iştirakına görə xərclədiyi olduqca böyük vəsaitlə diqqət cəlb edib. Məsələ ondadır ki, Dövlət Radiotezliklər İdarəsi "Sərgi avdanlıq və qurğularının dizayn, montaj və demontaj işləri" adı ilə "Elcom" MMC şirkətinə 600 min manat vəsait ödəyib. Bu, bir sərgidə iştirak üçün görülən işlərin dəyərinin dəfələrlə, bəlkə də 10, hətta 100 dəfələrlə şişirdilməsinə dair şübhələr yaradır. Çünki bu məbləğin hesabına nəinki hansısa bir idarənin sərgi, reklam stendini, ümumilikdə bütöv bir ortabab sərginin özünü maliyyələşdirmək mümkündür.

"Elcom" MMC ilə bağlanan 600 min manatlıq müqavilə özündə avadanlıqların dizayn, montaj və demontajını nəzərdə tutur. Bu işinsə belə baha qiymətləndirilməsi haqlı şübhələrə yol açır. Çünki adi bir sərgi stendinin hazırlanmasına silinən bu məbləğə Bakıda bir neçə mənzil, yaxud ofis almaq mümkündür.

Məlumat üçün qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin strukturuna daxil olan Dövlət Radiotezliklər İdarəsi ölkə ərazisində mülki məqsədlər üçün radiotezlik spektrinin uçotunu, həmin tezliklərdə işləyən radioelektron vasitələrinin qeydiyyatını aparır, radiomonitorinq, efirə radionəzarət işlərini yerinə yetirir və s. 2018-ci ilin mayında idarəyə Rahid Ələkbərli rəis təyin olunub.

Sözügedən idarənin "Elcom" MMC ilə bağladığı 600 min manatlıq müqavilə isə bu il həmin şirkətlə imzalanan yeganə sövdələşmə deyil. Belə ki, il ərzində bu şirkətlə ümumi dəyəri 829 min manat olan 6 müqavilə imzalanıb. Rəsmi sənədlərdə "Elcom" MMC-nin qanuni təmsilçisi kimi Elnur Şəfiyev göstərilir.

Qeyd edək ki, Azərbaycan iqtisadiyyatında dövlət qurumlarının tenderləri və satınalmaları hələ də ən çox korrupsiya, dövlət vəsaitlərinin mənimsənilməsi sahələrindən biri olaraq qiymətləndirilir. Əksər müstəqil ekspertlər bu sahədə qayda-qanun yaradılmayana qədər büdcə vəsaitlərinin səmərəli istifadəsinin və biznesdə azad rəqabət mühitinin yaradılmasının mümkün olmadığını bildirirlər.

Aşağıdakı fotoda Dövlət Radiotezliklər İdarəsinin “Bakutel 2019” sərgisindəki stendi əks olunub:
шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.