Lerikin icra başçısının müavini 5 ildir borcunu qaytarmır...

16-04-2015, 16:49           
Lerikin icra başçısının müavini 5 ildir borcunu qaytarmır...
Bakı sakini Nağı İsmayılov redaksiyamıza müraciət edərək, Lerik Rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Cəlil Baxşəliyev tərəfindən aldadıldığını, 5 ildən artıqdır ondan 3 min manat borcunu ala bilmədiyini deyib.

Şikayətçi bildirir ki, 2009-cu ildə Cəlil Baxşəliyev bir yaxın adamı vasitəsilə ona müraciət edib, Lerik rayonunda yol çəkilişində istifadə etmək üçün “YK 18” markalı ekskavatorunu icarəyə götürmək istədiyini bildirib. Tərəflər texnikanın 2 aylıq icarəsi məsələsində anlaşıblar. Razılığa görə, Lerik Rayon İcra Hakimiyyəti, icra başçısının müavini Cəlil Baxşəliyevin qismində texnikanın 2 aylıq icarəsi üçün vətəndaşa 9 min manat ödəmək barədə öhdəlik götürüb. “Bu razılıqdan sonra Cəlil müəllim mənə dedi ki, icra başçısı təzə gəlib, ona görə nə hörmət edə bilərsən. Mən də dedim ki, ekskavatorun Lerikə aparılması xərcini – 700 manatı da mən ödəyirəm. Bu da olsun başçıya şirinlik.”

Şikayətçi deyir ki, 2 aylıq razılıq əldə etmələrinə baxmayaraq, Cəlil Baxşəliyev texnikanı 3 aydan sonra geri qaytarıb. Üstəlik də 9 min manat əvəzinə cəmi 6 min manat ödəyib, yaxın günlərdə 3 minin ödəniləcəyinə söz verib. Lakin 5 ildir dəfələrlə müraciət etməsinə baxmayaraq, müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınır.

“Əvvəllər tez-tez zəng edirdim, tezliklə ödəniləcəyini deyirdi. Lakin sonra telefon nömrələrini dəyişdi. Bir dəfə durub Lerikə getdim və İcra Hakimiyyətində Cəlil müəllimlə görüşdüm. İcra başçısı ilə danışdıqdan sonra yenə də vəd verib məni yola saldı. Bu vədi də elə vəd olaraq qaldı.”

Nağı İsmayılov icra başçısının müavininin yalan vədlərindən bezərək məsələni ictimailəşdirmək qərarına gəldiyini deyir. Əgər bundan sonra da borcunu ödəməzsə, Cəlil Baxşəliyevi məhkəməyə verəcəyini bildirir.

Vətəndaşın şikayəti ilə bağlı aprelin 2-də Lerik Rayon İcra Hakimiyyətinin elektron poçtuna göndərdiyimiz sorğuya cavab verilmədi.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.