”Kamal Abdullanın iş prinsipləri ondan ibarətdir ki, o, təhqir edəndə susmalısan”

9-08-2019, 00:16           
”Kamal Abdullanın iş prinsipləri ondan ibarətdir ki, o, təhqir edəndə susmalısan”
“Universitetə öz əsəri kimi baxdığından ssenarisi üzrə də idarə edir”

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla ilə filologiya-jurnalistika fakültəsinin keçmiş dekanı Vüsalə Ağabəyli arasındakı qalmaqal artıq məhkəmə müstəvisinə keçib.

Rektor Kamal Abdulla qarşı tərəfi və “xural.com” saytını məhkəməyə verərək 10 min manat təzminat tələb edir. Eyni zamanda, rektor “kilis.az” saytında Vüsalə Ağabəyli barədə ciddi ittihamlar səsləndirib, məhkəmə instansiyalarının onun xeyrinə qərar qəbul edəcəyini bildirib.

Meydan TV-nin suallarını Vüsala Ağabəyli cavablandırıb.

– Vüsalə xanım, rektor Kamal Abdulla ilə qarşıdurma nədən başladı və münasibətlər nə üçün məhkəmə müstəvisinə keçdi?

– Kamal Abdulla dostunun qızını bəhanə edib mənə hücum etdi, sonrakı müsahibələrində fərqli mənzərə ortaya qoydu. Etiraf etdi ki, öz komandasını yaratmaq istəyir, Vüsalə Ağabəyli də onun komandasının üzvü deyildi və özünə uyğun, xasiyyətinə bələd olduğu adamı fakültəyə dekan təyin etmək istəyir. Bir növ də dostunun qızını da bəhanə kimi istifadə etdi.

– Amma o, sizi tədris prosesində çox ciddi nöqsanlara görə töhmət almaqda ittiham edir. Nöqsanlarınız nədən ibarətdir?

– 2018-ci ilin oktyabrından noyabrına qədər, bir ay ərzində Təhsil Nazirliyinin təşkil etdiyi Akkreditasya Komissiyası Dillər Universitetinin bütün fakültələrində araşdırma aparmışdı, həm tədris sənədləri, həm elmi fəaliyyət, həm ixtisasların göstəriciləri araşdırıldı və qənaətbəxs sayıldı. Əgər mənim cüzi də olsa səhvim olsaydı, kənardan gələn ekspertlərin diqqətindən yayınmazdı. Bəs niyə nazirliyin ekspertləri hər hansı nöqsanı və faktı aşkara çıxara bilmədilər? Amma bundan sonra mən Kamal Abdullanın dostunun qızının dərsində iştirak etdim və dərsi düzgün təşkil etmədiyini gördüm.

– Ümumiyyətlə, dostu kimdir, konkretlik gətirə bilərsinizmi?

– Söhbət Çərkəz Qurbanlının qızı Nərgiz Qurbanlıdan gedir. Kamal müəllim əvvəllər bizim universitetdə çalışıb, Ümumi Dilçilik Kafedrasının müdiri idi, həmin illərdə onun bir neçə dostu olub. Mənim atam Dillər Universitetində işləməyib və onunla dostluq münasibətləri olmayıb deyə, məni təhqir etməli, əzməli və ağlına gələn davranışı göstərməlidir?! Bu gün rektor vaxtilə dost olduğu insanların övladlarına himayədarlıq edir, idarəetməni dostluq münasibətləri üzərində qurur ki, sabah həmin adamlardan da istifadə etsin.

– Rektorun söylədiklərinə görə sizi bir il əvvəl dekan vəzifəsindən çıxartmaq istəyib, amma yalvarmağınız nəticəsində qərarını dəyişib. Hətta belə bir cümlə işlədib: “Bir qadının bu qədər yalvarmağı müqabilində işdən çıxartmağa ürəyim gəlmədi, sonra gördüm mümkün deyil…” Belə bir hadisə olubmu?

– Sizcə, bu, akademik cümlədir, yaxud fikirdir?! Əgər bir dekanın rektorun dediyi dərəcədə nöqsanları varsa, yalvarıb ağlamaqla kimisə işə götürürlər və ya işdən çıxarırlar?

– Bəlkə, rektorun dediyi kimi sizin iş prinsiplərinizlə rektorun iş prinsipləriniz uyğun gəlmir? Ümumiyyətlə, nədən ibarətdir onun iş prinsipləri?

– Kamal Abdullanın iş prinsipləri ondan ibarətdir ki, o, təhqir edəndə susmalısan, onun dostlarına xüsusi meydan verməlisən, nəhayət, heç bir yerdə nöqsanlardan danışmamalısan.

– Təhqir edir?

– Əlbəttə, özü də çox açıq formada təhqir edir.

– Bu, siz tərəfdən ciddi ittihamdır, müəllimlər də, kollektiv də susur?!

– Hamı susur, çünki işlərini itirmək istəmir. Susmayanda mənim kimi hədəfə gəlirlər. Biri var dəhlizdə qeyri-etik ifadə işlətsin, biri də var Elmi Şuralarda, rektoratda. Səni ayağa qaldırıb çox kobud, rektora yaraşmayan ifadə işlədir, ardınca sual edir ki, xoşun gəlmir? Səndən cavab gözləyir ki, görsün, hansı cavabı verəcəksən. Bəziləri də “Kamal müəllim, ərk edirsiniz” deyə reaksiya verir. Çox qəribə vəziyyət yaranıb. Kamal Abdulla bizi təhqir edir, böhtan atır, amma bizim iddialarımızı Dillər Universitetinin ünvanına yönəldir. Niyə kollektivi bu məsələyə qarışdırır? Əgər rektor çox ideal idarəetmə qurduğunu sübut etməyə çalışırsa, hamının ondan razı olduğunu göstərmək istəyirsə, etiraz edən bir-iki nəfərin fikirlərindən niyə narahat olur? Yaxud humanizmdən danışır və deyir ki, Vüsalə Ağabəylini işdən yox, vəzifədən çıxarıb, Elmira Baxışəliyeva yaşlı olduğu üçün kənarlaşdırıb, bəs Pərvin Mürsəlovanı niyə işdən uzaqlaşdırıb?

– Sizə töhmətin açıq dərsdəki nöqsanlarınıza görə verildiyi bildirilir, əsası varmı?

– Deyilənlərlə razılaşmıram. Çünki mən açıq dərsi rektorun əmri əsasında təşkil etmişdim. Əmrdə göstərilməyib ki, dərs 90 dəqiqə dinlənilməlidir, mən tərəfdən əmrin sonunda göstərilən meyarların hamısına riayət olunub. İkinci, o biri komissiya üzvləri niyə gizlədilir? Suala cavab yoxdur, mən də bilmirəm. Məsələ ondadır ki, 6-7 nəfər komissiya üzvünün hər biri protokolu imzalayıb, məgər, mən onları məcbur etmişəm?

– Sizdə protokol varmı?

– Əlbəttə. Onlar gördükləri dərsi qiymətləndiriblər. Sual yaranır, niyə onlara başqa bir irad bildirilmir, münasibətləri dinlənilmir? Yaxud nə üçün təklif olunmadı ki, Nərgiz Qurbanlının dərsi yenidən təşkil olunsun, buyursun keçsin? Birinci dəfə 4 bal alıb, ikinci dəfə təşkil olunsun və 10 bal alsın.

– Ümumiyyətlə, universitetdə, töhmət proseduru necədir, rektor qərarı özü qəbul edir, yoxsa, Elmi Şuranın, yaxud başqa bir komissiyanın təqdimatı əsasında əmr verir?

– Dekabrın 17-də Elmi Şurada etiraz çıxışı etdiyimə görə elə həmin günü töhmət verdi.

– Hansı məsələ haqda çıxış etmişdiniz?

– Nərgiz Qurbanlı məsələsinə görə. Rektor dedi ki, sən bizi barmağına dolamısan, ürəyin istədiyin kimi onu qiymətləndirmisən, o, mənim dostumun qızıdır…

– Eləcə də deyir ki, dostumun qızıdır…?

– Bəli, eləcə də deyir. Hələ bir də əlavə edir ki, sən kimə ilişdiyini bilmirsən…

– Bunları da deyir?

– Bəli, deyir və gözləyir ki, mən susam. Əlimi qaldırıb “olar münasibət bildirim” demək istəyirəm, cavab verir ki, lazım deyil sənin münasibətin.

– Yəni 50 ilə qədər yaşı olan Dillər Universitetində professor, müəllim yoxdurmu ki, rektora dayan desin?

– Bir nəfər dedi, Tərbiyə İşləri üzrə prorektor və sosial məsələlər üzrə müşavir Ələddin müəllim, amma bugünkü gündə onun pis vəziyyətdə qalmasını istəmirəm. Ələddin müəllim etiraz etdi və pis vəziyyətə düşdü, hazırda o heç yerdə yoxdur və sonradan elə vəziyyətə düşdü ki, haqqımdakı məlum rəyi imzalamağa məcbur oldu.

– Siz bu məsələn ictimailəşdirməzdən əvvəl rektora müraciətlər etmisinizmi?

– Rektor dekabrın 17-də mənə töhmət verib, razılaşmamışam və bir gün sonra, dekabrın 18-də müraciət etmişəm. Müraciətimdə hüquqi əsaslar göstərdim, Əmək Məcəlləsinin maddələrinə istinad edərək töhmətin qanunsuzluğunu ortaya qoydum. Cavab gözlədim, amma bunun əvəzində Nərgiz Qurbanlının kabinetimə hücumu təşkil edildi. Düşünüldü ki, bəlkə mən də onun üslubunda cavab verim, ancaq heç bir reaksiyam olmadı. Bundan sonra Nərgiz Qurbanlı ağlına gələn ifadələr işlətdi, az qaldı əl qaldırsın, bunu görənlər var. Təsəvvür edin ki, işçilər Nərgiz Qurbanlını otağımdan necə çətinliklə çıxartdılar. Hətta mənə irad tutdular ki, niyə Nərgiz Qurbanlının səsini yazmısan, nə üçün yazmamlıydım?! Axı mən hansı formada Qurbanlının nəslimə, atama söydüyünü necə sübut edə bilərdim? Ümumiyyətlə, Nərgiz Qurbanlı rektorun dostunun qızı olduğuna görə atama söyməlidir? Mənim atam onun atasından da yeri gəlsə, qat-qat artıq insandır. Dekabrın 17-də mənə töhmət verib, bir gün sonra əmr imzalayır ki, bu töhmət əmrində verilən müddəalar araşdırılsın. Sual yaranır, əvvəla, araşdırardın və töhmətin uyğun olub-olmamasını bilib sonra verərdin də. İkincisi, dekabrın 17-də töhmət verilib, 3 gün sonra, 20 dekabrda Nərgiz Qurbanlının müraciətini yazıblar. Hətta xronologiya da uyğun gəlmir, təşkilatçılıq işi də düzgün qurulmayıb.

– Siz işə getmədən necə maaş tələb etmisiniz, buna aydınlıq gətirə bilərsinizmi?

– Elə şey ola bilər? İşə getməyən adam necə maaş tələb edə bilər? Rektor kart sisteminə mayın 1-dən keçib, əgər kartım işləməyibsə, mayın maaşını necə almışam? Maaşım yarımştat dosent maaşıdır, fəlsəfə doktoruyam, aldığım maaş 340 manatdır. İyunda maaşımı kəsib. Qərəzli addımdır. Necə olur ki, rektorun komandasında olanlar işə gəlmir, amma maaş alırlar?!

– Dediklərinizi faktlarla təsdiqləyə bilərsinizmi?

– Bəli.

– Məsələn, kimlər?

– Asudə xanım Kamal Abdullanın sağ əli sayılan Nüşabə Tanrıverdiyevanın yaxın qohumudur, baxmayaraq ki, bunu inkar edir. Onu xadimə adı ilə yazdırsalar da, işə gəlmir. Mən bu məsələni aşkarlayan kimi işdən uzaqlaşdırdılar. Əgər yalan idisə, niyə işdən çıxartdılar? Deməli, bu adam işdə olmadığı halda 326 manat maaş alırdı, amma mən dosent kimi 300 manatımı ala bilmirəm.

– Nüşabə Tanrıverdiyevanın vəzifəsi nədən ibarətdir?

– Nüşabə Tanrıverdiyevanın vəzifəsi hər şeydir, universditetdə həm maliyyə, həm işəgötürmə məsələlərinə baxır, hər şeyə nəzarət edir. Bu adam yeməkxana işçilərinin də gəlib-getməyinə nəzarət edir.

– Rəsmi vəzifəsi nədir?

– Ad olaraq maliyyə işləri üzrə müşavir gedir, amma mühasibatlığın da işlərinə nəzarət edir.

– Əvvəllər Dillər Universitetində çalışıbmı?

– Xeyr, Nüşabə Tanrıverdiyevanı Slavyan Universitetindən gətirib.

– Vüsalə xanım, ikinci töhməti işdə bir dəfə olduğunuz üçün aldığınız bildirilir. Doğrudanmı, işə getmirsiniz və töhməti buna görə almısınız?

– Əgər kartım işləmirdisə, ayda bir dəfə necə sistemə düşüb? Bu, necə olur? İşləyən kartdırsa, o biri günlər niyə hesablanmayıb? Bu suallara cavab verilməlidir.

– Kamal Abdulla universitetdəki bu vəziyyəti komik adlandırıb, sizin tərəfdən bu mənzərə necə qiymətləndirilir?

– Kamal Abdulla universitetə öz əsəri kimi baxdığından ssenarisi üzrə də idarə edir. Yəni nə qayda-qanun, nə əsasnamə, nə də Əmək Məcəlləsi nəzərə alınır, yalnız özünün qanun və qaydaları işləyir, heç kəs də buna etiraz edə bilmir.

– Bəlkə Kamal müəllim universitetin idarəetməsində daxili əsasnaməyə əsaslanır?

– Axı daxili əsasnamədə elə bir şey yoxdur. Elmi Şura var və onun əsasnaməsinə görə dekanı işdən çıxartmaq üçün ən azı onun rəhbərlik etdiyi fakültə Elmi Şurasının üçdə iki hissəsi rektor qarşısında vəsatət qaldırmalıdır. Akkreditasya Komissiyasının mənim fəaliyyətimi noyabrda qənaətbəxş hesab etdiyini yuxarıda söylədim, dekabrda isə rektorun 3 nəfərdən ibarət yaratdığı komissiya nə qədər “nöqsanlar” aşkarladı, bunlar töhmət əmri verəndən sonra olub. Sual yaranır, əgər pis dekan idimsə, fakültə Elmi Şurası rektor qarşısında niyə vəsatət qaldırmayıb?

– Təhsil nazirinə, Milli Məclisin Elm və Təhsil Komitəsinə və Prezident yanında Təhsil Komissiyasına müraciət etmisinizmi?

– Bəli, adını çəkdiyiniz bütün qurumlardan məhkəməyə müraciət etmək haqda cavab məktubu almışam.

– Bəs təhsil naziri ilə görüşə cəhd etmisinizmi?

– Əlbəttə, əvvəl alınmadı, sonra səhhətimdə problem olduğundan Türkiyəyə getdim, o zaman məni axtarıblar. Yenə cəhd edəcəm.

– Sizə universitetdə açıq və gizli formada dəstək verənlər varmı?

– Dəstək verənlər çox idi, amma qorxurlar. Təsəvvür edin ki, şöbə-şöbə gəzib tapşırıq verirlər ki, “Facebook”da, universitetin səhifəsində Vüsalə Ağabəylinin əleyhinə status, şərh yazıb, cavab verin ona. Və bunu yazandan sonra da şəklini çəkib göstərirlər ki, filankəslər yazdı. Yalnız yeməkxana işçisi və xadimə qalıb ki, səhifəmə şərh yazmasın, çox təəssüf ki, “copy past” şəklində şərhlər yazırlar, məsələnin məğzini bilmirlər. Əgər onlar yazdıqlarımdan stressə düşürlərsə, niyə səhifəmi izləyirlər, izləməsinlər də? İkinci də stressə düşənlər bəs Kamal Abdullanın addımlarından niyə stressə düşmürlər, təsəvvür edin ki, akademik-rektor o boyda kollektivi əleyhimə qaldırıb.

– Yəni trollar ordusu yaranıb?

– Tam doğrudur və açıq şəkildə çalışırlar, bunu gizlətmir də. Məsələ ondadır ki, başqa tələbələr mənə deyirlər ki, sizə dəstək şərhlərini silirlər, bəs hardadır burda söz azadlığı?! Görün, hansı vəziyyətdir ki, jurnalist yetişdirən universitetin rektoru gənclər üzərində bu cür manipulyasiya edir, hələ bu gənclər gələcəyin jurnalisti olacaqlar, indidən onları hansı hala salırlar?! Tələbələr məni çox dəstəklədilər, ayağa qalxmışdılar, xəstəxanada yanıma gəldilər ki, qayıdım yerimə. Baxın, Kamal müəllim onların məni müdafiə etmələrini iğtişaş adlandırır, amma özünün dostunun qızı, Tərcümə fakültəsinin dekanı Bənövşə Məmmədovanın yerini dəyişəndə, tələbələr etiraz etdiyi üçün onu dekan sevgisi saydı. Niyə ayrı-seçkilik edirsən, hanı bəs eyni dediyin prinsip? Rektor burda Konstitusiyanı da pozur.

– Sizinlə bərabər cəzalandırılan həmkarlarınız da var, onlar universitetdə korrupsiya hallarının olduğunu iddia edir, deyilənləri bölüşürsünüzmü?

– Korrupsiya varsa da, günahkar rektordur, o, vəziyyəti tənzimləməli, problemləri aradan qaldırmalıdır. Əgər mənim adi müəllimə dərsi düzgün təşkil etmək haqda söz demək haqım yoxdursa, nəyə müdaxilə edə bilərəm? Ola bilməz ki, rektorun universitetdəki vəziyyətdən xəbəri olmasın, bir semester dərsə gəlməyən tələbələr var…

– Elələri də var?

– O cür tələbələr çoxdur və məndə də onların adı var. Semestr boyu dərsə gəlmir və fəxri məzun kimi universiteti bitirir. Çünki onlar Kamal müəllimin trollar ordusundandır. Təxminən 70-ə yaxın belə tələbə var, az deyil.

– Vüsalə xanım, Kamal Abdulla məhkəmələrdə də qalib gələcəyini deyirsə, bundan sonra nə düşünürsünüz?

– Mən geri durmayacam, bu, mənim üçün iş məsələsi deyil. Mən Kamal Abdulladan nə vəzifə istəyirəm, nə kreslo, nə də başqa bir şey. Ümumiyyətlə, onun rektor olduğu zaman heç bir administrativ vəzifədə çalışmaq istəmirəm. Sadəcə, onun qanunsuz hərəkətlərini sübut etmək istəyirəm. Demək istəyirəm ki, siz bu insanlarla bu cür davranış sərgiləyə bilməzsiniz və işçiləri təhqir etmək olmaz. Sona qədər gedəcəm, biz məhkəməyə verməmişdik, amma rektor hələ fevralda təkidlə deyirdi ki, buyursunlar, müraciət etsinlər, görsünlər, kim qazanacaq. O zaman deyirdi ki, məhkəmələrin nəticəsi universitetin xeyrinə olacaq. Hələ iddia ərizəsi ilə tanış olmadan hardan bilir ki, xeyrinə həll olunacaq? Görünən odur ki, hələ onun xeyrinə gedir. Amma bu, o anlama gəlməsin ki, yerli məhkəmələrin və medianın qarşısını almaqla susacağıq, biz beynəlxalq mətbuata çıxacağıq. Kamal Abdullanın yerli mediaya ciddi təsiri var, hansı orqanda əleyhinə yazı, yaxud informasiya yayıldısa, həmin media orqanı məhkəmə ilə hədələnir. Artıq “xural.com” məhkəməyə verilib. Biz xarici mediaya çıxacağıq, bunun üçün tərcüməçiyə ehtiyacımız yoxdur, çünki ingilis dilini bilirik. Yerli məhkəmlərdə qarşımızı alacaq, üz tutacağıq Avropa Məhkəməsinə, görək, orda necə qarşımızı alacaq?!

Natiq Cavadlı/Meydan.Tvшаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.