“Fəxr etdiyimiz Azərbaycanın ailə institutu təhlükə ilə üz-üzədir” - deputat

11-10-2019, 09:52           
“Fəxr etdiyimiz Azərbaycanın ailə institutu təhlükə ilə üz-üzədir” - deputat
YAP-ın Nəsimi rayon təşkilatının sədri, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu, həmçinin Səhiyyə komitələrinin üzvü Məlahət İbrahimqızı “Yeni Müsavat”a geniş müsahibə verib. Gündəmin aktual məsələlərini, həmçinin cəmiyyəti maraqlandıran digər mövzuları əhatə edən söhbətimizi təqdim edirik:

- Məlahət xanım, parlament yeni baş naziri yekdilliklə dəstəklədikdən sonra Əli Əsədov tribunadan bir sıra vədlər verdi. Təbii ki, deputatların da hökumətdən gözləntiləri var. Necə hesab edirsiniz, baş nazirin təyinatının ardınca yeni, işlək kabinet formalaşacaqmı?

- Səmimi olaraq deyərdim ki, çox uğurlu seçimdir. Ölkəmiz və xalqımız üçün xeyirli olsun! Əslində dünyanın inkişaf etmiş prezidentli ölkələrində, Baş nazir daha çox iqtisadi və sosial profilli olur. Parlamentdə də hörmətli Əli Əsədovun həm akademik səviyyədə, həm də təcrübi olaraq çox peşəkar bir iqtisadçı olması haqqında yetərincə danışıldı. Baş nazirimiz yüksək şəxsi keyfiyyətlərə malik bir insandır. Bu mənada inşallah, onun işlək, təcrübəli və xalq arasında yüksək nüfuza malik bir kabinetinin formalaşacağına ümidliyəm.

- Milli Məclisin son iclasında məişət zorakılıqları, xüsusilə də dəhşətli ailədaxili qətllərlə bağlı həyəcanlı çıxışlar oldu. Amma elə bunun ardınca növbəti analoji hadisələr baş verdi. Sizcə, cəmiyyətdə nə baş verir? Bu dəhşətli halların çoxalmasının qarşısını necə almaq olar?

- Dünya statistikası göstərir ki, dünya insanlarında getdikcə aqressivləşmə prosesi gedir. Bunun çox səbəbləri var. Düşünmürəm ki, cəzaları ağırladırsaq, bu cinayətlər azalar. Bu problemlər ciddi təhlil edilməli, araşdırılmalıdır. Bu problemin ildən-ilə artmasında əlbəttə, qlobalaşmanın və ondan doğan çağırışların da çox böyük təsiri var. Çox təəssüf ki, maarifləndirmə hələ də yetərincə deyil. Burada mətbuatın da müsbət mənada böyük rolu və məsuliyyəti var. Əksinə, bugünkü mətbuat daha aqressiv, ağır işgəncə hallarını gündəmdə daha çox saxlayır. Sosial şəbəkələrə nəzarət yoxdur. 18 yaşına çatmayan uşaqların internet üzərindən məşğuliyyətinə nəzarət hədsiz çətindir. Xaricdən ixrac olan zorakılığı, qəddarlığı təbliğ edən filmlər, daha çox efir məkanını tutur. Nəticədə cəmiyyətimiz sizin dediyiniz problemlərlə daha tez-tez üzləşir. Bu baxımdan bu problemlərə kompleks yanaşma olmalıdır.

- Ölkəmizdə boşanmaların sayı da durmadan artır. Cəmiyyətimiz niyə bu hala gəldi? Səbəb nədir, sosial problemlər, internet, yoxsa...

- Bu statistika mənim də ürəyimi ağrıdır. Fəxr etdiyimiz Azərbaycanın ailə institutu təhlükə ilə üz-üzədir. Əgər o cəmiyyətdə ki, ailədaxili şiddət, zorakı hadisələr, işgəncə halları artırsa əlbəttə boşanma halları da artacaqdır. Ailələrin dağılma halları ilə, cəmiyyətdəki, qəddar və zorakı halların artması paralel gedir. Ülvi və müqəddəs hislər şiddət hissələri ilə əvəz olunur. Müvafiq dövlət qurumlar vətəndaş cəmiyyəti birgə bu problemlərə qarşı mübariz aparmalıdir.

- Deputat həmkarınız Aytən Mustafayeva bu günlərdə müsahibələrinin birində demişdi: “Elə deputatlar var ki, onları üzdən tanımıram”. Məlahət xanım, parlament niyə belə bir vəziyyətə düşdü ki, nəinki seçici, deputatını, hətta bir deputat digərini tanımadı?

- Mən həmkarımla bu məsələdə razı deyiləm. Əgər Aytən xanım hansısa deputatı tanımırsa, deməli, o deputat da deyəcək ki, mən də Aytən xanımı tanımıram. Bu cür yanaşma və dəyərləndirmə fikrimcə, doğru deyil. Tanımaq və tanınmaq üçün nələrsə etmək lazımdır.

- Siz YAP-ın rayon təşkilatına rəhbərlik edirsiniz, yəqin “siyasi mətbəx”dən kifayət qədər məlumatlısınız. 2020-ci il parlament seçkiləri ilə bağlı gözləntiləriniz necədir? Tərkibdə ciddi dəyişikliklər olacaqmı?

- Ümumiyyətlə, normal seçkiyə gedərkən əvvəlki siyahının təxminən 30%-i dəyişir. Sözsüz ki, Azərbaycanda da ötən parlamentlərin dəyişən tərkibinə baxsanız, bunun şahidi olarsınız. 2020-ci ildə də YAP-ın yenidən iqtidar partiyası adını qazanacağına əminəm. Mənim namizədliyim hər dəfə partiyamız tərəfindən irəli sürülür. Mənim bir partiya üzvü olaraq, borcumdur ki, partiyamın hər bir tapşırığını icra edim. Məncə, hələ seçkidən danışmaq çox tezdir.

- Məlahət xanım, bir neçə aydan sonra ölkə boyunca icbari tibbi sığortanın tətbiqinə başlanılacaq. Səhiyyə komitəsinin üzvü kimi, necə hesab edirsiniz, bu işin öhdəsindən cəmiyyət olaraq gələ biləcəyikmi? Çünki tarix boyu olmayan hadisədən söhbət gedir...

- Artıq uzun illərdir ki, cəmiyyət bu məsələni müzakirə və müşayiət edir. Ölkədə üç rayonda pilot layihə həyata keçirilir və çox da uğurla. Düşünürəm ki, dövlətimizin əhalinin sağlamlığı ilə bağlı siyasətini həyata keçirmək üçün həm əhali, həm də səhiyyə işçiləri buna tam hazırdır.

- Prezidentin “Qarabağ Azərbaycandır. Nida” bəyanatı son günlərin ən çox müzakirə olunan mövzusu oldu. Yəqin sizin də bu haqda demək istədikləriniz var...

- Bəli, Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının yüksək səviyyəli plenar sessiyasında cənab prezident özünün növbəti, çox qətiyyətli və cəsarətli bir çıxışını etdi. Bildiyiniz kimi bir neçə müddət idi ki, qondarma Ermənistan dövlətinin baş naziri Nikol Paşinyan Xankəndinə gedərkən belə bir ifadə işlətmişdi ki, “Qarabağ Ermənistanın bir parçasıdır və nöqtə”. İşğalçı dövlətin əsasız bir ifadə işlətməsi onu labirintə saldı. Cənab prezident cümləbəcümlə, sözbəsöz onu ifşa etdi. Və ən azı sadə bir fikir demək istəyərdim ki, Paşinyan işğalçı dövlətin baş naziri olduğunu düşünmədi. Düşünmədi ki, nöqtədən sonra digər durğu işarələri gələ bilər. Məsələn nida, hədə işarəsi... Plenar sessiyada möhtərəm prezidentimiz Qarabağın 25 ildən artıq müddətdə işğal altında qalması, Beynəlxalq təşkilatların Azərbaycan ərazilərinin işğal olunmasına, ərazi bütövlüyümüzün pozulmasına bugünədək beynəlxalq təşkilatların susqunluq göstərməsini çox açıq və çox qətiyyətlə səsləndirdi. O bildirdi ki, “Azərbaycanda bizi qətnamələrin yerinə yetirilməsinin reallaşdırılmasının seçmə xarakteri narahat edir. Bəzən onlar bir neçə gün ərzində yerinə yetirilir, bəzən isə müəyyən hərbi əməliyyatların həyata keçirilməsində onlara, ümumiyyətlə, ehtiyac qalmır. Bizimlə bağlı məsələdə isə qətnamələr kağız üzərində qalır”. Göründüyü kimi, fikirlərində ikili standartlara işarə edən möhtərəm cənab prezident ATƏT-in Minsk Qrupunu, həmsədr ölkələrindən biri olan Rusiya ərazisində səsləndirdi.

Digər tərəfdən, möhtərəm cənab prezident vurğuladı ki, Ermənistan baş naziri son zamanlar tez-tez münaqişənin həlli Azərbaycan xalqı, Ermənistan xalqı və “Dağlıq Qarabağ xalqı” üçün məqbul olmasını qeyd edir. Bu fikrə cavabında möhtərəm prezident “Dağlıq Qarabağ xalqı” məfhumunun mövcud olmadığını, sadəcə Dağlıq Qarabağın əhalisinin olduğunu, münaqişə başlayana qədər bu, bərabər hüquqlara malik olan Azərbaycan və erməni əhalisindən ibarət olmasını qətiyyətlə ifadə etdi. Çıxışını davam etdirən möhtərəm Prezident 1921-ci ildə Qafqaz bürosunun qərarında Dağlıq Qarabağın Azərbaycana verilməsi deyil, onun Azərbaycanın tərkibində qaldığının göstərildiyini səsləndirdi. Mən bu sözləri ona görə demirəm ki, millət vəkiliyəm. Rusiya ərazisində və Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilən belə mötəbər bir tədbirdə belə qürurla, qətiyyətlə səsləndiyi faktlar Azərbaycan xalqının ürək sözləri idi. Azərbaycan xalqını narahat edən fikirlər və suallar idi. Azərbaycan xalqının beynəlxalq təşkilatlara, ATƏT-in həmsədrlərinə vermək istədikləri suallar idi. Hər kəs möhtərəm cənab prezidentimizin bu fikrini çox yüksək qiymətləndirir. Möhtərəm prezidentimizin bu çağırışı cəmiyyətə bir mesaj idi. Bu çıxış həm də “Qarabağ Azərbaycandır”, “Qarabağ bütöv bir Azərbaycandır” mənasını özündə əks etdirir. Biz hər birimiz Qarabağlıyıq, torpaqlarımızın işğaldan azad olunmasında da hər kəs Qarabağlı olmalıdır.

- Yeri gəlmişkən, baş nazirin müavini Əli Əhmədov isə bu adda hərəkatın təsis olunmasına çağırıb. Siz bu barədə nə deyə bilərsiniz?

- Möhtərəm prezidentimizin bu çıxışı Azərbaycanda 2016-cı il Aprel döyüşlərindəki əhval-ruhiyyəni yaradıb. Bu gün ictimaiyyət yaşından, vəzifəsindən cinsindən asılı olmayaraq sanki Ali Baş Komandanın əmrini gözləyir... Əslində möhtərəm prezidentimizin bu qətiyyətli çıxışı və “Qarabağ Azərbaycandır. Nida” deməsinin çox mənaları var. Bu, həm beynəlxalq təşkilatlara Azərbaycan xalqının səbrinin tükənməsi, danışıqlar prosesinin dalana dirəndiyi, ATƏT-in həmsədrlik institutunun iflası deməkdir. Bu xalqımızın səfərbər olunmağın vaxtının çatdığını ifadə edən fikirlərdir. Yəni haqq-ədalət, beynəlxalq hüquq xalqımızın tərəfində olduğu halda beynəlxalq təşkilatların susqunluğu qəbuledilməzdir. Bu gün dünya erməniliyi uydurduğu yalanla dünya ictimaiyyətində çaşqınlıq yaratmaqla bərabər eyni zamanda bu yalan ətrafında bir şəbəkə yaradıblar. Bu mənada hörmətli Baş nazirin müavini Əli Əhmədov Qarabağ hərəkatının yaranmasının və bütün xalqın bu hərəkata qoşulmasının zəruri olduğu fikirləri səsləndirib. Mən də hesab edirəm ki, bu gün 7-dən 77-yə hər kəs bu hərəkata qoşulmalıdır. Düşünürəm ki, Azərbaycan anaları, qadınlarımız bu hərəkatın öncüllərindən olacaq. Yeri gəlmişkən, biz də bu gözəl təşəbbüsə dəstək olaraq cənab prezidentin Qarabağla bağlı çıxışını 6 dilə tərcümə etdirib kitabça şəklində nəşr etdirmişik. Hesab edirik ki, möhtərəm prezidentin mötəbər tribunadan səsləndirdiyi Qarabağ həqiqətlərini yaymaq üçün hər birimiz əlimizdən gələni etməliyik.

- Məlahət xanım, YAP rəhbərliyində təmsil olunan Siyavuş Novruzov eks-nazirlərə ünvanlı kəskin xəbərdarlıqlar etmişdi, hətta bəzilərini xaricdəki müxalifəti maliyyələşdirməkdə suçlamışdı. Sizdə bu barədə nə kimi məlumatlar var?

- Mən Siyavuş Novruzovun müsahibəsinə münasibət bildirmişdim. Bu müsahibənin bir qismi ilə razılaşsam da, bəzi məqamlarla razı olmadığımı demişdim. Siyavuş müəllim çox təcrübəli bir siyasətçidir və YAP-ın yaradılmasında xüsusi xidmətləri var. Əlbəttə, siyasətdə açıq mövqe bildirilməlidir.

- Bir müddət öncə sabiq deputat həmkarınızın öz vəsiqəsini girov qoymasına kəskin reaksiya vermişdiniz. Artıq Rafael Cəbrayılov deputat deyil. Amma onun sonrakı açıqlamaları oldu, yəqin ki, izləyə bildiniz. Onun dediklərini necə qəbul etdiniz? Hansısa məqamda keçmiş həmkarınıza haqq qazandırdığınız, yaxud acıdığınız oldumu?

- Millət vəkili olmaq çox şərəfli bir görəvdir. Ölkənin təxminən 40 mini seçki yaşlı vətəndaşının təmsil etmək hüququnu qazanmaqdan şərəfli nə olar ki? İnsanlar sənə etimad edir, inanır, özünün səsi hesab edir. Nəticədə bütün ümidləri puç olur. İnanın, səmimi deyirəm, bugünkü seçicilərlə işləmək çətin deyil. Onların əsas istəyi, tələbi seçdiyi insana əlinin çatmasıdır, onu istədiyi vaxtda görə bilməsidir. Necə olur ki, biz seçki vaxtı özümüz seçicinin ayağına gedə bilirik, amma seçildikdən sonra yox? Və birdə seçici istəyir ki, onu təmsil edən millət vəkili onu ləyaqətlə təmsil etsin. Bu qədər. Bilirsiniz, biz millət vəkilləri 10 milyon əhalinin içindən seçilirik, ona görə hər an məsuliyyətimizi düşünməliyik. Rafael Cəbrayılovun məsələsinə çox sərt münasibət bildirdiyim üçün təkrar bu mövzuya qayıtmaq istəməzdim. Sözsüz ki, çox acı hekayədir...












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.