“Orada iki nəfər qalıb - bir molla, bir seyid...” - İsgəndər Həmidov

16-10-2019, 10:34           
“Orada iki nəfər qalıb - bir molla, bir seyid...” - İsgəndər Həmidov
Azərbaycan Xalq Hərəkatının (AXH) qurultayı yaxınlaşır. Konkret gün açıqlanmasa da, qurultayın 26 oktyabrda keçiriləcəyi barədə “Yeni Müsavat”a mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatı dəqiqləşdirmək üçün AXH-nin qurucusu, sabiq daxili işlər naziri İsgəndər Həmidovla əlaqə saxladıq. Ona gündəmdə olan başqa mövzularla bağlı da suallarımızı ünvanladıq.

- İsgəndər bəy, 26 oktyabrda AXH-nin qurultay keçirəcəyi barədə məlumatlar yayılıb. Doğrudurmu?

- 26 oktyabrda qurultay olmayacaq. Amma hərəkatın İdarə Heyəti həmin günlə bağlı mitinq çağırıb. Həmin iclasda mən olmamışam. Bununla bağlı, məncə, artıq məktub da yazılıb. Yaxın günlərdə qurultayın olacağı istisna deyil.

- Əgər mitinq qərarı verilibsə, nə üçün bundan ictimaiyyətin xəbəri yoxdur?

- Məktub yazılmamış qanunvericiliklə təbliğat aparmaq düzgün deyil. Təbliğat məktub təqdim ediləndən sonra veriləcək. Bilirsiniz ki, ayın 19-na Milli Şura mitinq çağırıb. İstəmirik ki, camaat çaş-baş qalsın. Elə olsun ki, bir-birimizə maneçilik etməyək. Hələ vaxta var.

- Qeyd etdiyiniz kimi, Milli Şura da 19 oktyabra mitinq təyin edib. AXH orada iştirak edəcəkmi?

- Bizim qərarımız var. Mitinqi tamamilə dəstəkləyirik. Üzvlərimiz sərbəstdir. Tamamilə iştirak etmək hüquqları var. Amma bizə hələ müraciət olunmayıb. Bunun üçün üzvlərimizə sərbəstlik vermişik. Hər şey onların öz ixtiyarındadır.

- Qurultaya qayıdaq. Ən çox müzakirə olunan məsələ budur ki, İsgəndər Həmidov qurultayda sədr postuna namizəd olacaqmı?

- İsgəndər Həmidov qurultayda sədrliyə namizəd yox, sədr olacaq. Bunu gizlətmirəm. Bu dostlarımın, qardaşlarımın məndən xahişidir. Dedilər ki, sənin son aylarda olmamağın yoxluğunu hiss etdirdi, yerinin boşluğunu gördük. Qurultay üzvləri son sözü deyəcək. Mənim özümün namizədliyimi verməyə hələ ki fikrim yoxdur. Sadəcə, zarafatla dedim. Amma onu da deyim ki, əgər qurultay qərar qəbul etsə, imtina da etməyəcəm.

- Qurultayda başqa namizədlər, konkret olaraq, sizə qarşı rəqiblər olacaqmı?

- Bu işi sərbəst şəkildə hər kəsin ixtiyarına buraxmışıq. Kim istəsə, namizədliyini verə bilər. Mənə elə gəlir ki, namizədliyə xalq hərəkatımızda 50-yə yaxın layiqli insan var.

- Bir hərəkatın sədrinin olması normaldırmı? Partiya deyil, hərəkat olduğunu nəzərə alsaq...

- Xatırlayırsınızsa, Azərbaycan Xalq Hərəkatında da həmin proses getmişdi. Öncəliklə İdarə Heyəti oldu. Sonradan sədr və üç müavin oldu. Bu da çevik idarəetmə üçün idi. Qurultayda müzakirə olunacaq ki, bu belə olsun, ya yox. Mənim düşüncəmə görə, İdarə Heyəti də hələ ki qalmalıdır.

- Sədr olsanız, hərəkatı partiya edəcəksinizmi?

- Belə bir ehtimal yoxdur. Çünki İsgəndər Həmidov başqa bir partiyada - Azərbaycan Milliyyətçi Demokrat Partiyasında (Bozqurd) yarandığı gündən bu günə qədər üzvdür, rəhbərdir. Bundan sonra da bu partiyaya və onun ideyalarına sadiq olacam. Bu baxımdan Xalq Hərəkatının partiyaya çevrilmə ehtimalı yoxdur. Belə bir fikir də yoxdur. Bu barədə düşünmək belə düzgün deyil.

- İsgəndər Həmidovun səhhəti ilə bağlı müzakirələrin bitdiyini deyə bilərik? Hazırda səhhətiniz necədir?

- Əməliyyatlar olmamışdan qabaq olduğum vəziyyətdən qat-qat yaxşıyam. Rahat nəfəs ala bilirəm. Gündə 2-3 kilometr hərəkət edirəm. Amma əvvəl 5-6 addım gedən kimi tövşüyürdüm. Şişi götürüblər. Üç cərrahi əməliyyat asan məsələ deyil. Gələn ilin mart-aprel aylarında yenidən əməliyyat olunacam. Türk mütəxəssislərin dediyinə görə, ondan sonra futbol da oynaya bilərəm.

- Son günlərdə əsas müzakirə mövzusu Müsavat Partiyasının qurultayı oldu. Qurultayı izlədinizmi və nəticə barədə nə deyə bilərsiniz?

- Qurultayı izlədim. Müsavatçıları təbrik edirəm. Hər bir partiyanın həyatında qurultay çox önəmlidir. Üç nəfər namizəd oldu. Seçimi müsavatçılar etdi. Onların hər birinin seçiminə hörmətlə yanaşıram. Qalib gələni təbrik edirəm. Orada gedən proseslər Müsavatın daxili işləridir. Bu partiya ilə müttəfiqik və hər zaman da belə olacaq. Mənim üçün Müsavatda önəmli insanlar olub. İsa bəy, Arif bəy olub. Vaxtilə Rauf bəy orada rəhbərlikdə təmsil olunub. Rəhmətlik Vurğun bəy əsas simalardan idi.

- Namizədlər Arif Hacılı, Tofiq Yaqublu və Yadigar Sadıqlı idi. Ayrı-ayrılıqda bu üç şəxsi necə dəyərləndirirsiz?

- Onların üçü də layiqli namizəd idi. Yadigar bəyi çox sonralar tanımışam. Çox ağıllı, düşüncəli, ölçülü-biçili bir insandır. Tofiq bəy döyüşçüdür, qardaşımızdır. Hər zaman öndə olub. Arif bəylə 30 ildir çiyin-çiyinə mübarizədəyik. İstiqlalçı deputatdır. İstənilən halda, seçim haqqı müsavatçılarda idi.

- Siz deyirsiniz ki, AXH iki hissəyə parçalanmayıb. Amma ikinci qanadın olduğu sirr deyil və həmin qanadda son günlərdə gedən prosesləri necə dəyərləndirirsiz?

- Səninlə mən dağ adamıyıq. Bizdə qeybət qırmaq yoxdur. Onlara uğurlar arzulayıram. İstəməzdim ki, belə olsun. Uzun illərdir onlarla düz-çörək kəsmişik. Hələ başım çıxmır ki, gedən proseslərin sonluğu nəyə gətirib çıxaracaq. Digər tərəfdən, deyirsiniz ki, qarşı tərəfdə də xalq hərəkatı var. Mən bilən axı orada iki nəfər qalıb, biri molla, digəri seyiddir.

- Qarşı tərəfdə Əhməd Oruc və Tahir Abbaslı arasında hətta intim söhbətlər belə ortaya çıxdı. Bu, olduqca utanverici hal olmadımı? Ümumi düşərgəyə zərbə deyilmi? Sizə yönəlik ittihamlar da oldu ki, İsgəndər Həmidov elə insanları hərəkata gətirdi...

- İttiham edənlərə sağ olun deyirəm. Amma onu deyim ki, hərəkatı kimsə kimsəni gətirməyib. Gəlmək istəyənlər gəldilər. Belə söhbətlər Azərbaycan Xalq Hərəkatına deyil, milli mentalitetimizə zərbə vurur. Bizim dəyərlər var. Bunu tapdalamaq olmaz. İstəməzdim ki, belə hallar olsun. O söz-söhbətlərə qarışmaq istəmirəm. Görünür, dünya dəyişilir, mənəvi dəyərlər sıradan çıxmaqdadır. Deyəsən, dəyişməyən səninlə mən qalmışam.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.