"Buna görə hansısa aksiya keçirmək, üstəlik icazəsiz toplaşmağı düzgün hesab etmirəm" - deputat

22-10-2019, 11:51           
"Buna görə hansısa aksiya keçirmək, üstəlik icazəsiz toplaşmağı düzgün hesab etmirəm" - deputat
Srağagün Bakının Nizami küçəsində bir qrup feminist qadın aksiya keçirib. "Tarqovı"ya toplaşan iştirakçılar qadınlara qarşı zorakılıq edilməsini və qadınların qətlə yetirilməsini pisləyiblər. Onlar "Şiddətə susma" şüarını səsləndiriblər. Polis icazəsiz aksiyanın qarşısını alıb.

Aksiyanın keçirilməsindən sonra sosial şəbəkələrdə daha çox bir mövzu ətrafında müzakirələr aparıldı. Qadın hüquqlarına dəstək üçün təşkil olunmuş bu aksiyaya niyə dəstək verilmir?

Bəzi sosial şəbəkə istifadəçiləri hətta bir sıra qadın təşkilatlarını da məsələyə səssiz qalmamağa çağırıblar. Bir müddət əvvəl AXCP sədrinin sədrinin sabiq müavini Fuad Qəhrəmanlının ailəsində baş verənlər səs-küyə səbəb oldu. Hətta bir sıra tədbirlər keçirilib, qadına qarşı şiddət pisləndi. Əksəriyyət bu cür dəstəyin qadın hüquqları uğrunda mübarizə aparan qadınlara da göstərilməsini tələb edir.

Bu barədə Modern.az-a danışan YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı belə bir aksiyadan xəbəri olmadığını söyləyib. O qeyd edib ki, belə bir aksiya ilə əlaqədar heç kim müraciət etməyib:

“Qadına şiddətə hər bir halda qarşıyıq. Bu məsələ hüquqi müstəvidə də tənzimlənir, ən kəskin şəkildə pislənir. Qadının ali varlıq kimi hər zaman hüquqları qorunur. Elə milli-mənəvi dəyərlərimizə də uyğun deyil ki, qadına qarşı şiddət göstərilsin.

Düzdür, biz bir sıra qadın təşkilatlarının rəhbərləri olaraq bu yaxınlarda müzakirələrə səbəb olan Fuad Qəhrəmanlının ailəsindəki hadisə ilə bağlı tədbir keçirdik. Mən özüm də “Lider Qadınlar” İctimai Birliyinin təsisçisi kimi hadisəyə münasibətimi ifadə etdim. Adi bir insanın qadına şiddət törətməsi ilə tanınmış şəxsin, vəzifəli, dövlət adamı, məmur və siyasətçinin törətməsi fərqlidir. Ona görə, bizim etiraz etdiyimiz hadisədə sıradan bir Azərbaycan kişisi qadına qarşı şiddət etməmişdi. Bütün günü hüquqdan danışan, sosial şəbəkələrdə, təşkil etdikləri tədbirdə iqtidarı tənqid edən şəxsin öz ailəsində qadına qarşı zorakılıq etməsinə laqeyd qalmaq da düzgün olmazdı.

Oktyabrın 20-si aksiya keçirən qadınlar bizə bununla bağlı heç bir müraciət etməmişdilər. Əgər bununla bağlı hər hansı müraciət daxil olsaydı, müvafiq addım atıla bilərdi. Çünki bizim digər partiyalarda təmsil olunan qadınlarla birgə tədbirlərimiz, bəyanatlarımız olub”.

Məlahət İbrahimqızı əlavə edib ki, Milli Şuranın mitinqi və “Şiddətə susma” aksiyası arasında əlaqə olduğunu düşünmür:

“Bu aksiyaları fərqli təşkilatlar həyata keçiriblər. Həmin ərəfədə keçirilən hər bir tədbiri mitinqlə əlaqələndirmək də olmaz. Amma istənilən halda “Şiddətə susma” aksiyası da qanunsuz keçirilib”.

Deputat Kamilə Əliyeva isə qadına qarşı zorakılığı qəbul etmədiyini vurğulayıb. Buna baxmayaraq, deputat düşünür ki, hər şey hüquq çərçivəsində həll olunmalıdır:

“Buna görə hansısa aksiya keçirmək, üstəlik icazəsiz toplaşmağı düzgün hesab etmirəm.

Fuad Qəhrəmanlının ailəsində olan hadisəyə hər kəs öz münasibətini bildirdi. Ona görə, qadın hüquqları təşkilatları da bununla bağlı mövqeyini bildirib, müzakirə apardılar. Qanunsuz aksiya şəklində etiraz etdikdə məqsəd öz məcrasından çıxır”.

K.Əliyeva düşünmür ki, iki qanunsuz aksiya arasında əlaqə ola bilər:

“Milli Şuranın mitinqinə ətrafdakılardan demək olar, heç kim qoşulmadı. İnsanların düşüncəsi artıq o səviyyədə deyil. Hər kəs yaxşını pisdən seçə bilir, müqayisə edə bilirlər. Hər dəfə ortaya bir mövzu atıb, qarışıqlıq yaratsalar da, heç nəyə nail ola bilmirlər”.шаблоны для dle 11.2













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.