Dünya liderləri ilə görüşən məşhur jurnalist maraqlı sirləri açdı: "Mandela indi olsaydı..."

15-10-2020, 20:00           
Dünya liderləri ilə görüşən məşhur jurnalist maraqlı sirləri açdı:
Bəzi insanlar ilham mənbəyidir, gücümüzə inamı təmin etmək üçün döyürlər qapımızı. Pandemiyanın dünyaya baxan bağlı pəncərələrini üzümüzə taybatay açırlar. Serbiyanın dünyaca məşhur jurnalisti Vesna de Vinça kimi...

Serbiyalı jurnalist, rejissor, prodüser Vesna de Vinçanın Publika.az-a müsahibəsini təqdim edirik.

- Düşünürəm ki, insan müəyyən yaşa çatandan sonra özünü hamıdan yaxşı tanımağa başlayır...

- Baxmayaraq ki, təhsilimdə doktorluq pilləsinə yüksəlmişəm, özümü “bohem insan” hesab edirəm (gülür). Rəssam, şair, yazıçı dostlarım adətən məni “gülən göz yaşı” bəzən də “samuray qız” adlandırırlar. Bu bənzətmələr mənim üçün ən gözəl komplimentdir. Əsas peşələrim jurnalist və rejissordur. Həmçinin nüfuzlu tədbirlərin təşkilatçısıyam. Ən aktual hadisələri, şəxsiyyətləri izləyib, eksklüziv xəbərlər, müsahibələr hazırlayıram. Dinim səyahət, missiyam jurnalistikaya sitayişdir. 1990-cı ildə “Amerika və Balkanlar”, “Amerika və Yuqoslaviya” və digər silsilə sənədli filmlər hazırladım. Dünyanın ən nüfuzlu telekanallarında toxunulmaz şəxsiyyətlərlə 40-dan çox eksklüziv müsahibələrim yayımlandı. Əminəm ki, uğur əldə etmək üçün ilk növbədə xüsusi düşüncə bacarığı olmalıdır. Sırf bu bacarığım sayəsində Yasir Ərəfat, Nelson Mandela, Müəmmar Qəddafi, Pako Raban, Artur Klark, Elizabet Merdok, Cina Lollobricida kimi ictimai fiqurlarla müsahibələr edib, düşüncələrinin şifrələrini açdım. Özümü həm də alpinist sayıram. Çünki tamaşaçıma, oxucuma özümlə birgə mənəvi dünyanın daha yüksək zirvəsinə qalxmaq imkanı yaradıram. 2004-cü ildən şəxsi prodüser şirkətimi qurdum. 2006-cı ildən isə Parisdə keçirilən Müstəqil Avropa Kinofestivalına qatıldım. Hazırda Oskar mükafatçısı Skott Hillerlə festivalın daimi münsiflər heyətinin üzvüyəm. 90-cı illərdə Serbiya və Monteneqro gözəli yarışmasında birinci yerə layiq görülmüşəm. İndi həmin layihənin təşkilatçısıyam.



Yeni humanizm üçün nəzərdə tutulmuş memarlıq və dizayn konsepsiyaları hazırlayırıq. Serbiyanın Müqəddəs Lazarın cəngavərləri ordeninə layiq görülmüşəm. Belqradın Sava və Dunay çaylarının qovuşduğu yerdə Da Vinça adlı gözəl ərazidə yaşayıb çalışıram. Elə bu adı da özümə təxəllüs götürmüşəm. Vesna de Vinça eramızdan 5000 il əvvəl Dunayın sahilində yaşayıb Vinsent sivilizasiyasının çiçəklənməsi üçün çalışarmış.

- “Mandelanın kodu” kitabınızda əfsanəvi liderin həyat yolundan bəhs etmisiniz. Özü də Nelson Mandeladan ən son eksklüziv müsahibə alan yeganə jurnalistsiniz. Bu müsahibə haqda xatirələrinizi çox böyük həvəslə dinləmək istəyirəm.

- Kitab Mandelanın mənə verdiyi son müsahibəsindəki xatirələrindən ibarətdir. Qalib bilirsiniz kimdir? Heç vaxt arzularından dönməyən xəyalpərəst... Bu həm Mandelanın, həm də kitabın devizidir. O, zəmanəmizin Spartakı idi. Xəyal gücü olmasaydı, fövqəltəbii qüdrəti, hüdudsuz təmkini ilə Cənubi Afrikada hökm sürən vəhşi rejimi müharibəsiz, inqilabsız süquta uğradıb, dünyanın düzənini sülhün qələbəsi ilə dəyişməzdi. Özü də mən sizə aysberqin görünən üzündən danışıram. Qaradərililər əsrlər boyu öz torpaqlarında avropalı istilaçıların zülmünə məruz qalıblar. Bu ecazkar insanın həyat prinsipi mənim də gücümə güc qatdı. Daha böyük məqsədlərin xəyalını qurmağa başladım. 20-ci əsrin ən möhtəşəm insanından müsahibə almağı arzuladım və bu istəyimə çatdım. Lakin Mandela dünyanın ona verdiyi bu dəyərlə heç vaxt razılaşmırdı. Deyirdi, zəmanəmizin ən möhtəşəm şəxsiyyəti Mahatma Qandidir. Qandinin fəlsəfəsi 21-ci əsr sivilizasiyasının xilaskarı ola bilər. Baxın, belə təmkinli və eqosundan qat-qat üstün idi Mandela. Hətta mən ona “Afrikanın Qandisi” deyəndə gülümsədi. Soruşdum ki, bəs üçüncü Mahatma kimdir. Uzun düşüncələrdən sonra cavab verdi ki, Martin Lüter və Çe Gevara bu gücü, qurbanları çiyinlərində gəzdirirlər. 2004-cü ildə Mandela jurnalistlərlə ünsiyyətini kəsmişdi. Hətta ictimai şəkildə elan etdi ki: “Mənə zəng etməyin, özüm sizi axtaracam.” Bilirsiniz, o, 27 illik həbs həyatından sonra prezident olduğu müddətdə 10 mindən çox müsahibə vermişdi. Yəqin yorulmuşdu. Mən onunla 2009-cu ildə görüşməyə nail oldum. Çox gözəl Milad səhəri idi. Mən onu müqəddəs adlandırdım, amma bu bənzətmə ilə razılaşmadı. Söhbətimiz o qədər ilhamlandırıcı idi ki, “Hello” jurnalında yayımlanan müsahibədən sonra kitab yazmaq qərarına gəldim. “Mandelanın kodu” kitabım ingiliscəyə tərcümə olundu. Çalışmışam əfsanəvi liderin fəlsəfəsi, düşüncələri, həyat və siyasətinə geniş yer ayırım. Kitab Mandelanın 100 illiyi ərəfəsində 42 ölkənin üzv olduğu Davamlı Sülh və İnkişaf naminə Beynəlxalq Fondun təşəbbüsü ilə yayımlandı. Fondun sədri Azərbaycanın böyük oğlu Eldar Həsənovun əməyini xüsusi qeyd etməliyəm.



- Sizcə, Mandela bu günümüzü necə şərh edərdi?

- Mandela ictimaiyyətdən itib, kütlə qarşısında çıxışlarını dayandırdıqdan sonra dünyanın durumu daha da vahiməli oldu. Neqativ tendensiyaların artması planeti yavaş-yavaş məhvə aparır. Süni krizislər, müharibələr, kütləvi informasiya vasitələrinin yaydığı yanlış informasiyalar, iqlimin faciəvi dəyişməsi, nüvə savaşlarının qorxusu, qaçqınların həyat uğrunda çırpınışları, hələ üstəlik koronavirus bəlası... Bütün bu qəzaların qurbanları mərhəmətimiz və duyğularımızdır. Hərdən elə düşünürəm ki, şər xeyirdən daha tez böyüyüb yayılır. İndi dünyanın bunun əksinə inandıra biləcək işıqlı insanlara ehtiyacı var. Yalnız Mandela kimi güclü liderlər bu vəzifənin öhdəsindən layiqincə gələ bilərlər. Bu gün planetə kölgə salan problemlər var. Birincisi irqi ayrıseçkilikdir. İkincisi neoliberalizm adlı tragikomik müasir köləlikdir. Mandela həm köləlik, həm də rasismə qarşı əzmlə vuruşurdu. Dərisinin rənginə görə alçalmanın, köləliyin nə olduğunu ondan yaxşı bilən yox idi. Mandela azadlığın elmini yaratmışdı. Əminəm ki, bu günümüzdə neoliberalizmlə mübarizə aparardı. Filosof kimi əfv etmək, birləşmək naminə yaratdığı “yeni humanizm” formulunu dünyaya yayardı. Mandela tək Cənubi Afrikanın deyil, bütün planetin yenilənməsi, təmizlənməsi üçün çalışırdı. Biz diqqət uğrunda müharibə dövründə yaşayırıq. Mandela bu savaşda da insanlığın xeyrinə mübarizə aparardı. Çünki lider media ilə dost olmalıdır. Onu bütün jurnalistlər çox sevirdilər, qısa müddətdə mətbuatın ulduzuna çevrilmişdi. Musiqiçilərin, rəssamların dostu olmağı bacarmışdı. Opra Uinfrinin şousunun qonağı olmuşdu. Milyonlarla insan onun çıxışlarını səbrsizliklə gözləyirdi. Əminəm ki, Madiba indi yaşasaydı, sosial şəbəkələrdən fəal şəkildə istifadə edib, mənəvi dəyərləri, xeyirxahlığı virus kimi yayardı. Bu onun əsas uğuru idi.

- Bəs sizin üçün uğur nədir?

- Mandela insanları klassik uğur formuluna görə dəyərləndirmirdi. O, hesab edirdi ki, uğurun faizi neçə dəfə yıxılıb-qalxmağımızla ölçülməlidir. Mən də belə düşünürəm. Uğurunuz ən ağır durumunuzda ruhunuzun büründüyü inamınız, ümidiniz qədərdir. Elə bu günkü vəziyyətimiz kimi... Mənəvi dünyamızı zənginləşdirmək üçün çox əlverişli şərait yaranıb. Nə qədər dərinə yıxılsanız, bir o qədər də uca zirvəyə qalxa bilərsiniz. Hər çöküşünüzdən dərs alıb daha tez sağalırsınızsa, bu sizin ən böyük uğurunuzdur. Bəli bu çətindir, amma mümkündür. Mənim üçün Mandela, Qandi, dahi serb alimi Nikola Tesla, Opra Uinfri kimi mükəmməl insanlar uğur sözünün sinonimidir. Bütün üstün keyfiyyətlərindən əlavə həm də ona görə ki, ömürlərini insanlara xidmətə həsr ediblər.



- Bohem insana xarakteristika verməyinizi istəsəm?

- Həyatım başdan-başa hobbidir. Artıq əsl peşəmin nə olduğunu unutmuşam. Amma bilirəm ki, bu azadlıq mənə özümü hər gün yenidən kəşf etmək imkanı qazandırır. Hazırda memarlıq və dizayndan zövq alıram. Hətta yaxta alıb, içərisinin dizaynını özüm etmişəm. Anamla birgə yaşadığımız mənzilin dizaynı da mənə məxsusdur. Maraqlıdır ki, yaxtam dünya memarlıq birliyinin diqqətini çəkməyi bacardı. Ümumiyyətlə çox zərif və ecazkar haldır ki, artıq insanlar öz yaxtalarında yaşamağa üstünlük verirlər. Mənim üçün dənizin dalğalarının qovub gətirdiyi külək ana planetin laylasıdır. Təəssüf ki, musiqi alətlərində ifa etməyi bacarmıram. Dünyaca məşhur yazıçı Artur Klark müsahibəmizdə etiraf etdi ki, pianoda ifa etməyi öyrənəndə 80 yaşı varmış. İşinizi hobbiyə çevirin. İnanın ki, həyatdan usanmayacaqsınız. Qəlbinizdəki uşağı da qoruyacaqsınız.

- İçinizdəki uşaq nə istəyir? Sevilmək, yoxsa sayğı qazanmaq?

- İçimdəki uşağın sevgi qıtlığı heç vaxt olmayıb. Ömrüm boyu sevgi yağışına bürünmüşəm. Buna görə taleyimə minnətdaram, mənə yönələn məhəbbət selini geri qaytarmağı da bacarıram. Amma müdrikcə düşünsək, hörmət, sayğını seçərdim. Təbii ki, sevgi aclığı çəkənlər, əksini deyərlər. Əminəm ki, məhz bu günkü Vesnanı müdrik münasibət xoşbəxt edə bilər.



- İstənilən halda düşünürəm ki, çağdaş insanın xoşbəxtliyi axsayır. Qacetlər, texnologiya emosiyaları da öldürüb sanki...

- Eynən! Texnologiya aramızdakı məsafəni artırdı, emosiyalarımızı kütləşdirdi, gözəgörünməz sədd çəkdi önümüzdə. İnsanlarda etinasızlıq və digər mənfi cəhətləri pik həddə çatdırdı. Süni intellekt, yaxud Artur Klarkın dediyi kimi “AL” hamımızı məhv etmək iqtidarındadır. 5G texnologiyası o qədər güclü şüalanmadır ki, milyonların xəstəliyi və ölümü ilə nəticələnir. Hətta artıq inkişaf etmiş ölkələrdə 5G antenalarını söküb atırlar. Bir sıra ölkələr bu “inkişaf”a yox deyiblər. Düşünürəm ki, müdrik siyasətçilər öz xalqlarının rifahını hər şeydən üstün tutacaqlar. Bütün hallarda üzərimizə düşən vəzifə sevgini, vicdanı qorumaqdır. Bəli texnologiyasız yaşamaq artıq mümkünsüzdür. Bu gerçəklə barışıb, birliyimiz üçün yeni üsullar axtarmalıyıq... (ardı var)шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.