Vüqar Bayramov: “Əmək pensiyası üçün tələb olunan 12 illik stajın ləğv edilməsi müsbət haldır”

14-03-2017, 09:40           

Vüqar Bayramov: “Bu paketə pensiya yaşının artırılması ilə bağlı maddənin daxil edilməsinə ehtiyac yox idi”

“Yeni Müsavat”ın “Bizim qonaq” rubrikasında bu dəfə müsahibimiz iqtisadi ekspert Vüqar Bayramovdur. Onunla son günlərin ən aktual iqtisadi mövzularını, «Pensiya haqqında» Qanuna edilən dəyişiklikləri, bazarlarda yaşanan bahalaşmanı, manatın məzənnəsi ilə bağlı proqnozları və sair məsələləri müzakirə etdik.

- Vüqar bəy, “Əmək pensiyaları haqqında” Qanuna edilən dəyişikliklərdə cəmiyyəti ən çox narazı salan məqam pensiya yaşının 65-ə qaldırılması oldu. Ancaq bununla yanaşı, bir çox dəyişikliklər də edildi, lakin yaş məsələsinin fonunda gündəmə gəlmədi... Ümumilikdə, bu dəyişikliklərdə müsbət və mənfi məqamlar nələrdir?


- Bu dəyişikliyə iki aspektdən yanaşmaq lazımdır. Birincisi, həm kişilər, həm də xanımlar üçün pensiya yaşının 65-ə çatdırılmasıdır. İkincisi, pensiya islahatı paketində olan digər islahatlar. Praktik olaraq pensiya paketinə olan digər islahatlar müzakirə olunmadı. Mən birmənalı şəkildə bu paketdəki bəzi dəyişiklikləri müsbət qiymətləndirirəm. Lakin hesab edirəm ki, bu paketə pensiya yaşının artırılması ilə bağlı maddənin daxil edilməsinə ehtiyac yox idi. Pensiya yaşının artırılması üçün iqtisadiyyatın stabilləşməsi olduqca vacibdir. Nəzərə alsaq ki, hazırda postneft dövrünə keçid prosesini yaşayırıq, cəmiyyətin diqqətini cəlb edən bu tip məsələlərin islahatlar paketinə daxil edilməməsi daha yaxşı olar. Pensiya yaşının artırılması pilləli şəkildə olacaq və hər il yarım il artırılacaq. Yaş həddinin 65-ə çatması bir neçə il sonra olacaq, ancaq müzakirələr indi aparılır. Yaxşı olardı ki, pensiya paketi qəbul edilərdi, ancaq oradakı yaşla bağlı maddə 2020-ci ildən başlayaraq tətbiq olunardı. Həm 3 il müddət postneft dövrünə keçid üçün yetərli olardı, həm də vətəndaşların narazılığına gətirib çıxartmazdı.


- Yaş məsələsini çıxsaq, pensiya islahatları paketində müsbət məqamlar da var..


- Etiraf edək ki, bu paketdə Qərb təcrübəsinə əsaslanaraq hazırlanmış islahatlardır. Bizim hazırladığımız bir neçə təklif, o cümlədən 12 ilik stajın ləğv olunması məsələsi də paketə daxil edilib və müsbət bir haldır. Əvvəlki qanunda problem o idi ki, vətəndaş 11 il işləyirdi, ancaq 12 il stajı olmadığı üçün pensiya ala bilmirdi. Elə vətəndaşlar var idi ki, 5 il yüksək maaşla işləyib, 25 il işləyən vətəndaşdan daha çox ödəniş edib. Lakin 12 il stajı olmadığına görə əmək pensiyası ala bilmirdilər, həmin vətəndaşların hüquqları pozulurdu. Ancaq indi ödənişlər müəyyən olunmuş limiti keçdikdən sonra həmin vətəndaşlar əmək pensiyası ala biləcəklər.


- Digər önəmli bir məqam isə odur ki, artıq vətəndaşlar yığımın 50 faizini deyil, 100 faizini ala biləcəklər. Əvvəlki qaydalara görə, vətəndaşın nə qədər yığımı var idisə, onun 50 faizi vətəndaşın pensiyası üçün saxlanılırdı, digər 50 faizi isə cari xərclər üçün, mövcud pensiyanın ödənilməsi və yığımda göstərilən xidmət üçün istifadə olunurdu. Artıq bu fərq aradan qalxıb. Vətəndaşın 50 min manat yığımı var, onun hamısı pensiya yaşına çatdıqdan sonra vətəndaşa qaytarılacaq. Bu qanunun qəbul edilməsi də vacib idi.


- Bizim təklif etdiyimiz bir məqam da nəzərə alınıb. Bu ABŞ-da olduğu kimi əmək pensiyaları ilə bağlı limit keçdikdən sonra pensiyanın alınması ilə bağlı müraciətin edilməsidir. Söhbət ondan gedir ki, əgər vətəndaş yüksək əmək haqqı ilə 15 il işləyibsə, yüksək sosial ödənişlər edibsə, artıq 15 ildən sonra xüsusi hesablama qaydası ilə minimum ödəniş məbləğini keçibsə, əmək pensiyasının alınması üçün müraciət edə və ala bilər. Çünki onun artıq minimum yığımı var, həmin yığım pensiya yaşı çatdıqdan sonra onun özünə qaytarılacaq. Artıq hissəsi isə mərhələli şəkildə vətəndaşın özünə qaytarılacaq. Nəticədə yüksək sosial ödəniş edən vətəndaşlarımız pensiya yaşına çatmağı gözləmədən bu məbləği ala biləcəklər. Bu, ABŞ da daxil olmaqla, əksər ölkələrdə tətbiq edilən bir praktikadır. İslahatlar paketini bu istiqamətdə ümumiləşdirsək müsbət məqamlar var. Razılaşmadığımız yeganə məqam yaşın artırılmasıdır.


- Vüqar bəy, cəmiyyət üçün hər zaman aktual olan məsələlərin başında yenə də manatın məzənnəsi ilə bağlı proqnozlar gəlir... Sizcə, manat hazırkı stabilliyini qoruyub saxlaya biləcəkmi? Hazırda milli valyutamızın möhkəmlənməsini şərtləndirən hansı iqtisadi amillər var?



“Artıq vətəndaş pensiya fonduna ödədiklərini 100 faiz ala biləcək”

- Dekabr ayında valyuta bazarında dollar qıtlığı var idi və bu öncədən proqnozlaşdırılırdı. Çünki xarici borc öhdəlikləri var idi, səfərlər çox idi, idxal artmışdı. Dollara tələb artmışdı. Dollara olan tələbin artması yanvar ayının birinci yarısında daha çox özünü göstərirdi. Fevral ayında manatın məzənnəsində möhkəmlənmələr müşahidə olundu. Səbəb o idi ki, büdcə xərcləmələri azalmışdı. Xüsusən yanvar-fevral aylarında büdcədən şaha çox sosial istiqamətlərdə xərclər ayrılır. Dövlət satınalmaları ilə bağlı ayırmalar demək olar ki, olmur. Çünki bunun üçün müəyyən qədər vaxt lazımdır. Bu mənada dollara tələb azalıb. Digər bir məqam xarici borc öhdəliklərinin olmamasıdır. Adətən bu öhdəlikləri şirkətlər ilin sonunda yerinə yetirirlər. Əhəmiyyətli məqamlardan biri də dollarlaşma səviyyəsinin yüksək olmasıdır. Vətəndaşlar pullarını xarici valyutada saxlayıblar. Həmin vətəndaşlar konvertasiya üçün dolların bahalaşmasını gözləyir. Digər tərəfdən, dövriyyədə olan manat bazası kiçilib.

Mərkəzi Bankın hərracları vasitəsilə dövriyyədən manatın çıxarılması prosesi davam edir. Manat bazası kiçildiyi üçün dollara tələb də azalıb. Bu baxımdan fevralın əvvəllərində manatın 10 faiz möhkəmlənməsi müşahidə olundu. Manatın qısamüddətli dövrdə 1.92-dən 1.74-ə qədər möhkəmlənməsi bazarda dollar təklifini artırdı, vətəndaşlar dollar satmağa çalışdılar. Nəticədə hərraclarda da dollara tələb azaldı. Kommersiya bankları bazardan daha çox dollar cəlb edə bildi. Fevral ayı ilə bağlı diqqət çəkən məqamlardan biri də budur ki, kommersiya bankları prosesi idarə etməyə çalışdılar. Söhbət ondan gedir ki, kommersiya bankları alış və satış arasında böyük bir fərq müəyyənləşdirdilər. Dolları 1.65-ə alıb 1.85-ə satdılar. Bu da vətəndaşların dollar satışını stimullaşdırdı. Kommersiya bankları yalnız dolların alış-satış fərqlərindən xeyli gəlir əldə etdilər.

- FED-in uçot dərəcələrini artıracağı ehtimalı da artmaqdadır. Bu manatın məzənnəsinə necə təsir göstərə bilər?


- Hazırki proqnozlar tam şəkildə özünü doğrultmaya da bilər. Bəzən sorğulara görə, FED iclasa 60 faiz dəyişiklik ehtimalı ilə gedir, ancaq nəticədə qərar qəbul edilmir. Amerikada dolların məzənnəsinə ikili yanaşma var. Bir yanaşma ondan ibarətdir ki, Ağ Ev dolların ucuzlaşmasında maraqlıdır. Onlar çalışır ki, dollar ucuz olsun və ABŞ-ın ixrac qabiliyyəti artın, şirkətlər daxildə investisiya etsinlər, idxal azalsın. Bu baxımdan ucuz dollar Ağ Evə sərf edir. Amma FED dolların bahalaşmasının və ya mövcud məzənnəsinin qorunub saxlanılmasının tərəfdarıdır. Son dövrlərdə ilk dəfə olaraq FED yığıncağına iki fərqli yanaşma ilə gedir. Burada hansının qalib gələcəyini demək mümkün deyil. FED uçot dərəcələrini artırsa belə, düşünmürəm ki, bu, dolların kəskin bahalaşmasına gətirib çıxarsın.
Manata necə təsir göstərəcəyinə gəlincə, psixoloji təsirlər qaçılmaz olacaq. Ancaq iqtisadi təsirləri cüzi olacaq. Mərkəzi Bank çalışmalıdır ki, bu təsirləri azaltsın.

Psixoloji baxımdan dollara tələb artarsa, bu valyuta bazarına təsir edəcək. Bu gün manatın möhkəmlənməsi müşahidə olunduğu üçün Mərkəzi Bankın manatı qorumaq üçün daha çox psixoloji rıçaqları var. Mərkəzi Bank bütün ssenarilərə hazır olmalıdır və hər qərara uyğun olaraq öz strategiyasını formalaşdırmalıdır ki, manata təzyiq artmasın. Liberal məzənnə siyasətini həyata keçirən ölkələrin təcrübəsi onu göstərir ki, ən azı 6 ay ərzində real bazar məzənnəsinin formalaşması baş tutur.

Əgər neftin qiymətində kəskin azalmalar olmazsa, bazara müdaxilə olmazsa, Mərkəzi Bank mövcud siyasəti ilə birinci yarım ilin sonunda bazar məzənnəsinə çata bilər. Ancaq burada çox vacibdir ki, Mərkəzi Bank kommersiya banklarının bazara stimulyativ təsirlərini minimumlaşdırsın. Maliyyə Bazarlarına Nəzarət Palatası bu istiqamətdə addımlarını intensivləşdirsin. Kommersiya banklarının müdaxiləsi azalarsa, manata inam bərpa olunarsa, yarım il ərzində bazar məzənnəsi müəyyənləşdirilə bilər. Ancaq bu məzənnə hansı müddətdə dayanıqlı olacaq, bu artıq məsələnin başqa bir tərəfidir.



“FED yığıncağına iki fərqli yanaşma ilə gedir, Ağ Ev dolların ucuz olmasında maraqlıdır, FED isə bahalaşmasında...”

- İnsanları narahat edən ən önəmli məsələ bayram öncəsi bazarlarda müşahidə olunan kəskin bahalaşmadır. Manat möhkəmlənsə də bahalaşma səngimir. Bunun səbəbi nədir?


- Manat möhkəmlənərkən iş adamları bildirirdilər ki, manat 1 ay ərzində dəyər itirməsə, qiymət azalmaları baş verəcək. Artıq bir aydan daha çox vaxt keçir, manat məzənnəsini qoruyub saxlayıb, ancaq qiymətlərdə heç bir azalma yoxdur. Halbuki anbarlardakı məhsullar satılıb, yeni mallar dolların yeni qiyməti ilə alınıb gətirilir, deməli, qiymət aşağı düşməlidir. Manatla bağlı proqnozların necə olmasından asılı olmayaraq, əgər məhsulu ucuz alıblarsa, həmin xərcə uyğun qiymətə satmalıdırlar. Lakin təəssüf ki, bu baş vermir və sahibkarlar manatın möhkəmlənməsi fonunda qiymət azalmalarına getmədilər. Novruz bayramınına gəlişi isə ərzaq məhsulların tələbi yüksəldir. Bu mənada ət, qoz, fındıq daxil olmaqla bayram üçün xarakterik olan məhsulların qiymətində artım var. Bu kontekstdən yanaşanda dövlət qurumlarının bazara nəzarət etməsinə və monitorinqlər aparmasına ehtiyac var. Bu sahibkarların mənfəətin proqnozlaşdırılması və gəlir əldə etməklə bağlı yanaşmalarındakı yanlışlardan xəbər verir. Sahibkar qiyməti aşağı salarsa, daha çox satar və daha çox gəlir əldə edər. Həm də mənəvi olaraq hər bir insanın bayram süfrəsi açmasına yardımçı olar. Təəssüf ki, bizim sahibkarlarda mənəvi yanaşma yoxdur.


- Vüqar bəy, neft ucuzlaşır. “Qara qızıl”ın qiyməti ilə bağlı proqnozlar dövlət büdcəsi üçün nə vəd edir?


- Azərbaycan üçün neftin dünya bazarındakı qiymətinin 50-60 dollar intervalında dəyişməsi məqbuldur. Bir tərəfdən devalvasiyadan sonra neftdən gələn gəlirlər manat ifadəsində hökumətə daha çox vəsait xərcləmə imkanı yaradır. Digər tərəfdən, dövlət büdcəsində neftin bir barelinin 40 dollardan nəzərdə tutulduğunu yada salsaq, hazırda qiymətlərin 50-60 dollar intervalında dəyişməsi məqbuldur. Bugünlərdə neftin qiymətində azalmalar var. Hətta TEXAS markalı neft 50 dollardan aşağı düşüb,48 dollar ətrafında təklif edilir. Bu, həm bazara çıxarılan neftin həcminin artması, həm də “şist neft” və “şeyl oyl” ilə bağlı rentabelliyin artması ilə bağlıdır. OPEK hasilatın azaldılması ilə bağlı öhdəlikləri tam monitorinq edə bilmir. Beynəlxalq Enerji Akademiyasının hesablamalarına görə, ən yaxşı halda söhbət öhdəliklərin 70-80 faiz yerinə yetirilməsindən gedir. Bəzi hesablamalarına görə, qiymətləndirmələrə bu, 50 faizə yaxındır.


Qiymətlərin bundan sonra necə dəyişəcəyinə gəlincə, OPEK-in müdaxiləsi çox önəmlidir. Əgər OPEK yayda hasilatın azaldılması ilə bağlı yeni öhdəlik qəbul edərsə, o zaman qiymətlərin 50-60 dollar ətrafında stabilləşməsinə nail ola bilər. Əks halda, neft qiymətləri 40 dollara qədər azala bilər. Bu məsələdə OPEK-lə yanaşı, Rusiyanın və ABŞ-ın mövqeyi də çox önəmlidir. Çünki bu iki ölkə ən çox neft hasil edən ölkələrdən biridir. Qəbul edilən bir məqam isə budur ki, heç kim neftin əvvəlki qiymətlərini proqnozlaşdırmır. Bunun üçün iqtisadi əsaslar yoxdur. Neft ölkələri üçün əsas məsələ neftin hər bareli üçün qiymətlərin 50-60 dollar civarında stabilləşməsindən ibarətdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.