İşdən çıxarılan icra başçısından şok açıqlama: “Bunu prezidentdən özüm xahiş etmişdim...”

4-09-2015, 13:30           
İşdən çıxarılan icra başçısından şok açıqlama: “Bunu prezidentdən özüm xahiş etmişdim...”
Məlum olduğu kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bəzi icra başçılarının yerdəyişməsi baş tutdu, yeni təyinatlar və işdən azadetmələrin şahidi olduq. Məlumat üçün bildirək ki, Prezident İlham Əliyevin sərəncamı ilə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəc oğlu Fərəcov bu vəzifədən azad olunaraq Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.
Səbayel Rayon İcra Hakimiyyətinin başçısı Asif Yunis oğlu Əsgərov bu vəzifədən azad olunaraq Nəsimi Rayon İcra Hakimiyyətinin, Eldar Əzizov isə Səbayel Rayon İcra Hakimiyyətinin başçısı təyin olunublar.
İlham Əliyevin başqa bir sərəncamı ilə İradə Akif qızı Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. O, buna qədər Abşeron RİH başçısının I müavini vəzifəsində çalışıb.
Nəsib Məhəmməd oğlu Məhəməliyev isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib və vəzifəsindən azad edilən yeganə icra başçısı olub ki, onun hansısa digər vəzifəyə təyinatı baş verməyib. Bu isə haqlı olaraq ictimai rəydə Nəsib Məhəməliyevin “vurulması” kimi dəyərləndirilib. Baş verənlərlə bağlı sabiq icra başçısı Nəsib Məhəməliyevin fikirlərini öyrənmək məqsədilə “Unikal” qəzetinin baş redaktoru Asəf Rzayev onunla telefon əlaqəsi yaradıb. Qısa müsahibə zamanı Nəsib Məhəməliyev olduqca ilginc açıqlamalarla çıxış edərək, ölkə gündəminə yeni mövzular verə biləcək ifadələr səsləndirib. Həmin müsahibəni olduğu kimi diqqətinizə çatdırırıq:
- Salam, Nəsib müəllim. Sizi “Unikal” qəzetindən narahat edirik. İstərdik ki, oxucularımızı maraqlandıran bir neçə sualı cavablandırasınız...
- Buyurun.
- Nəsib müəllim, Prezidentin məlum sərəncamı ilə siz tutduğunuz vəzifədən azad olundunuz və sizinlə bağlı yeni təyinatın şahidi olmadıq. Bunu gözləyirdimizmi?
- Bəli, gözləyirdim.
- Sizdə belə bir məlumat haradan idi ki, siz vəzifədən azad olunacaqsınız? Axı, bu birbaşa ölkə prezidentinin səlahiyyətində olan məsələdir...
-Bilirsinizmi, mən hələ bir müddət öncə ölkə prezidenti, cənab İlham Əliyevə müraciət etmişdim ki, məni tutduğum vəzifədən azad etsin. Bu baxımdan məlum sərəncam mənim üçün gözlənilıməz deyildi.
- Maraqlıdır, sizi belə bir müraciəti etməyə vadar edən səbəblər nə idi? Yəni, siz hansı səbəbdən Nəsimi rayon icra hakimiyyətinin başçısı postundan getmək istəyirdiniz?
- Bilirsinizmi, bunun da öz səbəbi var. Mən artıq Milli Məclisdə təmsil olunmaq istəyirəm və qarşıdan gələn parlament seçkilərinə qatılmaq niyyətindəyəm. Mən hələ 2000-ci ildə Balakənə icra başçısı təyin olunanda, deputat olmaq istəmişəm, amma bəzi səbəblərdən bu alınmayıb
- Sirr deyilsə, deputatlığa namizədliyinizi hansı seçki dairəsindən irəli sürmək niyyətindəsiniz?
- Burada heç bir sirr yoxdur, namizədliyimiz Balakən rayonundan irəli sürməyi düşünürəm.
Sonda xatırladaq ki, Məhəməliyev Nəsib Məhəmməd oğlu 11 fevral 1961-ci ildə Balakən rayonunda anadan olub. 1982-1987-ci illərdə Kuybşev Dəmir Yolu Nəqliyyatı Mühəndisləri İnstitutunun Dəmiryol nəqliyyatında “Daşınma prosesinin idarə olunması” ixtisası üzrə, 1991-1995-ci illərdə isə Bakı Dövlət Universitetinin Hüquq fakültəsini “hüquqşünaslıq” ixtisası üzrə bitirib. 2000-2006-cı illərdə Balakən Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2015-ci illərdə isə Bakı şəhəri Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.