“Kim deyir ki, hakimiyyətin sifarişini yerinə yetirmişəm, bu, axmaqlıqdır” - deputat

12-10-2015, 21:28           
“Kim deyir ki, hakimiyyətin sifarişini yerinə yetirmişəm, bu, axmaqlıqdır” - deputat
Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov dəfələrlə rektorların, başqa vəzifəli şəxslərin Milli Məclisdə təmsil olunması əleyhinə çıxışlar edib.

O, Konstitusiyanın müddəalarını əsas gətirərək bildirib ki, vəzifəli şəxslər parlamentdə deputat olmalı deyil.

İlyas İsmayılovun bu məsələni qaldırması Milli Məclisə keçiriləcək növbəti seçki ərəfəsində özünü göstərdi.

Məsələn, hakim Yeni Azərbaycan Partiyasının (YAP) deputatlığa namizəd siyahısında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədovanın adı yox idi. Adı olan rektorların isə parlamentdə deputat mandatı qazandıqdan sonra universitet rəhbərliyindən gedəcəyi gözlənilir.

İlyas İsmayılov Modern.az saytına açıqlamasında deyib ki, onun qaldırdığı məsələnin qismən həll olunması yaxşı göstəricidir.

“Mən bu məsələni gündəmə gətirdim. Hakimiyyət də sağ olsun ki, mənim təklifimi nəzərə alıb”,-deyə o bildirib.

Partiya sədri qeyd edib ki, rektorlar və vəzifəli şəxslərin deputat olması ilə bağlı problemi gündəmə gətirərkən hakimiyyətdəki hansısa qanadın sifarişini yerinə yetirməyib.

“Mən hakimiyyətin sifarişini yerinə yetirməmişəm. Öz fikrimi, təklifimi səsləndirmişəm. Kim deyir ki, mən hakimiyyətin sifarişini yerinə yetirmişəm, bu axmaqlıqdan başqa bir şey deyil”.

Deputatın sözlərinə görə, yaxşı olardı ki, başqa vəzifəli şəxslər də deputat olmasın.

Qeyd edək ki, İlyas İsmayılov 106 saylı Tovuz-Qazax-Ağstafa Seçki Dairəsindən deputatlığa namizəddir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.