Keşikçidağı ilə bağlı Tiflis və Bakıdan maraqlı təkliflər

19-07-2019, 08:53           
Keşikçidağı ilə bağlı Tiflis və Bakıdan maraqlı təkliflər
Sərhədlərin hər iki tərəfdən açılması, muzey statusu verilməsi...
“Artparalel” teleradio-prodüser mərkəzinin direktoru, Beynəlxalq Siyasi Münasibətlər və Politoloji Elmlər Mərkəzinin həmtəsisçisi və vitse-prezidenti Tengiz Txilava Keşikçidağı ilə bağlı problemin həlli üçün təkliflə çıxış edib. O qeyd edib ki, məsələnin həlli sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır: “Mövzu çox həssasdır və onu incəliklə həll etmək lazımdır. Aydındır ki, David Qareci monastırının bir hissəsi Gürcüstan, digər hissəsi Azərbaycan ərazisində yerləşir. Məsələnin həlli - sərhədlərin hər iki tərəfdən açılması və turistlərin bir ölkədən digərinə keçərək kompleksə tam baxa bilmələri, din xadimlərinin ibadət etmək üçün bütün müqəddəs yerlərə buraxılmasındadır”.

Bəs bu təklif əslində sözügedən məbədin-ərazinin neytral zona kimi qəbul edilməsi təklifi sayıla bilərmi və qəbul ediləcək təklifdirmi?

Politoloq Nəzakət Məmmədova “Yeni Müsavat”a bildirdi ki, sovet imperiyası keçmişdə sərhədləri elə cızıb ki, gələcəkdə yeni münaqişələr üçün zəmin olsun. Bu baxımdan Keşikçidağ məbədi Gürcüstan və Azərbaycan arasında təfriqə mənbəyidir. Baxmayaraq ki, iki ölkəni birləşdirən çoxmilyardlıq layihələr, investisiyalar və s. var, amma bir məbəd üzərindən zaman-zaman təxribatlar üçün spekulyasiyalar müşahidə edilir: “İki ölkə sərhədlərinin delimitasiya və demarkasiya prosesi başa çatana qədər məbəd ətrafı xüsusi rejimli ərazi hesab oluna bilər. Oraya giriş-çıxışın dəqiq vaxtı müəyyənləşdirilməli, xüsusi təhlükəsizlik tədbirləri görülməli, təxribatları önləmək üçün xüsusi qaydalar hazırlanmalıdır.

Ümumiyyətlə, müqəddəs məbədgahlar, kilsələr, məscidlər bir çox hallarda dövlətlərarası münasibətlərdə gərginliyə yol açıb. Gürcüstan üçün məbəd kimi önəmli olan Keşikçidağ Azərbaycan üçün alban irsinin abidəsi kimi önəmlidir. Mən şəxsən Keşikçidağın Ayasofiya kimi muzeyə çevrilməsinin tərəfdarıyam. Hazırda həmin məbəd ziyarətgah yeri olduğu üçün, yəqin ki, ora giriş sərbəstdir. Lakin muzey statusu alarsa, ibadətgah kimi yox, mədəni abidə kimi rejim müəyyən edilə bilər. Gürcü tərəfinin buna narazılığı olsa da, nəzərə alaq ki, abidə üzərində Azərbaycanın ən çox hüququ var. Bizim ərazimizdə yerləşir, qədim əcdadlarımız olan albanların irsidir".

Politoloq vurğuladı ki, Gürcüstan Azərbaycan kimi qiymətli müttəfiqlə münasibətlərinə xələl gətirməməlidir. Odur ki, məbədin ümumdünya sivilizasiyasına töhfə kimi muzeyə çevrilməsi münaqişəli vəziyyətdən ən doğru çıxış yolu olardı.

Yeni Azərbaycan Partiyasının İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə isə bildirib ki, Azərbaycan və Gürcüstan istənilən məsələni qardaşlıq və beynəlxalq hüquq əsasında həll etmək bacarığındadır: “Məbəd Azərbaycan ərazisində yerləşir və bu, 1963-cü ildə Gürcüstan SSR Ali Sovetində təsdiq edilmiş topoqrafik xəritədə təsbit edilib”.

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov isə bildirib ki, yaranmış vəziyyətə uyğun olaraq Azərbaycan öz siyasətini aktivləşdirməli və təşəbbüsü ələ almalıdır. İlk növbədə kənar qüvvələrin dəstəyi ilə həyata keçirilən təxribatların qarşısını alaraq münaqişənin yaranmasına imkan verməməlidir. Bu məqsədlə Gürcüstanla danışıqlar prosesi daha aktiv fazaya keçirilməlidir: “Keşikçidağ ərazisində xüsusi şəraitin yaradılmasına çalışılmalıdır. Yəni ora gələn ziyarətçilər və turistlər özlərini rahat hiss etsinlər. Təbii ki, Keşikçidağ məbəd ərazisi Azərbaycanın ərazisi olaraq qalmalıdır. Orada gələn turistlərin təhlükəsizliyini təmin etmək, hər hansı təxribatlara yol verilməməsi üçün müştərək qurum yaradılmalıdır. Ora hətta Azərbaycandan gələn turistlərin də səfərlərini təşkil etmək yaxşı olar. Bu onlar üçün maraqlı olar. Belə bir layihə reallaşdırılsa yaxşı olardı.

Yəni münaqişə tendensyasının qarşısını almaq üçün alterativ tendensiya ortaya qoyulmalıdır. Bu, birgə əməkdaşlıq tendensiaysı olmalıdır. Burada Azərbaycan daha fəal olmalıdır. Prosesə sərhədlərin delimitasiyası və demorkasiyası ilə bağlı komissiyası ilə yanaşı, mədəniyyət, turizm, hətta dini qurumlara aid müvafiq təşkilatlar da cəlb oluna bilər".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.