“Boz qurd” batalyonunun komandiri: “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar”

28-01-2020, 16:22           
“Boz qurd” batalyonunun komandiri: “İranlı generallar Bakı ilə İrəvanı səhv salırlar”
“Mən şəxsən Dağlıq Qarabağ döyüşlərində bizimlə eyni səngərdə döyüşən hər hansı iranlı zabit və ya əsgərlə qarşılaşmamışam. Əksinə, hansı erməni postunu ələ keçirmişik, orda mütləq İran istehsalı olan ərzaq, silah-sursat görmüşük.

Ovqat.com xəbər verir ki, məşhur “Boz qurd” batalyonunun komandiri Nurəddin Xoca iranlı general Noi İqdamın Urmiyanın Lütfəli Xan məscidində dilə gətirdiyi fikirləri şərh edərkən belə deyib.



Məlumat üçün bildirək ki, İran generalı həmin çıxışında Qarabağın azad olunması əməliyyatlarına komandanlıq etdiyi, xeyli sayda ermənini öldürüb Araz çayına tökdüyü və işğal altındakı torpaqlarımızın bir hissəsini alıb Azərbaycana verdiyi iddiasını irəli sürmüşdü. Onun sözlərinə görə, hətta Dağlıq Qarabağı işğaldan azad etmək planı hazırlayıb Heydər Əliyevə veribmiş. Heydər Əliyev isə “bu planın həyata keçməməsi üçün gizlində Amerika və sionist rejimi ilə razılaşıbmış.”



Noi İqdamın cəfənfiyyat danışdığını iddia edən Nurəddin Xoca İranın sadəcə iki dəfə Azərbaycanın xeyrinə tərəfsizlik nümayiş etdirdiyini bildirib: “Bunlardan biri 1994-cü ildə həyata keçirilən Horadiz əməliyyatıdır. Azərbaycan ordusunun ən uğurlu əməliyyatlarından olan Horadiz döyüşlərində kəşfiyyatçılarımız İranla sərhədimizdəki neytral zonadan istifadə edərək düşmən qüvvələrinin arxasına keçmişdilər. Əməliyyatda mühasirəyə düşmək problemi ilə qarşılaşan ermənilər ağır itki verərək həmin əraziləri tərk etmək məcburiyyətində qalmışdılar. Qəsəbə ilə yanaşı Füzulinin 20 kəndi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunmuşdu. Həmin əməliyyat zamanı İranın bizə etdiyi yeganə yaxşılıq bu olmuşdu ki, əsgərlərimizin düşmən arxasına keçməsi barədə məlumatı erməni tərəfinə verməmişdi. Həmin əməliyyat tamamilə bizim öz əsgərlərimiz və zabitlərimiz tərəfindən həyata keçirilib. İrandan hansısa hərbçininin həmin əməliyyatda iştirak etməsinə dair hər hansı məlumata malik deyiləm”.



İranın bizim xeyrimizə ikinci tərəfsizliyi Zəngilanın boşaldılması zamanı Araz SES-də bəndi bağlaması olub. O zaman ermənilər mühasirədə qalan əliyalın Zəngilanı qıra bilərdilər. Azərbaycan hakimiyyətinin xahişilə İran Araz çayı üzərindəki bəndi bağladı və su aşağı düşdü. Zəngilanlılar da Arazın üzərindən rahatlıqla İrana keçə bildilər”.

Batalyon komandirinin fikrincə, İranlılar bunu etməyə bilməzdilər: “Çünki o zaman Zəngilanda dəhşətli qırğınlar yaşanar və İrandakı azərbaycanlılar öz soydaşlarının genesidinə laqeyd qalmazdılar. İran məhz bu səbəbdən o vaxt həmin addımı atmışdı. Üstəlik, burada söhbət Azərbaycanın ərazisini işğaldan azad etməkdən yox, əksinə ermənilərə verməkdən gedir”.



Nurəddin Xoca iranlı generalın Azərbaycan hakimiyyətinə səslənişinə də öz münasibətini bildirib. Onun sözlərinə görə, Azərbaycan xalqının öz torpaqlarını işğaldan azad etmək üçün kifayət qədər imkanları var: “Xarici dövlətlərin, o cümlədən qonşularımızın bu məsələdə neytrallıqlarını qoruması bizə göstərilmiş ən böyük dəstək olar. Xüsusilə, İranın İŞİD-dən azad etdiyi İraqın hazırda düşdüyü vəziyyət xarici ordular tərəfindən azad olunmağın nə anlama gəldiyini bütün çılpaqlığı ilə göstərir. İraq İŞİD-dən azad olunsa da, İranın işğalı altına düşdü, indi isə bu işğala qarşı döyüşür. Azərbaycan da eyni tale ilə üzləşməməsi üçün öz torpaqlarını özü azad etməlidir”.

Qeyd edək ki, İran generalı Azərbaycan hakimiyyətinə səslənərək demişdi: “Siz həqiqətdə Qarabağı geri almaq istəmirsiniz. Siz Qarabağın işğalını bəhanə edərək fövqəladə vəziyyət elan edibsiniz ki, öz müxaliflərinizi aradan qaldırasınız. Əgər Qarabağı azad etmək barədə sözləriniz doğrudursa, onda İrana gəlin və bizim Rəhbərimizdən icazə alın, biz də 4 ay ərzində Qarabağı azad edək. Qarabağın işğal altında qalmasının səbəbi Azərbaycan Respublikasının Amerikanın ətəyindən yapışmasıdır.”



Sonra Nurəddin Xoca onu da əlavə etdi ki, iranlı generallar da bizim bəzi saxta milli qəhrəmanlarımıza oxşayırlar: “Bəlkə bir dəfə də Dağlıq Qarabağ torpağına ayaq basmayan elə adamlar çıxır ki, dediklərinə inansaq, nəinki Qarabağda, heç Ermənistanda bir nəfər erməni qalmamalı idi. İranın da bir çox generalı Dağlıq Qarabağda döyüşdüyünü və əməliyyatlara rəhbərlik etdiyini bildirir. Bunlardan biri də general Məqsud Həqiqətpurdur. Bu qədər İranlı generalın iştirak etdiyi əməliyyatlarda Azərbaycan torpağının 20%-ni itirbsə, belə çıxır ki, ya həmin hərbçilərin kifayət qədər döyüş qabiliyyətləri olmayıb, ya da bizə yox, erməniyə çalışıblar. Görünür, bu adamlar Bakı ilə İrəvanı səhv salırlar. Mən o söz qəhrəmanlarına məsləhət görərdim ki, konkret danışsınlar. Haranı, hansı vaxt, hansı batalyonlarla birlikdə azad ediblər?”

Biz də Ovqat.com olaraq, M.Həqiqətpurun öz fikrini əsaslandırmaq üçün yaydığı video-görüntünü təqdim edir və hər iki iranlı “qəhrəman”a səslənirik: Qərar verin artıq, əməliyyatlara hansınız komandanlıq edirdiniz?













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.