AYA SOFYADAKI RUS SƏSSİZLİYİ: katolik Avropaya qarşı Putin-Ərdoğan ittifaqı haçanacan sürəcək?- TƏHLİL

6-08-2020, 08:00           
AYA SOFYADAKI RUS SƏSSİZLİYİ:
Nəzakət MƏMMƏDOVA, politoloq



Türkiyə Dövlət Şurasının onuncu palatası Nazirlər kabinetinin 24 noyabr 1934-cü il tarixli qərarını ləğv edərək, Aya Sofyanın muzeydən məscidə çevrilməsinə dair qərar qəbul etdi.

Bizans dövründə kilsə, Osmanlı dövründə məscid, Cümhuriyyət dövründə isə muzey olan Aya Sofiyanı Ərdoğan yenidən məscidə çevirdi və bu, xristian dünyasında müəyyən narazılığa səbəb oldu. Lakin qəribə olan odur ki, bu hadisə, gözlənildiyi kimi, xristian aləmində elə böyük bir etiraz dalğası yaratmadı, nəinki Türkiyəyə düşmən müsəlman ölkələrində.

ABŞ dövlət katibi, inanclı katolik hesab olunan Mayk Pompeoya, Gürcüstan patriarxlığından tutmuş YUNESKO-ya qədər etirazlar oldu, lakin bunların heç birinin hüququ qüvvəsi yoxdur. Türkiyə öz ərazisindəki istənilən tarixi abidəni muzeyə, məscidə çevirmək hüququna malikdir.

Sultan Fateh Mehmedin 21 yaşında fəth etdiyi İstanbulda ilk addımı Hayka Sofiyada namaz qılmaq olmuşdu və bu, 1934-cü ilədək davam etmişdi. Türklər bunu dədələrinin qılınc haqqıyla əldə etdiyini düşünür.

İstanbul patriarxı Varfolomey öz moizəsində milyonlarla xristianın islama qarşı çevriləcəyini söyləsə də, Roma Papası sadəcə bu qərarın onun üçün ağrılı olduğunu bildirməklə kifayətləndi. Lakin Vatikan Türkiyə ilə münaqişəyə girişmədi. Türkiyə katolik yepiskopluğu bildirdi ki, “biz hüquqi statusdan məhrum kilsəyik, əlbəttə, oranın muzey olaraq qalmasını istərdik, ancaq Türkiyənin daxili işlərinə müdaxilə edə bilmərik”.

İstanbul erməni patriarxı II Saak Maşalyanın fikri isə çox ekzotik oldu. O, Aya Sofyanın bütün dinlər üçün ibadət yeri olmasını təklif etdi.

Moskva patriarxlığı da bəyan etdi ki, Aya Sofya milyonlarla xristian üçün müqəddəs yerdir, pravoslavlar üçün isə Bizansın və pravoslavlığın mərkəzidir.

Xristian aləminin ən böyük din xadimlərinin, kilsələrin belə, Aya Sofya məsələsini Türkiyə ilə xristian-müsəlman qarşıdurmasına çevirmək istəmədiyi bir zamanda ən böyük xəyanət yenə də Misir və Suriyadan gəldi. Sisi rejimi Türkiyəyə qarşı öz qərəzli münasibətini gizlədə bilmədi. Misir müftisinin başçılıq etdiyi Misir Fətvalar Evi olan Dar əl-İfta İstanbulun Osmanlılar tərəfindən fəthini “işğal”, Müqəddəs Sofyanı məscidə çevirməyi isə “uğursuz hadisə” adlandırdı. Misirin xristian icmaları da onlara qoşuldu və Türkiyəni qınadılar. Misir Kopt pravoslav kilsəsi bəyan etdi ki, “rəsmi Qahirənin bizim sərhədlərimizin və milli təhlükəsizliyimizin təmin olunmasına yönəlmiş bütün fəaliyyətlərini dəstəkləyirik”.

Bəli, koptlar Misirin çevriliş yolu ilə hakimiyyəti ələ keçirmiş prezidenti Əbdülfəttah əl-Sisini dəstəkləyir.

Əl-Sisi özü xristiandır və Türkiyənin dəstəklədiyi “Müsəlman qardaşları”na nifrət edir, onun lideri Mursiyə edam hökmü çıxardı. Türkiyə və Misirin arasında Liviya məsələsində də böyük qarşıdurma var.

Digər xristian icmaları – Yevangelistlər də onlara qoşuldu və Türkiyəyə qarşı Sisi rejiminin yanında olduqlarını bildirdilər.

Suriya da Aya Sofyaya oxşar kilsə tikməyə qərar verib. Artıq bu aydan etibarən, ölkənin Qərbindəki Hama əyalətində inşaat işlərinə başlanacaq. “Əl-mudun” qəzetinin yazdığına görə, Hama yeparxiyasının mitropoliti Nikola Baalbaki bu ideyanı dəstəkləyib və Rusiya Dövlət Duması da bu təkliflə razılaşıb.

Yunanıstan isə ən çox hay-küy qaldırıb. Kilsələrdə matəm zəngləri çalınıb, dövlət bayraqları yarıyadək endirilib. Afinanın və bütün Elladanın arxeyepiskopu II İeronim Konstantinopolun və Müqəddəs Sofya məbədinin azad olunması naminə dualar səsləndirib.

Xristian ölkələri arasında ABŞ daha təmkinli davranmağa çalışdı və Türkiyə ilə bağlı hər hansı sərt bir bəyanat qəbul etmədi. ABŞ Türkiyəyə başqa bir məsələdə – İraq yezidiləri və xristianları ilə bağlı irad bildirdi. ABŞ Beynəlxalq dini azadlıqlar komissiyası Türk hava qüvvələrinin İraqın şimalına aviasiya zərbələrini dayandırmağa çağırdı. Təşkilat rəhbərliyi bəyan etdi ki, ” İraqda və Suriyanın şimal-şərqində aparılan əməliyyatlar Türkiyənin bunu daxili təhlükəsizlikdən yox, regional ambisiyalardan irəli gələrək etdiyini göstərir. Lakin Ankara bunu cəzasız qalacağına güvənərək edə bilməz. Biz Ağ Evi İraqın şimalı və Suriyanın şimal-şərqindəki bütün köməksiz dini azlıqları bütün diplomatik və iqtisadi təzyiqlərdən istifadə etməklə Türkiyənin hərbi əməliyyatlarından qorumağa çağırırıq”.

Rusiya Dövlət Dumasının Suriyadakı Aya Sofyaya oxşar məbəd məsələsinə dəstəyindən fərqli olaraq, ölkənin siyasi rəhbərliyi məsələyə daha təmkinli yanaşdı, Putinin sözçüsü Peskov bunu “Türkiyənin daxili işi” adlandırdı. Halbuki Rusiya Bizansın mənəvi varisi hesab edilir və Putinin siyasəti Üçüncü Romanın – Moskvanın dünya siyasətindəki rolunun artmasına yönəlib. Burada o, öz adaşı, Rus Pravoslav Kilsəsi tərəfindən müqəddəslər sırasına daxil edilmiş, 988-ci ildə rus torpağında xristianlığı qəbul etmiş Vladimirin siyasətinə daha çox üstünlük verir.

Putin heç də emosional qərarlar qəbul etmir, hər şeyə təmkinlə və ölçülüb-biçilmiş tərzdə qiymət verir. Rusiya Bizansın dini-mənəvi varisidirsə, Türkiyə onun maddi irsinin, torpaqlarının varisidir və bu, iki ölkəni həm birləşdirir, həm də ayırır.

Putinin Rus Pravoslav Kilsəsinin tövsiyələrinə və həm də ümumiyyətlə, Rus sivilizasiyasına önəm verdiyini, Ərdoğanın isə Osmanlı irsinə sahib çıxdıgını gördükdə, onların katolik Qərb qarşısında həm də pravoslav Bizansın mənəvi və maddi varisi kimi birgə dayandıqlarını görmək olar. Bu mənada, Putin slavyan-pravoslav, Ərdoğan isə islam-bizans sivilizasiyasının katolik sivilizasiyası ilə toqquşmasının simvollarıdırlar.

Lakin ikibaşlı bizans qartalı ilə ay-ulduzun ittifaqının nə qədər davam edəcəyini demək çətindir.

Putin I Nikolayın Krım müharibəsi ərəfəsində etdiyi kimi, bütün pravoslav xristianların himayəçisi kimi çıxış etmək istəyir. Ərdoğan islam dünyasının lideri və himayəçisi rolunu öz üzərinə götürmək niyyətindədir.

Putinin Cənubi Osetiya, Krım məsələlərindəki mövqeyi məhz buna əsaslanırdı: Rusiya sərhədlərindən kənarda yaşayan pravoslavların hüquqlarının müdafiəsi.

Ərdoğanın Qüds və Yaxın Şərq məsələsindəki mövqeyi də oxşardır: islam dünyasını birləşdirmək. Putin və Ərdoğanın siyasəti pravoslavlıq və islamın geosiyasi cəhətdən yaxınlaşmasına da təsir göstərib.

Putin də əksər ruslar kimi, Rusiyanın bir zamanlar Bizansla müqayisədə barbar olan Avropadan daha üstün olduğunu düşünür. Krımı həm də 1030 il əvvəl Vladimirin xristianlığı qəbul etdiyi torpaq, Dnepri minlərlə insanın vəftiz olunduğu “müqəddəs çay” kimi görən Putin, təbii ki, bizans mədəniyyətinin Avroatlantik sistemə, katolik sivilizasiyasına daxil edilməsinə göz yuma bilməzdi.

Putin öz siyasi, ideoloji baxışlarına görə Rus Pravoslav ideologiyasını həyata keçirən və geosiyasi strategiyasını bunun üzərində quran siyasətçidir.

Ərdoğan eyni şeyi islamla bağlı həyata keçirir. Hazırda pravoslav xristianlığın varisi Rusiyanın və islam bayrağını əsrlər boyu Avropaya daşımış Türkiyənin məqsədi katolik Avropa qarşısında birlikdir və Aya Sofya bu məsələdə sönük qalır. Türkiyə Krımın ruslara keçməsinə nə qədər səssiz qaldısa, Rusiya da Aya Sofyanın məscid elan olunmasına eyni reaksiyanı göstərdi.

Correct.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.