Hakimiyyətdə bir neçə vəzifə tutan KOMİTƏ SƏDRİ

10-04-2015, 11:10           
Hakimiyyətdə bir neçə vəzifə tutan KOMİTƏ SƏDRİ
Bu gün baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovun ad günüdür. Modern.az saytının məlumatına görə, “Dövlətqaçqınkom”un sədri 67 yaşını qeyd edir.
Ə.Həsənov1948-ci il aprelin 10-da Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olub. 1964-cü ildə Böyük Mərcanlı kənd orta məktəbini bitirib.

1964-1969-cu illərdə Azərbaycan Neft və Kimya İnstitutunun mexanika fakültəsində təhsil alıb. 1981-1985-ci illrədə Bakı Ali Partiya Məktəbində təhsilini davam etdirib.

Əmək fəaliyyətinə 1969-cu ildə "Azərneftkimyaquraşdırma" Tresti Birinci Sumqayıt quraşdırma idarəsində usta kimi başlayıb.

Sonralar həmin idarədə iş icraçısı, baş iş icraçısı, şöbə müdiri, baş mühəndis vəzifələrində işləyib. 1978-ci ildən "Kimyasənaye" İstehsalat Birliyində baş direktorun əsaslı tikinti üzrə müavini, elə həmin ildən SSRİ Kimya Nazirliyi "Sumqayıt kimyasənaye" Birliyi baş direktorun tikinti üzrə müavini, 1979-cu ildən "Üzvisintez" İstehsalat Birliyində tikinti üzrə direktor müavini, 1980-cı ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin müavini, 1980-1983-cü illərdə Sumqayıt Şəhər Partiya Komitəsinin ikinci katibi, 1983-cü ildən Sumqayıt Şəhər İcraiyyə Komitəsi sədrinin birinci müavini, 1991-ci ildən Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini, 1993-cü ildən "Azərkimya" Dövlət Şirkəti prezidentinin müavini, birinci müavini vəzifələrində çalışıb.
1997-1998-ci illərdə isə Ə.Həsənob vəzifə pilləsində bir qədər də irəliləyərək, Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsinin sədri vəzifəsini tutub.
O, 1990-cı ildə keçmiş Ali Sovetin, 1996-cı ildə isə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib.

1998-ci ilin noyabr ayında ölkə başçısı Əli Həsənova etimad göstərərk onu Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edib.

Əli Həsənov hazırda eyni zamanda Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədridir. Onun komissiya sədri kimi ölkədə narkomanlar arasında yüksək vəzifəli şəxslərin uşaqlarının olması barədə verdiyi bəyanatı ciddi rezonans doğurmuşdu.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyi 2013-cü ildə ona etimad göstərərək, bu siyasi qurumun idarəçiliyində yüksək post verib. Belə ki, 2013-cü ildə Yeni Azərbaycan Partiyasının V qurultayında onu YAP sədrinin müavini seçiblər. Bu etimad Əli Həsənovun ölkə prezidenti, YAP-ın sədri İlham Əliyevə sadiq olmağının nəticəsi sayılır.

Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 aprel tarixli sərəncamı ilə dövlət qulluğunda göstərdiyi səmərəli fəaliyyətinə görə Əli Şamil oğlu Həsənov “Şöhrət” ordeni ilə təltif edilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.