Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər

7-08-2019, 00:45           
Dörd ildən sonra gələn qisas - Manat hər an dolları çökdürə bilər
"Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər"

"Hazırda manat davamlı möhkəmlənmə təzyiqi altındadır. İlin əvvəlindən Neft Fondunun satılmayan 800 milyon dollar vəsaiti var və bu vəsait bazara çıxmayıb. Əgər bazara çıxsaydı bu gün manatın məzənnəsi çox əhəmiyyətli möhkəmlənmiş olardı. Manat devalvasiya yox, revalvasiya (bahalaşma) təzyiqi altındadır. Lakin bunun mənfi tərəfləri, müsbətdən daha çoxdur". Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib.

Məsələ ilə bağlı bank və maliyyə məsələləri üzrə ekspert Əkrəm Həsənov Sputnik Azərbaycan-a deyib ki, valyutanın qiymətini sərbəst bazar müəyyən etməlidir, yəni bu, tələb və təklifdən asılı olmalıdır: "Artıq 2 ildən çoxdur ki, manatın məzənnəsi sabit qalıb. Yəni bütün dünya valyutalarının məzənnəsi dəyişir, bizdə isə dəyişmir. Bir mənalı demək olmaz ki, manatın məzənnəsi necə olmalıdır, çünki əslində biz tələb ilə təklifi bilmirik. Mərkəzi Bank ilə Neft Fondu daimi əsaslarla bazara müdaxilə edir və qoymur ki, məzənnə dəyişsin".

Onun sözlərinə görə, Mərkəzi Bank ilə Neft Fondu istəsə manatı bahalaşdıra bilər: "Bunun üçün Azərbaycanın kifayət qədər valyuta ehtiyatı var. Neft Fondunun valyuta ehtiyatı 40 milyard dolları keçib. Bu gün Azərbaycanın təxminən 50 milyard dollar valyuta ehtiyatı var. Azərbaycanda pul bazası təxminən 10 milyard manatdır. Bu gün dövlət istəsə manatı bahalaşdıra bilər, amma bunu etmək olmaz. Məsələn, Azərbaycan bütün valyuta ehtiyatlarını bazarda satsa, bu zaman 1 dollar təxminən 22 qəpik olacaq. Amma milli valyutamızı qorumaq üçün bütün valyuta ehtiyatlarını götürüb xərcləmək düzgün olmaz və bunun effekti də yoxdur".

"Mən deyə bilmərəm ki, manat ucuzlaşmalıdır, yoxsa bahalaşmalıdır. Ancaq deyirəm ki, bütün normal iqtisadiyyatlarda olduğu kimi, manatı da Mərkəzi Bank sərbəst buraxmalıdır. Manatın məzənnəsini də bazar müəyyən etməlidir"- ekspert qeyd edib.

Onu da qeyd edək ki, iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib ki, bütövlükdə manatın məzənnəsi sabitdir və sabit olaraq qalır: "Xarici balansın müsbət olması, ixracın şaxələndirilməsi istiqamətində görülən işlər və valyuta təklifinin genişlənməsi və bazarda müsbət gözləntilər daxili valyuta bazarında əhəmiyyətli profisit yaradıb. Mən bunu Sizə məruzə etmişdim. Bütövlükdə bu gün Mərkəzi Bankın sterilizasiyası ilə birlikdə daxili valyuta bazarında 1 milyard ABŞ dollarından çox profisit mövcuddur. Bu isə bütövlükdə manatın məzənnəsinin nəinki bugünkü sabitliyinə, həm də bütövlükdə gözlənilən sabitliyinə təminat verir. Baxmayaraq ki, məzənnəmiz sabitdir, biz tərəfdaş olan ölkələrlə, ticarət tərəfdaşlarımızla xarici rəqabət qabiliyyətimizi izləyirik. Altı ay ərzində manatın real məzənnəsi 1,2 faiz ucuzlaşıb".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.