İcra başçısı karantin qaydalarını pozdu - FOTO

11-07-2020, 12:37           
İcra başçısı karantin qaydalarını pozdu - FOTO
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov sərtləşdirilmiş karantin rejimi qaydalarını pozub.

Pravda.az-ın xəbərinə görə, bu, icra başçısının keçirdiyi reydlər zamanı baş verib.

Belə ki, koronavirus infeksiyasının insanlar arasında kütləvi yayılmasının qarşısının alınması məqsədilə Xəzər rayonunda sərtləşdirilmiş karantin rejimi ilə əlaqədar olaraq Xəzər Rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və rayon hüquq-mühafizə orqanlarının nümayəndələri, eləcə də yaradılmış mobil qruplar tərəfindən rayon ərazisində əhalinin sıx olduğu məkanlarda, bütün ictimai-iaşə və ticarət obyektlərində mütəmadi olaraq reydlər keçirilir. Reydlər zamanı karantin qaydalarını pozan vətəndaşlara ciddi xəbərdarlıq olunur, barələrində protokollar tərtib edilərək cərimələnirlər. Həmçinin, sakinlərlə ictimai yerlərdə sosial məsafənin gözlənilməsi şərtilə tibbi maskalardan, dezinfeksiyaedici məhlullardan istifadənin, sanitar-gigiyena qaydalarına riayət etməyin vacibliyinə dair geniş təbliğat-izahat və maarifləndirmə işləri aparılır.

Bu çərçivədə növbəti reyd Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, RİH başçısının müavinləri və şöbə müdirləri, Bakı Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı, Rayon İcra Hakimiyyətində yaradılan Operativ Qərargahın üzvləri və hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən rayonun Binə qəsəbəsində yerləşən kənd təsərrüfatı bazarında və fəaliyyətinə icazə verilmiş ticarət obyektlərində keçirilib.

Reydlər zamanı fəaliyyətlərində nöqsan aşkar edilən bir neçə ticarət obyektləri cərimələnmiş və ciddi xəbərdarlıqlar edilib.

Bundan əlavə, rayonun digər qəsəbələrində də mobil qruplar tərəfindən gündəlik reydlər keçirilir və vətəndaşlarla maarifləndirmə işləri aparılır, sərtləşdirilmiş xüsusi karantin rejiminin tələblərinə əməl olunması ilə bağlı çağırışlar olunur.

Reydlərin keçirilməsi müsbət qiymətləndirilməlidir. Amma bununla belə karantin rejimi qaydalarına da əməl edilməlidir. Xatırladırıq ki, Operativ Qərargahın 2 iyul qərarına əsasən, virusa yoluxma dinamikasının azaldıması istiqamətindəki tədbirlər çərçivəsində bütün ölkə ərazisində ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda 5 nəfərdən artıq qruplarda cəmləşmək qadağan edilir. Xəzər rayonunda keçirilən reydlərdə isə 5-dən çox şəxs iştirak edib. Ümid edirik, rayon icra hakimiyyəti yazıdan nəticə çıxaracaq, qaydalara əməl edəcəklər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq...
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.