Psixopatların beyni normal beyinlərdən fərqlənir (ARAŞDIRMA)
Bu gün, 07:54

Yeni bir araşdırma, yüksək psixopatik xüsusiyyətlərə sahib şəxslərin beyin quruluşunda müəyyən bölgələrdə həcm fərqliliklərinin olduğunu ortaya qoyub. Bu tapıntılar, əsasən emosional tənzimləmə və impuls nəzarəti ilə əlaqəli sahələrdə cəmlənir.
Qaynarinfo xəbər verir ki, ABŞ və Almaniyadan tədqiqatçıların birgə apardığı bu araşdırma, belə şəxsləri daha yaxşı anlamaq üçün mühüm ipucları təqdim etməklə yanaşı, gələcəkdə inkişaf etdirilə biləcək reabilitasiya yanaşmaları üçün də elmi əsas yarada bilər.
Psixopatiya cəmiyyət içində ən çox yanlış başa düşülən anlayışlardan biridir. Tez-tez "şər" anlayışı ilə eyni mənada istifadə edilsə də, müasir psixiatriya bələdçilərində "psixopat" diaqnozu üçün rəsmi bir kateqoriya mövcud deyil. Bunun əvəzinə, emosional çatışmazlıq, manipulyativ davranışlar, səthi cazibə, empatiya əskikliyi və antisosial davranışlar kimi xüsusiyyətlər bir şəxsiyyət modeli olaraq qiymətləndirilir və müəyyən bir spektr daxilində dəyərləndirilir.
Bu şəxsiyyət quruluşunun daha intensiv göründüyü fərdlərin zorakı davranışa, cinayət törətməyə və təkrarlama meyillərinə daha çox sahib olduqları məlumdur. Buna görə də psixopatik xüsusiyyətlərin beyinlə əlaqəsini araşdırmaq həm fərdi, həm də ictimai səviyyədə mühüm nəticələr doğura biləcək bir sahə sayılır.
Yeni araşdırma çərçivəsində, psixopatiya səviyyəsi yüksək olan 39 kişi iştirakçının beyni funksional MRT texnikası ilə incələnib. İştirakçılar psixopatiyanın iki əsas ölçüsünü dəyərləndirən və klinik tədqiqatlarda geniş istifadə olunan 20 maddəlik PCL-R (Psixopatiya Yoxlama Siyahısı – Yenidən baxılmış) miqyası ilə qiymətləndirilib. Bu miqyasın birinci ölçüsü emosional uzaqlıq və bağsızlıqla, ikinci ölçüsü isə antisosial davranışlarla əlaqəlidir.
Psixopatiya səviyyəsi yüksək şəxslər, psixopatik xüsusiyyət göstərməyən nəzarət qrupu ilə müqayisə edilib. Julich Beyin Atlasından istifadə edilərək aparılan həcm analizləri nəticəsində, xüsusilə ikinci ölçüyə (antisosial davranışlar) uyğun gələn beyin bölgələrində nəzərəçarpacaq quruluş fərqləri aşkar edilib.
Tədqiqat nəticələri bazal qanglion, talamus və insular korteks kimi bölgələrdə həcm itkisini göstərib. Bu sahələr impuls nəzarəti, sosial idrak, mükafat qavrayışı və emosional emal kimi əsas funksiyalarla əlaqəlidir. Ümumilikdə baxıldıqda, psixopatiya səviyyəsi yüksək olan şəxslərin beyinlərində nəzarət qrupuna nisbətən təxminən 1,45% daha az beyin həcmi ölçülüb. Ən nəzərəçarpan fərqlər korteksin bəzi bölgələri, ön singulat və hipokampal formasyonun spesifik alt sahələrində toplanıb.
Əldə edilən nəticələr, psixopatiya ilə əlaqəli davranışların yalnız sosial və ya ətraf mühit faktorları ilə izah edilə bilməyəcəyini, bu halın nevroloji əsaslara da dayana biləcəyini göstərir. Tədqiqat qrupu, psixopatik meyllərin bəzi şəxslərdə inkişaf mərhələsində yaranmış beyin fərqlilikləri nəticəsində meydana çıxa biləcəyini ehtimal edir.
Bununla belə, araşdırmanın bəzi məhdudiyyətləri də mövcuddur. İştirakçı qrupunun sayının az olması nəticələrin ümumiləşdirilməsi baxımından suallar doğura bilər. Həmçinin, iştirakçıların tədqiqat zamanı maddə təsiri altında olmadıqları qəbul edilsə də, keçmişdə uzunmüddətli maddə istifadəsi beyin quruluşuna təsir etmiş ola bilər. Bu isə məlumatların interpretasiyasını bir qədər çətinləşdirə bilər.
Tədqiqatçılar, psixopatiya ilə bağlı daha geniş miqyaslı neyrogörüntüləmə araşdırmalarına ehtiyac olduğunu vurğulayırlar. Belə məlumatlar həm bu xüsusiyyətlərin erkən mərhələdə müəyyənləşdirilməsi, həm də uyğun müdaxilə strategiyalarının inkişaf etdirilməsi baxımından əhəmiyyət daşıyır.