Sahibkar sabiq icra başçısının şərikindən pulunu istədi, ölümlə hədələndi FOTO q

28-07-2020, 17:27           
Sahibkar sabiq icra başçısının şərikindən pulunu istədi, ölümlə hədələndi FOTO
20 ton gilası zay olan kiçik sahibkar Vüsal Məmmədov başına gələnlərdən danışdı
Kiçik sahibkar Vüsal Məmmədov “Uğurlu Yol” LLC-nin sahibi Sadıq İslam oğlu Ağayev tərəfindən ölümlə hədələnib. Onun “Yeni Müsavat” redaksiyasına müraciəti də bununla bağlıdır. Deyir, kiçik sahibkar kimi Azərbaycanın müxtəlif regionlarından meyvə-tərəvəz alaraq Moskvaya, həmyerlilərimizə məxsus “Fud Siti”yə yollamaqla dolanıb. Sonuncu dəfə isə daşıyıcı şirkətin günahı üzündən çətin duruma düşüb, üstəlik təhqir olunub, ölümlə hədələnib: “Bu il pandemiya ilə əlaqədar durum o qədər də yaxşı deyil. 1 ay əvvələ qədər Cəlilabad rayonundan kartof alıb “Fud Siti”yə yollamaqla dolanırdıq. Buradakı bazarlarda kartof 35 qəpiyə olanda, biz camaatdan 50 qəpiyə alıb Moskvaya göndərirdik. Camaat da qazanırdı, biz də. Kartof mövsümü bitəndən sonra gilas üçün sifariş aldıq. Xaçmaz rayonunun Qoçaqlı kəndindən 20 ton 800 kiloqram gilası alıb Moskvaya yolladıq”.

Kiçik sahibkar deyir ki, problemləri də bundan sonra başladı: “Xaçmazda Sadıq Ağayevi tanımayan yoxdur. Hamı onu keçmiş icra başçısı Şəmsəddin Xanbabayevin şəriki kimi tanıyır. “Qafqaz oyl” yanacaqdoldurma məntəqəsində oturur. Mənə dedilər ki, onun yük daşıyan maşınları var, yükü aparıb Moskvaya təhvil verəcək. Sadıq Ağayevlə görüşdüm, dedi ki, 200 yük maşını var, istədiyim qədər meyvə-tərəvəzi Rusiyada istədiyim ünvana çatdıra bilər. 20 tondan artıq gilasın “Fud Siti”yə aparılmasını istədim. Dedim ki, rəsmi müqavilə bağlayaq. Sadıq Ağayev dedi ki, o vergi-filan tanımır, pulu nağd alır yükü sağ-salamat mənzil başına çatdırır. Özü xüsusi olaraq vurğuladı ki, yolda daşınan meyvə-tərəvəzə ziyan dəysə, bunu o – yəni Sadıq Ağayev qarşılayacaq. Aramızda centelmen razılaşması oldu. Düşündüm ki, 200 yük maşınına sahib biri verdiyi sözün ağası olar”.



Vüsal Məmmədov Qoçaqlı kəndindəki bağlardan yığılan gilasın 1 kiloqramını 4 manat 50 qəpiyə almaqla qutulara yığdırıb, xüsusi aqrotexniki qaydalara riayət etməklə Sadıq Ağayevin təqdim etdiyi “DAF” markalı yük maşınına yüklədib: “1 kiloqram gilasın qutulara yığılması, xarab olmaması üçün xüsusi işlənməsi bizə 5 manat manat 50 qəpiyə başa gəldi. Sadıq Ağayevin təqdim etdiyi sürücü Fuad Məhərrəmovun iştirakı ilə gilas yeşikləri paletlərə vuruldu və yük maşınına yükləndi. Sürücü də təsdiqlədi ki, biz maşına yüksək keyfiyyətli, heç bir problemi olmayan gilas yükləmişik. Proses videoya çəkildi və yük maşını yola düşdü. Normalda yük maşını 2 günə “Fud Siti”yə çatır. Amma Sadıq Ağayevin bizə təqdim etdiyi maşın ora 4 günə çatdı. Həmin 4 günün ilk sutka yarımı sürücüyə zəng çatmadı. Gilas “Fud Siti”yə çatanda bəlli oldu ki, yolda zədələnib, bir hissəsi zay olub. Bu məsələni Sadıq Ağayevə dedik və pulumuzu istədik. Dedi ki, heç problem yoxdur, pul ödənəcək. Yalvardılar ki, malı yeşiklərdən boşaldıb arasından zədələnməyən gilasları seçsinlər, zay olmuşları müəyyən edib ziyanı ödəsinlər. Bizim razılaşma belə deyildi. Mal yolda zay olurdusa, bizə topdan satış qiyməti pulu ödənməli idi. Sadıq Ağayevə qarşı addım atıb xeyirimizdən keçdik, şərtinə razılaşdıq. Düşündük ki, növbəti dəfə xeyir götürərik. Amma nə baş verdi? Bizə vurulan ziyan 11 min 700 dollar hesablandı, Sadıq Ağayev bundan sonra cığallığa başladı, pulumuzu vermədi”.

Vüsal Məmmədov deyir ki, “Fud Siti” aqroklasterinin qaydalarına görə əgər ticarət zonasına problemli mal daxil olursa, zərər ödənməsə, həmin malı gətirən nəqliyyat vasitəsi orada saxlanılır: “Bizim işimiz malı buradan alıb yük maşınına təhvil verməkdən ibarətdir. Orada malı Elşən adlı sahibkar qəbul edir və satışını təşkil edir. “Fud Siti”də gilasların yolda xarab olduğunu görəndən sonra yük maşını problemli zonaya aparılıb. Orada mal açılıb, videoya çəkilib. Sadıq Ağayevin daşıyıcı şirkətinin nümayəndəsi olaraq sürücü Fuad Məhərrəmovdan dəymiş ziyanın ödənməsi tələb olunub. Sürücü məsələni Sadıq Ağayevə deyib. Sadıq Ağayev zərərin ödənməsinə razılıq versə də, bizim zənglərimizə ağır söyüşlərlə cavab verir, bizi təhqir edir, Xaçmaza gələcəyimiz təqdirdə ölümlə hədələyir”.

Vüsal Məmmədov deyir ki, məsələ ilə bağlı Sadıq Ağayevin şəriki olmuş Xaçmazın sabiq icra başçısı Şəmsəddin Xanbabayevin də qəbuluna gediblər: “Şəmsəddin Xanbabayev dedi ki, 7 aydır Sadıq Ağayevlə münasibətləri pozulub. Onun yanında Sadıq Ağayevə zəng etdim, yenə də məni təhqir etdi, dedi ki, gedin, kimə istəyirsiniz deyin, pulunuzu verən deyiləm. Şəmsəddin Xanbabayev də bizə kömək edə bilməyəcəyini dedi”.



Kiçik sahibkar iqtisadiyyat naziri Mikayıl Cabbarova, daxili işlər naziri Vilayət Eyvazova, baş prokuror Kamran Əliyevə müraciət edərək ona qarşı qanunsuzluqların aradan qaldırılmasını istəyib: “Sadıq Ağayev deyir ki, 200 maşını var, amma müqavilə bağlamır, bizdən pulu da əlbəəl alıb. Dövlətin vergisini ödəyirmi? Bu sual açıqdır. İqtisadiyyat nazirindən xahiş edirəm, bu məsələnin araşdırılması təmin olunsun.

Onun mənə vurulan ziyanı ödəməməsi, ölümlə hədələməsi də cinayətdir. Daxili işlər nazirindən xahiş edirəm, bu məsələ araşdırılsın, hüquqi qiymət verilsin. Baş prokurordan xahiş edirəm ki, Sadıq Ağayevin vəzifədə olan şəxslərlə əlaqələri də araşdırılsın, onun kimlərin vəzifəsinə arxayın olması, kimlərin korrupsiya əlaqələri hesabına bu cür “bespredel” əməllərə getməsi üzə çıxarılsın”.

P.S: Yazıda adı hallanan hər kəsi dinləməyə, mövqeyini çap etməyə hazırıq.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.