“8-ci kilometr” bazarında ilginc mənzərə: - dükanlar açılıb, insanların çoxu isə maskasızdır

10-08-2020, 19:23           
“8-ci kilometr” bazarında ilginc mənzərə: - dükanlar açılıb, insanların çoxu isə maskasızdır
Bu gündən Bakıda qeyri-ərzaq dükanlarının fəaliyyətini bərpa etməsi şəhərin böyük ticarət məkanlarından biri olan “8-ci kilometr" bazarında da canlanmaya səbəb olub.

Musavat.com üçün reportaj hazırlayarkən el arasında “Vosmoy” bazarı kimi tanınan ərazidə sıxlıq, müştəri izdihamı müşahidə etdik.

Bazarda geyim dükanlarının, piştaxtaların açılması hərəkətlənməni artırıb. Alıcıların ən çox müraciət etdiyi yerlər ayaqqabı satılan obyektlərdir. Ümumilikdə, geyim sektorunda al-ver səhər vaxtından qızışıb.

Müştəridən korluq çəkməyən satıcıların sözlərinə görə, bir həftə belə davam etsə, karantin dövründə üzləşdikləri zərərin müəyyən qismini qarşılaya biləcəklər.

Sərt karantin dövründə işsiz qalan bu obyektlərin sahibləri ümid edirlər ki, yenidən əvvəlki həyat qayıdacaqlar və dükanları, piştaxtaları bir daha bağlanmayacaq.

Ayaqüstü söhbətləşdiyimiz ticarətçilər dedilər ki, “Vosmoy” bazarında ən böyük zərbə geyim sahəsinə və kafelərə dəyib.

Çünki sərt karantin günlərində tikinti materiallarının, aksessuarların satışına icazə verilmişdi. Bu bazarda isə gəlirli yerlərdən biri kafelər və geyim şöbəsidir.

Bazarı gəzərkən demək olar ki, bütün geyim satılan yerlərin önündə xeyli sayda müştəri gördük. Amma vətəndaşların heç də hamısı karantin qaydalarına riayət etmirdi.

Onların arasında maska taxmayan çoxlu insan görmək olurdu. Halbuki, bazarlar sıx toplaşma, yaxın təmas olan yerlərdən biridir və yoluxma riski burada yüksəkdir. Təəssüf ki, qaydaları qulaqardı edən, məsuliyyətsiz vətəndaşlarımız kifayət qədər idi.

Yəni, bu qədər xəbərdarlıqlara, artırılan cərimələrə, gözümüzün önündəki yoluxma və ölüm sayına rəğmən nəticə çıxarmayanlar, karantinin yumşalmasını xəstəliyin tamamilə yox olması kimi qəbul edənlər var.

Bu baxımdan müşahidələrimizə əsasən əminliklə söyləyə bilərik ki, “Vosmoy” bazarına gələn müştərilərin böyük əksəriyyəti maska taxmır, sosial məsafə gözləmir.

Satıcıların isə bir çoxu qaydalara əməl etməyə çalışırdı. Ümumilikdə isə görünən mənzərədən belə nəticəyə gəlmək olar ki, bazarlarda insanların karantin qaydalarına əməl etmələri üçün ciddi şəkildə nəzarət lazımdır. Əslində vətəndaş özü səhlənkarlıq etməsə xüsusi nəzarət vacib deyil.

Elə karantin yumşaldılarkən də həm Operativ Qərargah, həm həkimlər dönə-dönə vurğuladılar ki, hər şey insanların davranışından asılı olacaq. İlk gündən isə əhalinin bazarlarda rəftarı ürəkaçan deyil.
Hər halda biz “Vosmoy” bazarında olduğumuz müddətdə apardığımız müşahidələrdən bu qənaətə gəlmişik.

Sadəcə, bazarın qapalı yerlərində tikinti materialları, mebel və s. satılan obyektlərə daxil olan zaman satıcılar müştərin diqqətinə çatdırırlar ki, maska taxsalar yaxşıdır. Di gəl, çi fayda...














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.