Xaricdən gətirilən hər köhnə avtomobildən 400-700 manat alınacaq – Qanun dəyişdirilir

3-06-2023, 00:09           
Xaricdən gətirilən hər köhnə avtomobildən 400-700 manat alınacaq –
Milli Məclisin bir neçə komitəsinin birgə iclasında "İstehsalat və məişət tullantıları haqqında" Qanuna təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

Dəyişikliyə görə, xaricdən gətirilən və istismar müddəti dörd ildən yeddi ilədək olan avtomobillərdən 400 manat, yeddi ili aşan avtomobillərdən 700 manat əlavə rüsum alınması nəzərdə tutulur.

Bu o deməkdir ki, ölkəyə gətirilən və istismar müddəti üç ili aşan avtomobillər üçün mövcud ödənişlərdən əlavə də pul tutulacaq. Ancaq bu rüsumun məbləği hələ tam dəqiqləşdirilməyib. Milli Məclisin komitə iclasında çıxış edən "Təmiz Şəhər" ASC-nin nümayəndəsi bildirib ki, bu rəqəmlər hələ dəqiq deyil, müzakirələr davam etdirilir və məbləğ dəyişə bilər.

Nazirlər Kabinetinin bu ilin martında qəbul etdiyi qərara əsasən, istismar müddəti 10 ili aşan avtomobillərin ölkəyə idxalı yasaqlanıb. Həmin qərar da daxili bazarda istifadə edilən və istismar müddəti 10 ili aşan avtomobilləri bahalandırmışdı. Artıq ölkəyə bu tip avtomobillər gətirmək mümkün deyil.

Dövlət Statistika Komitəsinin (DSK) bilgilərinə görə, ölkədə bir milyon 300 min şəxsi minik avtomobili var. Rəsmi rəqəmlər göstərir ki, Azərbaycandakı avtomobillərin cəmi iki faizinin yaşı iki ildən azdır. Avtomobillərin daha üç faizinin istismar müddəti iki-beş il aralığındadır. İstismar müddəti beş ildən 10 ilədək olan avtomobillərin toplam saydakı payı 11.9 faizdir. İstismar müddəti 10 ili aşan avtomobillərsə ölkə avtoparkının 83 faizi qədərdir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.