Poladov və Manafovsuz ekspressionizmin ağ-qara rəngləri...

10-12-2018, 10:17           
Poladov və Manafovsuz ekspressionizmin ağ-qara rəngləri...
"Bu kino çəkənlərin nazıynan çox oynayırsan haa, Kərbəlayi…” - mərhum Məlik Dadaşov sağ olsaydı “Qəmlo“nun dili ilə Azərbaycan sənətinə belə qiymət verərdi.
Ya da son söz demək imkanı yaradılsaydı Siyavuş Aslan “8 min pul alıblar məndən, oynamaqlarına bax“ deyib gileylənərdi.
Yaşar Nuri qeyri-peşəkarlıqları, duzsuz-istiotsuz, təlxək, mütrif, kəndirbaz, düşündürə, güldürə və ağlada bilməyən indiki aktyor-aktrisa heyətini görsə “sənin əyri ayaqlarından “raqatka“ düzəltməsəm, atamın oğlu deyiləm“ deyib şikayətlənərdi.
Səhnəmizin qaynanası Nəsibə xanım Zeynalova da çox güman ki, mədəniyyəti qara günə qoyanlara “əlün qurusun, əlüün“ deməkdən çəkinməzdi.
Daha kimləri sadalayaq? Həsən Turabov, Səməndər Rzayev, Mövsüm Sənani, Həsən Məmmədov, Şahmar Ələkbərov, Hamlet Qurbanov, Lütfəli Abdullayev...
Saymaqla bitib-tükənməyən, hər biri epoxaya çevrilən sənətkarların "yarpaq tökümü" başlandığı dövrümüzdə sonuncu mogikanlardan daha ikisi aramızdan getdilər - Fuad Poladovla Amaliya Pənahova...
Və bütün bu mədəni böhranın, təlatümlərin və depressiv vəziyyətin içində sonuncu işıqlı adamlardan olan Fəxrəddin Manafovu da küsdürüb teatrdan gedişinə yol açdılar.
Manafov son məktubunda nəzakətlə mədəniyyət ocağı olan teatrda mədəniyyətsizliyin ən dəhşətli cümləsini yazmışdı: "Qışqırmasan olmurdu..."
O mənzərəni təsəvvür edəndə 10-20 il sonra Azərbaycan teatr-film sənətinin hansı dövrü yaşayacağını təxmin edirsən. Etdikcə də, yalnız mədə niyyəti olan Əbülfəs Qarayevin ünvanına ən xoş "arzularını" çatdırırsan.
Fuad Poladovun dəfninə getməyən nazirdən Fəxrəddin Manafovun teatrdan bezdirilib getməsinə hansı reaksiyanı gözləmək olardı ki?
Azərbaycan mədəniyyətinin naziri də mogikanlara ayrı-seçkilik edirsə, ölkədə hansı siyasi mədəniyyətdən danışmaq olar?
Obıvatellərin aktyoru olmayan, yüksək mədəniyyət və kübarlıq daşıyıcısı, xarizmatik aktyor imicinə malik Fəxrəddin Manafovun səhnədən gedişində əks-effekt olaraq Əbülfəs Qarayevin bomboz siması canlanır - pərdələr açılır, monotonlar gəlir...
Vaqif Səmədoğlu 75 illik yubileyində "şəxsiyyətlə istedadın çulğalaşdığı iki nəhəng var - Fuad Poladovla Fəxrəddin Manafov" demişdi. Əbülfəs Qarayev miskin, cılız dünyagörüşünün nəticəsində hər ikisinə laqeydliyini gizlətmədi.
Sanki "Mədəniyyətə Düşmənçilik" nazirliyinin rəhbəridir. Nazirin bu biganəliyinin qaynağı məhz onların məğrur olmasıdır, riyakarlıqdan, yaltaqlıqdan uzaq durmasıdır. Mədə niyyətli nazir isə yaltaq, məddah sənət adamlarını, saray sənətkarını sevir.
Fəxrəddin isə "Qəm pəncərəsi" filmində canlandırdığı "Kefli İsgəndər" obrazındadır və o profildən Əbülfəs Qarayevin miskin varlığına, mədəniyyətin közünü söndürüb, təlxəklərə meydan açmasına baxır...
Vaxtilə Almaniyada bir nasist “Mədəniyyət sözünü eşidəndə əlimi tapançama atmaq istəyirəm” demişdi. Azərbaycan mədəniyyətinin keşiyində duran Əbülfəs Qarayev həmin nasisti xatırladır.
Sanki nazir "Mədəniyyət" sözünü eşidəndə əlini tapançaya atmaq və ölkənin sonuncu mogikanlarını da güllələmək, məhv etmək istəyir. Poladovun və Manafovun gedişinə susqunluqda bunu görməmək olmur.
Və xankəndili balası Fəxrəddin həmişə "Otel otağı"nda yaratdığı Kərim obrazındadır, vətənpərvərdir, mədəniyyətsiz qalan xalqın halına acıyır.
Əbülfəs Qarayev yaxşı bilər, filmdə alman ekspressionizmi hansı dövrü ifadə edir. Əgər kino zəmanəsinə oxşamalıdırsa, alman ekspressionizmi qədər öz dövrünün ovqatını əks etdirən ikinci cərəyan tapmaq çətindir.
Sanki o, dünyanın bütün bədbinliyini, ağrı-acısını və ümidsizliyini özünə hopdurub. Alman ekspressionizmi dəhşətli cərəyandır.
O dövrün ağ-qara səssiz filmlərinə baxan hər kəs ümidsizlik və qorxu, qeyri-müəyyənlik və ekzistensial həyəcan ruhunu asanca hiss edir.
Bu gün Azərbaycan mədəniyyəti də, onun teatr və kinosu da alman ekspressionizminin ağ-qara səssiz filmlərinə bənzəyir.
Manafov məktubunda necə yazmışdı: Bir növ karlıq epidemiyası yayılmışdı. Mən qışqırmaqdan çox yorulmuşdum...
AnaXeber.info












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.